1. Əmlak inzibatçısı borclunun əmlakının bir hissəsini təşkil edən və hər hansı müqavilənin şərtlərinə əsasən üçüncü şəxsin sahibliyinə verilən əmlakın müqavilədə nəzərdə tutulan müddət bitməmiş borcluya qaytarılmasını tələb edə bilməz. Belə halda əmlak inzibatçısının, yuxarıda göstərilən müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcluya (onun əmlakına) aid mühasibat uçotu sənədləri ilə tanış olmaq və onların surətlərini çıxarmaq hüququ vardır.
2. Əmlak icarə müqaviləsinə əsasən digər şəxsin sahibliyindədirsə, əmlak inzibatçısı:
a) əmlakı həmin şəxsə sata bilər;
b) icarə müqaviləsi müddətinin sonunda əmlakı qaytarmaq hüququnu icarə müddəti ərzində icarə haqlarını almaq hüququ ilə birlikdə hər hansı üçüncü şəxsə sata bilər;
c) qanunvericilikdə müəyyən edilmiş qaydada icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün məhkəməyə müraciət edə bilər.