QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 39

Maddə 39. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. Bu Məcəllənin 40-cı maddəsində müəyyən olunmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər və bu barədə müvafiq qərar qəbul edilir.

39.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verən rəsmi sənəddir.

39.3. Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə, ölkəni tərk edə bilərlər.

39.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

39.5. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver