Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:
Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması;
Ərizəçi – məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxs;
Borclu müəssisə – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxs;
Fərdi borclu – öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar – fiziki şəxs;
Barışıq sazişi – kreditorların payına düşən ödənişlərin təxirə salınması, hissə-hissə ödənilməsi, borcların müəyyən hissəsinin güzəşt edilməsi, borclu müəssisənin yenidən təşkil olunması barədə borclu ilə kreditorlar arasında əldə edilən razılıq;
Müəssisənin aktivi – müəssisənin əsas vəsaitindən, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak;
Müəssisənin passivi – müəssisənin kreditor borcu da daxil olmaqla borc və cəlb edilmiş vəsaitdən (subvensiyalar, dotasiyalar və s. istisna olunmaqla) ibarət öhdəlik;
Sağlamlaşdırma – borclunun ləğv edilməsinin qarşısını almaq məqsədilə onun mülkiyyətçisi, kreditorlar və digər hüquqi və fiziki şəxslər tərəfindən maliyyə yardımı göstərilməsi yolu ilə borclunun ödəmə qabiliyyətinin bərpası üsulu;
Sağlamlaşdırma planı – borclunun ödəniş qabiliyyətinin bərpası və iş yerlərinin saxlanması məqsədilə kreditorun (kreditorların) tələblərinin ödənilməsi cədvəli, həmçinin əldə olunan nəticələr, istifadə olunan resurslar və mümkün risklər göstərilməklə sağlamlaşdırma prosesinin tətbiqi zamanı borclunun sağlamlaşdırılmasına yönələn və borclu ilə kreditor (kreditorlar) arasında qarşılıqlı razılıq əsasında həyata keçirilən tədbirlər kompleksini özündə əks etdirən sənəd;
Borclunun əmlakı – iflas prosesinə başlanma məqamı dövründə borclunun mülkiyyətində olan və ya onun sahibliyinə verilmiş bütün əmlak və iflas prosesinə başlanma məqamından ona xitam verilənədək əmlak inzibatçısının və (və ya) müvəqqəti əmlak inzibatçısının, habelə borclunun əldə etdiyi bütün əmlakdır. (Fərdi borcluya aid halda qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tələb yönəldilə bilməyən əmlak istisna təşkil edir);
İflas prosesinə başlanma məqamı – bu Qanunun 2-ci maddəsində müəyyənləşdirilmiş məqam;
Müflisolma məqamı – bu Qanunun 18-ci maddəsində müəyyənləşdirilmiş məqam;
Əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxs;
Müvəqqəti əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun VI fəslində səciyyələndirilmiş vəzifəli şəxs;
Müdir – borclunun təsis sənədlərinə uyğun olaraq onun təsərrüfat fəaliyyəti barəsində məcburi qüvvəyə malik olan qərarlar qəbul etmək səlahiyyəti verilmiş şəxs, o cümlədən prezident, direktor, bunların müavinləri və baş mühasib, habelə müntəzəm sərəncamlar vermək və ya hər hansı başqa yolla borclunun fəaliyyətini faktiki idarə edən digər şəxs;
Təminatlı kreditor – girov (ipoteka) saxlayan kreditor;
Təminatsız kreditor – təminatlı kreditor olmayan, bu Qanuna müvafiq surətdə tələbləri beşinci növbədə ödənilən kreditor;
Kredit təşkilatı – qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında bank fəaliyyəti göstərən, yaxud göstərmiş hüquqi şəxsdir;
Rezidentlər – Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti yaşayan fiziki şəxslər; Azərbaycan Respublikasının hüquqi şəxsləri və onların xaricdəki filialları və nümayəndəlikləri; Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik və digər rəsmi nümayəndəlikləri;
Qeyri-rezidentlər – Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşayan fiziki şəxslər; xaricdə yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar, onların Azərbaycan Respublikasında yerləşən filialları və nümayəndəlikləri; Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, o cümlədən onların filialları və nümayəndəlikləri.