1. İfaçının bu Qanunun 33-cü maddəsi ilə müəyyən olunmuş hüquqları ilk ifa edilən tarixdən 50 il müddətində qüvvədə olur. İfaçının şəxsi hüquqları 29-cu maddədə nəzərdə tutulan qaydada müddətsiz qorunur. Fonoqram istehsalçısının bu Qanunun 34-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqları fonoqramın ilk dəfə dərc edildiyi tarixdən 50 il müddətində, əgər fonoqram həmin müddət ərzində dərc edilməmişdirsə, onun ilk yazılma tarixindən 50 il müddətində qüvvədə olur.
Efir yayımı (kabel televiziyası) təşkilatının bu Qanunun 35-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları həmin təşkilatın verilişi birinci dəfə efir (kabel televiziyası) vasitəsi ilə həyata keçirdiyi tarixdən 50 il müddətində qüvvədə olur.
2. Bu maddədə nəzərdə tutulmuş müddətlərin hesablanması həmin müddətin əvvəli üçün əsas olan hüquqi faktın baş verdiyi ildən sonrakı ilin yanvar ayının 1-dən başlayır.
İfaçının, fonoqram istehsalçısının, yayım təşkilatının bu bölmədə nəzərdə tutulmuş hüquqları vərəsələrə, hüquqi şəxslərə münasibətdə isə hüquqi varislərə bu maddədə göstərilmiş müddətlərin qalan hissələri həddində keçir.
3. Bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma müddətləri bitməmiş bütün əlaqəli hüquqların obyektlərinə şamil edilir.
IV bölmə
Müəllİflİk hüququ və əlaqəlİ hüquqlar sahəsİndə dövlət sİyasətİ və İdarəçİlİyİ