30.1. Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün), Ələt azad iqtisadi zonası hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
30.2. Şəxsi səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
30.3. Şəxsi səfər vizasının rəsmiləşdirilməsi üçün dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd və bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.