Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlığına görə tam məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:
hərbi-siyasi vəziyyəti qiymətləndirir və hərbi təhlükənin dərəcəsini müəyyənləşdirir;
Silahlı Qüvvələrin, silahların və hərbi texnikanın quruculuğunun və inkişafının dövlət proqramlarının layihələrini, Silahlı Qüvvələrin səfərbərlik, yerləşdirilmə və tətbiq planlarını, büdcədən müdafiə üçün ayrılan məbləğlər haqqında təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
qoşunların döyüş, əməliyyat-taktiki və mənəvi-psixoloji hazırlığına rəhbərlik edir;
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini təşkil edir;
hərb elminin inkişafına rəhbərlik edir, hərbi-elmi tədqiqatları təşkil edir və keçirir;
hərbi texnikanın və digər hərbi əmlakın yaradılması, istehsalı və təmiri barədə dövlət sifarişini verir, onların hazırlanmasına, sınaqdan keçirilməsinə, istehsalına və keyfiyyətinə nəzarətin həyata keçirilməsində iştirak edir;
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qismlərinin, növlərinin, birliklərinin, birləşmələrinin və hərbi hissələrinin şəxsi heyətinin sayını müəyyənləşdirir, öz səlahiyyəti daxilində hərbi kadrları hazırlayır və yerləşdirir, hərbi rütbələr verir;
vətəndaşların hərbi xidmətə hazırlanması məsələlərinə dair qüvvədə olan qanunvericiliyin icrasında iştirak edir;
hərbi vəzifəlilərin hazırlanmasını və təkmilləşdirilməsini, vətəndaşların həqiqi müddətli hərbi xidmətə çağırılmasını və müəyyən olunmuş xidmət müddətlərini çəkib qurtarmış hərbi qulluqçuların ehtiyata buraxılmasını, hərbi qulluqçuların toplanışa çağırılmasını, həmçinin səfərbərliyi və səfərbərlikdən tərxisetməni planlaşdırır və təşkil edir;
başqa dövlətlərin silahlı qüvvələri ilə əməkdaşlıq edir;
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müdafiə məsələlərinə aid normativ aktlar qəbul edir və onların icrasına nəzarət edir;
qüvvədə olan qanunvericiliyə müvafiq surətdə hərbi xidmət keçilməsini təşkil edir və Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının, mülki heyətinin, hərbi xidmətdən buraxılmış şəxslərin və onların ailə üzvlərinin sosial və hüquqi təminatlarını təmin edir;
hərbi qurumların və təşkilatların fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təşkil edir.