Qanunvericilik › Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.09.2001) › Tam mətn

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.09.2001)

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.09.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN Qərarı

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və əməyə cəlb edilmiş şəxslərin (əmək haqları vahid tarif cədvəlinə uyğun olaraq büdcədən ödənilən təsərrüfat xidmətində istifadə edilən məhkumlar istisna olmaqla) əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin büdcədənkənar vəsaiti hesabına həyata keçirilir.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 15 sentyabr 2001-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə, Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin əmək haqqının ödənilməsi şərtlərini və qaydalarını müəyyən edir.

1.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əməyi, əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə qüvvədə olan sahə əmsalları tətbiq edilməklə vahid tarif cədvəlləri əsasında ödənilir.

1.3. İş vaxtını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların aylıq əmək haqqının məbləği əməyin ödənilməsinin müəyyən olunmuş minimum miqdarından az olmamalıdır.

1.4. Natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən məhkumlara əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktiki hasilatına görə ödənilir.

1.5. Xidməti illərə görə verilən əlavələr istisna olmaqla, məhkumların əmək haqqına ağır və zərərli əmək şəraitinə görə əlavələr və əmək qanunvericiliyi ilə nəzərdə tutulan bütün növ digər əlavələr və mükafatlar tətbiq edilir.

2. Əmək haqqının ödənİlməsİ sİstemİ və növlərİ

2.1. Cəzaçəkmə müəssisəsində məhkumların əməyinin ödənilməsi sisteminin əsasını normalaşdırılmış və dəqiq uçotunun aparılması mümkün olan işəmuzd və vaxtamuzd əmək haqqı təşkil edir.

2.2. İşəmuzd əmək haqqı fərdi və kollektiv (briqada) əmək haqqı formalarına bölünür.

2.3. Fərdi işəmuzd əmək haqqı hesablanarkən məhkumun ümumi maaşı onun hazırladığı yararlı məhsulun kəmiyyətinə və hər məmulat vahidinə qoyulan işəmuzd qiymətlərə görə müəyyənləşdirilir.

2.4. Kollektiv (briqada) işəmuzd əmək haqqı forması ilə işləyən kollektivin (briqadanın) ümumi maaşı kollektiv (briqada) işəmuzd qiymətlər əsasında, onun müəyyən vaxt ərzində (növbə, həftə, ay) gördüyü işin nəticələrinə görə hesablanır. Lakin kollektivin (briqadanın) hər bir üzvünə maaş onun kollektivdə (briqadada) işlədiyi iş vaxtından və müəyyən edilmiş qaydalara əsasən ona verilmiş ixtisas dərəcəsindən asılı olaraq hesablanır.

2.5. Ümumi maaşın usta və ya briqadirin mülahizəsi ilə şərti ixtisas dərəcələri və yaxud əməkdə iştirak əmsalları tətbiq edilməklə bölüşdürülməsinə yol verilmir.

2.6. Məhkumlara vaxtamuzd əmək haqqının tətbiq edilməsinə yalnız görülən işin normalaşdırılması və dəqiq uçotunun aparılması mümkün olmayan hallarda yol verilir.

2.7. Vaxtamuzd əmək haqqı forması ilə işləyən məhkumlara gündəlik tarif (vəzifə) maaşları və işəmuzd əmək haqqı formasında işləyən məhkumlar üçün işəmuzd qiymətlər hesablanarkən, saatlıq tarif (vəzifə) maaşları əmək qanunvericiliyində nəzərdə tutulan 40 saatlıq iş həftəsi hesabı ilə müəyyən edilir.

İşçilərin ayrı-ayrı kateqoriyalarına Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və digər normativ-hüquqi aktlara uyğun olaraq qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək məhkumlar üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək məhkumlar və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş məhkumlar, həmçinin cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərindəki uşaqları olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

2.8. Məhkumların əmək haqqı, əmək haqqına xidməti illərə görə əlavələrdən başqa bütün əlavələr, mükafatlar və digər ödənişlər qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

2.9. Məhkumlara ixtisas dərəcələrinin verilməsi və onların icra etdikləri işlərin tarifləşdirilməsi fəhlə peşələrinin tarif-ixtisas sorğu kitabçalarına əsasən həyata keçirilir.

2.10. Məhkumlara ixtisas dərəcələrinin verilməsi və ixtisaslarının artırılması onların işlədikləri sahələrdəki işin mürəkkəbliyi və məhkumun nəzəri cəhətdən hazırlığı nəzərə alınmaqla həyata keçirilir. Bu işləri cəzaçəkmə müəssisələrində yaradılmış ixtisas komissiyası icra edir. Komissiyanın sədri cəzaçəkmə müəssisəsinin baş mühəndisi və ya müəssisə rəisinin istehsalat, təsərrüfat və maliyyə işləri üzrə müavini, üzvləri isə müvafiq şöbə rəislərindən və mütəxəssislərindən təyin olunurlar. Lazım gəldikdə, komissiyanın tərkibinə respublikada əmək qanunvericiliyinə nəzarət edən dövlət nəzarət orqanlarının nümayəndələri cəlb oluna bilərlər.

