Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir:

1) elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə;

2) qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə;

3) müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə;

4) fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır;

5) açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır;

6) qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla görmə qabiliyyəti tam məhdud olan şəxslər üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver