1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.
Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.
2. Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər:
yazılı (əlyazması, makina yazısı, not yazısı və s.);
şifahi (kütləvi çıxış, kütləvi ifa və s.);
səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.);
təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.);
həcmli — fəzavi (heykəl, model, maket, tikili və s.);
digər formalar. Əsərin hissələri (adı, personajı və s.) bu maddənin 1-ci hissəsində göstərilən əlamətlərə malik olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır.
3. Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir.
4. Əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil.
Maddi obyektə mülkiyyət hüququnun və ya maddi obyektə sahiblik hüququnun verilməsi qanunda xüsusi göstərilən hallardan başqa öz-özlüyündə bu obyektə ifadə edilmiş əsərə müəlliflik hüququnun verilməsinə səbəb olmur.