2.11. İxtisas komissiyasının qərarı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilərək əmrlə rəsmiləşdirilir.

Məhkuma verilmiş ixtisas dərəcəsi onun şəxsi işinə yazılır.

2.12. Məhkumlar mühafizə qurğuları istisna olmaqla, cəzaçəkmə müəssisələrinin və onların ərazisinin abadlaşdırılması üçün köməkçi işlərə cəlb edildikdə onlara əmək haqqı ödənilmir.

Məhkumlar mühafizə qurğularının bərpasına yalnız təbii fəlakət, yaxud fövqəladə hallar nəticəsində mühafizə qurğularına vurulmuş zərərin aradan qaldırılması üçün cəlb edildikdə onlara əmək haqqı ödənilmir.

3. Mütəxəssİslər və texnİkİ İcraçılar (dİgər qulluqçular)

3.1. Mütəxəssislər və texniki icraçılar (digər qulluqçular) vəzifələrini yerinə yetirən məhkumların vəzifə maaşları iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə bu vəzifələrin tarif-ixtisas sorğu kitabçalarında göstərilən əməyin ödənilməsi dərəcələrindən asılı olaraq müəyyən edilir. Bu halda vəzifə maaşlarının məbləği dövlət tərəfindən təsdiq edilmiş Vahid Tarif cədvəlində göstərilən vəzifə maaşlarının məbləğlərindən aşağı olmamalıdır.

3.2. İş stajı nəzərə alınmaqla müəyyən olunan vəzifə maaşları tətbiq olunan vəzifələrdə işləyən məhkumlara vəzifə maaşları, ixtisası üzrə iş stajı nəzərə alınmadan, birinci il üzrə təyin edilir. Əgər tibb işçilərinə sağlamlıq üçün təhlükəli və ağır (xüsusilə ağır) iş şəraiti olan müəssisə, şöbə, bölmə və vəzifələrin siyahısına əsasən artırılmış vəzifə maaşları tətbiq edilərsə, bu vəzifələrdə işləyən məhkumlara da həmin artımlar tətbiq edilir.

4. İstehsalat brİqadaları brİqadİrlərİnİn əmək haqqına əlavələr

4.1. İşəmuzd əmək haqqı forması ilə işləyən məhkumlar kollektivlərdə (briqadalarda) əsas işdən azad olunmamaqla kollektivə (briqadaya) rəhbərliyə görə məhkum briqadirlərə, briqadanın tərkibində 15 nəfərədək məhkum olduqda onun vaxtamuzd saatlıq tarif (vəzifə) maaşının 15 faizi, 15 nəfərdən çox olduqda isə 20 faizi miqdarında əmək haqqına əlavə hesablanır.

4.2. Vaxtamuzd əmək haqqı forması ilə işləyən məhkumlar kollektivlərdə (briqadalarda) əsas işdən azad olunmamaqla, briqadirliyə görə məhkum briqadirlərə, briqadanın tərkibində 10 nəfərədək məhkum olduqda onun saatlıq tarif (vəzifə) maaşının 10 faizi, 10 nəfərdən çox olduqda isə 15 faizi miqdarında əmək haqqına əlavə hesablanır.

4.3. Əsas işdən ayrılmaqla briqadirliyə icazə verilmir. Briqada müəyyən olunmuş iş normalarını yerinə yetirmədikdə, buraxılan məhsulun keyfiyyəti aşağı olduqda, material israfçılığına yol verildikdə briqadirliyə görə əmək haqqına əlavə hesablanmır.

5. Əlİllİyİ olan şəxslərİn əməyİnİn ödənİlməsİ

5.1. İşəmuzd işlərdə işləyən əlilliyi olan məhkumların əmək haqqı onların istehsal etdiyi məhsulların kəmiyyət və keyfiyyətinə uyğun olaraq işəmuzd qiymətlərlə, vaxtamuzd işləyən əlilliyi olan məhkumların əmək haqqı isə faktiki işlədikləri günlərə görə sağlam məhkumlar üçün müəyyən olunmuş saatlıq tarif (vəzifə) maaşları üzrə müəyyən edilir.

5.2. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş məhkumlar və ya əlilliyi olan məhkum uşaqlar və vərəm xəstəliyi olan orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş məhkumlar işəmuzd əmək haqqı üzrə işlədikdə, hasilat normaları sağlam məhkumların hasilat normalarından 20 faiz aşağı təyin olunur. Bu halda əmək haqqı hesablandıqda, sağlam məhkumlar üçün müəyyən olunmuş işəmuzd qiymətlər tətbiq olunur.

