Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Əmlak inzibatçısının hüquqları

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Əmlak inzibatçısı təyin edilmiş şəxs borclunun yeganə qanuni nümayəndəsi olur və bunula əlaqədar borclunun müdiri bu Qanunun 17-ci maddəsinə uyğun olaraq əmlak inzibatçısının ona verdiyi konkret səlahiyyətlər istisna olmaqla, öz səlahiyyətlərini həyata keçirə bilməzlər.

2. Bu Qanunun müvafiq müddəalarına uyğun olaraq məhkəmə tərəfindən təyin edilmiş əmlak inzibatçısının və kreditorlar tərəfindən təyin edilmiş əmlak inzibatçısının səlahiyyətləri eynidir.

3. Əmlak inzibatçısının səlahiyyətlərinə, onların şərhinə dair yaranmış mübahisələr əmlak inzibatçısının və ya mübahisədə iştirak edən digər tərəfin müraciəti ilə qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Mübahisəni həll edən məhkəmə əmlak inzibatçısı tərəfindən borclu və ya borclunun əmlakı barəsində hər hansı konkret tədbirlər görülməsinə icazə verə və ya bunları qadağan edə bilər.

4. Əmlak inzibatçısının aşağıdakı hüquqları vardır:

a) borclunun cari təsərrüfat fəaliyyətini idarə etmək və bu məqsədlə borclunun adından əqdlər, o cümlədən müqavilələr, razılaşmalar və güzəştli sazişlər, habelə borc (kredit) müqavilələri bağlamaq və ya bağlanılmış əqdlərin icrasını davam etdirmək;

b) borclunun rentabelli olmayan, borc öhdəliklərinin yaranmasına və ya artmasına səbəb ola bilən hər hansı əqdini, o cümlədən icra olunmamış müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv etmək;

c) borclunun əmlakını təşkil edən aktivlərə sahiblik hüquqlarını borclunun adından əldə etmək və bu məqsədlə qanunvericilikdə müəyyən edilmiş qaydada tələb oluna bilən hər hansı hərəkətləri həyata keçirmək;

ç) qanunvericilikdə, o cümlədən bu Qanunda müəyyən edilmiş qaydalara və satış planına uyğun olaraq borclunun əmlakını tamamilə və ya qismən satmaq, habelə bu cür aktivlərin satışı üçün nəzərdə tutulmuş bütün hərəkətləri etmək;

e) qanunvericilikdə müəyyən edilmiş qaydada borclunun əmlakının sığortalanmasına dair müvafiq tədbirlər görmək;

ə) borclunun təsərrüfat fəaliyyəti üçün zəruri olan su, enerji, istilik və sair təchizatının davam etdirilməsi üçün zəruri olan tədbirlər görmək;

f) qanunvericilikdə müəyyən edilmiş qaydada borclunun işçilərini işə götürmək (vəzifəyə təyin etmək) və işdən çıxarmaq (vəzifədən azad etmək);

g) zəruri hallarda özünün ayrı-ayrı funksiyalarının icrasının təmin edilməsi məqsədi ilə müqavilə əsasında digər mütəxəssislərin xidmətlərindən istifadə etmək;

ğ) zəruri hallarda öz səlahiyyətlərinin bir hissəsini yazılı şəkildə borclunun müdirinə vermək;

h) borclunun fəaliyyətinə dair hər hansı mühasibat kitablarını, habelə digər hesabatları və sənədləri tələb edib almaq;

x) borclunun təsərrüfat fəaliyyəti barəsində məlumatlara malik olan şəxslərdən müvafiq məlumatlar almaq;

ı) kreditorların və ya kreditorlar komitəsinin yığıncaqlarını çağırmaq;

i) kreditorlarla mübahisələrin həlli üçün, habelə bu Qanunla nəzərdə tutulmuş digər hallarda məhkəməyə müraciət etmək;

j) qanunvericilikdə müəyyən edilmiş qaydada borclu və onun əmlakına dair hər hansı məhkəmə işlərində iştirak etmək;

k) öz təyinatına xitam vermək və bu barədə ərizə ilə onu təyin edənlərə müraciət etmək;

q) yuxarıda göstərilən səlahiyyətləri həyata keçirmək üçün qanunvericiliyə zidd olmayan hər hansı digər hərəkətləri etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver