1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır:
a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə;
b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə;
c) borclunu müflis elan etməkdən imtina barədə.
2. Məhkəmə iclasında baxılan iflas haqqında iş mahiyyətcə həll olunmadıqda məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar haqqında müvafiq qərar çıxarır:
a) işə baxılmanın təxirə salınması barədə;
b) iş üzrə icraatın dayandırılması barədə;
c) işə xitam verilməsi barədə;
ç) iddianın baxılmadan saxlanması barədə.
Məhkəmə qəbul etdiyi qərarlarda borcların ödənilməsi tədbirlərinin, o cümlədən borclunun əmlakını təşkil edən aktivlərin müsadirəsinin dayandırılmasını (əgər bu təminatlı kreditorun hüquqlarını pozmursa) nəzərdə tuta bilər.
3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər:
a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə;
b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.
Belə hallarda məhkəmə özünün müvafiq qərarında iflas haqqında əsassız ərizə verilməsi nəticəsində borcluya və ya kreditora (kreditorlara) dəymiş ziyanın əvəzinin ödənilməsinə dair göstəriş verə bilər.