6.1. İşəmuzd işlərdə işləyən tələbələrin fəhlə ixtisasına fərdi qaydada yiyələndiyi dövrdə əmək haqqı aşağıdakı kimi hesablanır:

1-ci ayda—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 75 faizi;

2-ci ayda—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 60 faizi;

3-cü ayda—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 40 faizi;

4-cü və sonrakı aylarda, tələbəlik müddəti qurtaranadək—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində.

Bundan əlavə tələbələr tərəfindən hazırlanmış yararlı məhsula görə onlara həmin məhsulun hazırlanması üçün təyin edilmiş vaxt normaları və işəmuzd qiymətlərlə əmək haqqı hesablanır.

6.2. Vaxtamuzd işlərdə işləyən tələbələrin fəhlə peşəsinə fərdi qaydada yiyələndiyi dövrdə əmək haqqı aşağıdakı kimi hesablanır:

1-ci və 2-ci aylarda—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 75 faizi;

3-cü və 4-cü aylarda—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 80 faizi;

sonrakı aylarda, tələbəlik müddəti qurtaranadək—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 90 faizi məbləğində.

Peşə öyrədən fəhlənin avadanlığında peşə öyrədildikdə, işəmuzd işlərdə işləyən tələbələrin əmək haqqı da bu qayda üzrə hesablanır.

6.3. Kollektiv (briqada) tərkibində peşə öyrənən tələbələrin əmək haqqı aşağıdakı kimi hesablanır:

1-ci ayda—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 75 faizi;

2-ci ayda—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 60 faizi;

3-cü ayda—vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 40 faizi;

4-cü və sonrakı aylarda, tələbəlik müddəti qurtaranadək—vaxtamuzd 1-ci dərəcəsi fəhlənin saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində.

Bundan əlavə ikinci aydan başlayaraq tələbələrə briqadanın ümumi işəmuzd əmək haqqından vaxtamuzd 1-ci dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 100 faizi qədər əmək haqqına əlavə müəyyən edilə bilər.

6.4. İstehsalat zərurəti ilə əlaqədar olaraq məhkumlara ikinci peşəyə yiyələndikləri və ya ixtisaslarını dəyişdikləri müddətdə əmək haqqı aşağıdakı kimi hesablanır:

1-ci ayda—əvvəlki işin son üç ayından hesablanmış orta aylıq əmək haqqının 100 faizi;

2-ci ayda—əvvəlki işin son üç ayından hesablanmış orta aylıq əmək haqqının 70 faizi;

3-cü ayda—əvvəlki işin son üç ayından hesablanmış orta aylıq əmək haqqının 40 faizi məbləğində.

Bundan əlavə həmin məhkumlara ikinci aydan başlayaraq hazırladıqları yararlı məhsula görə həmin məhsulun hazırlanması üçün müəyyən edilmiş vaxt normaları və işəmuzd qiymətlərlə əmək haqqı hesablanır.

6.5. Bilavasitə istehsalatında peşə öyrənən yetkinlik yaşına çatmayan məhkumlara əmək haqqı yalnız onların müstəqil hazırladıqları yararlı məhsula görə hesablanır.

6.6. Məhkumların peşə hazırlığı müddəti onların işlədikləri sahələrdəki işin mürəkkəbliyi nəzərə alınmaqla ixtisas komissiyası tərəfindən müəyyən olunur.

7.1. Məhkumların peşə öyrəndikləri, ixtisaslarını dəyişdikləri və ikinci peşəyə yiyələndikləri tələbəlik dövrlərində əsas işdən ayrılmamaqla onlara təlim keçən ixtisaslı fəhlələrin əmək haqqı aşağıdakı kimi hesablanır:

7.2. Məhkumların peşə öyrəndikləri, ixtisaslarını artırdıqları və ikinci peşəyə yiyələndikləri dövrlərdə onları öyrədən fəhlələrin əmək haqqı həmin məhkumlar proqramda nəzərdə tutulan sınaqlardan keçdikdən sonra birdəfəlik hesablanır.

7.3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların peşə təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı əmək müqaviləsi ilə işlədikləri müəssisə və təşkilat tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq ümumi qaydalarla həyata keçirilir.

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar peşə təhsili üzrə imtahan vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.

Qeyd: Boşdayanmalara, iş vaxtından artıq işə, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işə, gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi, zay məhsul istehsal edildikdə əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

1. 7 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635)

2. 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

3. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)

4. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

5. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)

6. 7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513)

7. 10 sentyabr 2019-cu il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 sentyabr 2019-cu il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1558)

8. 21 sentyabr 2022-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1098)

9. 2 may 2024-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 may 2024-cü il, “Xalq” qəzeti, 5 may 2024-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 579)

10. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

11. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver