Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin 13-cü maddəsinin icrasını təmin etmək məqsədilə qərara alıram:
"Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2010-cu il
1. Bu Əsasnamə Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq hazırlanmışdır və miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin və müsahibənin keçirilməsi qaydalarını müəyyən edir.
2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünya-görüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə və ya müsahibə keçirilir.
3. Miqrasiya orqanlarında vakant ştat vahidləri olduqda, qulluğa qəbulla əlaqədar mediada və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində elan verilir.
4. Müsabiqədə və ya müsahibədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri şəxsən təqdim etməlidir:
vahid forma üzrə ərizə;
şəxsiyyəti təsdiq edən sənədin surəti;
kadrlar uçotunun şəxsi vərəqəsi;
müvafiq təhsilə malik olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
3x4 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;
əmək kitabçasının (olduğu təqdirdə) təsdiq edilmiş surəti;
hərbi biletin təsdiq edilmiş surəti;
sağlamlıq haqqında arayış.
4-1. Müsabiqədə və ya müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər namizəddən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.
5. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müəyyən edilmiş qaydada yoxlanılır.
6. Orta və böyük (baş miqrasiya xidməti müşaviri və miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə nəzərdə tutulmuş vəzifələrə şəxslər bu Əsasnamənin 8-ci hissəsi nəzərə alınmaqla müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə qəbul müsahibə əsasında həyata keçirilir.
7. Müsabiqəyə "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən ali təhsilli, müsahibəyə isə ən azı tam orta və orta ixtisas təhsilli şəxslər buraxılırlar.
8. Aşağıda göstərilən şəxslər ixtisas imtahanından azad edilirlər və onlarla yalnız söhbət aparılır:
8.1. prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;
8.2. digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
8.3. hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
8.4. texnika və informasiya texnologiyaları sahələri üzrə yüksək biliyə və təcrübəyə malik olan mütəxəssislər;
8.4-1. həkim vəzifəsi üzrə qulluğa qəbul üçün müraciət edən şəxslər (praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququna və iddia etdiyi vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsinə malik olduqda);
8.5. böyük (kiçik miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə nəzərdə tutulmuş vəzifələrə qəbul üçün müraciət edən şəxslər.
9. Müsabiqə və müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Müsabiqə və Müsahibə komissiyaları (bundan sonra - Komissiyalar) yaradılır. Komissiyaların tərkibi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təsdiq edilir.
10. Komissiyaların işinə müvafiq sahələr üzrə alim, psixoloq və ekspertlər cəlb edilə bilərlər.
11. Komissiyaların iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
12. Komissiyaların iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün Komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyaların işinə qanunsuz müdaxilə yolverilməzdir.
13. Namizədlərin müsabiqəyə və müsahibəyə buraxılması, müsabiqənin və müsahibənin şəffaf üsullarla keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilir və ictimaiyyətə çatdırılır.
14. Müsabiqənin və müsahibənin müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək məqsədilə aidiyyəti dövlət orqanları cəlb oluna bilərlər.
1. 7 may 2013-cü il tarixli 893 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 9 may 2013-cü il, № 988, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 514)
2. 18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355)
3. 31 may 2023-cü il tarixli 2156 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 may 2023-cü il, “Xalq” qəzeti, 1 iyun 2023-cü il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 660)
4. 19 aprel 2024-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 aprel 2024-cü il, “Xalq” qəzeti, 20 aprel 2024-cü il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 386)
5. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI