1. Borclu və ya kreditor (kreditorlar) tərəfindən sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir:
a) ərizənin verildiyi məhkəmənin adı;
b) ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;
c) bütün məlum kreditorların adları (kreditor fiziki şəxs olduqda - adı, atasının adı, soyadı, hüquqi şəxs olduqda – hüquqi şəxsin adı), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri;
ç) məhkəmə tərəfindən sağlamlaşdırma imkanına baxılan müddət ərzində kreditorların bununla əlaqədar məruz qalacağı əlavə itkiləri ödəməyə razılıqları barədə məlumatlar;
d) borclunun ödəmə qabiliyyətinin sağlamlaşdırma əsasında bərpasının mümkünlüyünün əsaslandırılması;
e) sağlamlaşdırma planının kreditorlar yığıncağı tərəfindən qəbulu haqqında məlumatlar;
ə) borc öhdəliyinin məbləği haqqında məlumat;
f) gələcək ödənişlərin vaxtında ödənilməsi, o cümlədən kreditorların tələblərinin təmin edilməsinin mümkünsüzlüyü barədə əsaslandırma;
g) borcluya məxsus əmlak, o cümlədən girovda, ipotekada, kirayədə, icarədə, lizinqdə olan əmlakı, banklarda və ya digər kredit təşkilatlarında, habelə saxlancda olan pul vəsaitləri, bank hesab nömrələri;
* (41-ci maddənin 1-ci hissəsinin “g” bəndinə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
h) borclunun işin məhkəmədə baxılması üçün zəruri hesab etdiyi digər məlumatlar;
x) ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
1-1. Bu maddənin 1-ci hissəsində göstərilən ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
a) dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
b) bu maddənin 1-ci hissəsinin ç) bəndində nəzərdə tutulan razılıqları təsdiq edən sənədlər;
c) borcları, icra müddəti başa çatmamış öhdəlikləri, habelə borclunun ödəmə qabiliyyətinin olmamasını təsdiq edən sənədlər;
ç) kreditorlar yığıncağında iştirak edən şəxslərin siyahısı;
d) kreditorlar yığıncağı tərəfindən qəbul edilmiş sağlamlaşdırma planı;
e) sağlamlaşdırma planının kreditorların yığıncağı tərəfindən qəbulunu təsdiq edən sənədlər;
ə) müvəqqəti əmlak inzibatçısı tərəfindən sağlamlaşdırma planının səmərəliliyini təsdiqləyən sənəd.
2. Borclunun ödəmə qabiliyyətinin bərpasının mümkünlüyü qanunazidd olmayan hər hansı üsulla sübut edilə bilər.
3. Məhkəmə sağlamlaşdırma planının mümkün və ya məqsədəuyğun olduğunu müəyyənləşdirmək üçün müstəqil ekspertlər cəlb edə bilər. Ekspertlərin fəaliyyəti ilə bağlı xərclər sağlamlaşdırma barədə məhkəməyə ərizə verənin (borclunun və ya kreditorun (kreditorların) üzərinə qoyulur.
4. Məhkəmə borclu müəssisə barəsində sağlamlaşdırma tədbirlərinə baxaraq, bu prosesdə maraqlı hüquqi və fiziki şəxslərin iştirakı üçün açıq müsabiqə elan edə bilər. Bir ay ərzində müsabiqədə iştirak etmək istəyən hüquqi və fiziki şəxslər olmadıqda və ya sağlamlaşdırma barəsində onların şərtləri ilə borclu razılaşmadıqda həmin borclunun iflası haqqında iş ümumi qaydada davam etdirilir.
5. Məhkəmə tərəfindən sağlamlaşdırma imkanına baxılan dövrdə ödəmə qabiliyyəti olmayan borclunun işlərinin idarə olunması üçün müvəqqəti əmlak inzibatçısı təyin edilir. Müvəqqəti əmlak inzibatçısının xərclərini sağlamlaşdırmada iştirak barəsində sorğu vermiş şəxslər ödəyirlər.
6. Sağlamlaşdırmaya başlanılması ilə əlaqədar məhkəmənin müvafiq qərarında aşağıdakılar nəzərdə tutulmalıdır:
a) sağlamlaşdırma müddəti 24 aydan çox ola bilməz;
b) bütün kreditorların tələblərinin ümumi məbləğinin azı üçdə bir hissəsi həmin qərarın qəbul edildiyi tarixdən 12 ay ərzində ödənilməlidir;
c) müvəqqəti əmlak inzibatçısı həmin qərarda müəyyən edilən qaydaya uyğun olaraq sağlamlaşdırmaya nəzarət edir.
7. Sağlamlaşdırmanın həyata keçirildiyi dövrdə bu Qanunun 2-ci maddəsində göstərilən şəxslərin hər hansı biri sağlamlaşdırmaya dair istənilən məsələyə baxılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu zaman məhkəmə bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq qərarını qəbul edə bilər.
8. Sağlamlaşdırma müvəffəqiyyətlə başa çatdıqda məhkəmə həmin borclu barəsində iflas prosesinə qanunvericilikdə müəyyən edilmiş qaydada xitam verir.
Sağlamlaşdırma dövründə kreditorların tələbləri müəssisənin ləğv edilməsi üçün nəzərdə tutulmuş qaydada ödənilməlidir.
9. Sağlamlaşdırma dövründə bu Qanunun 18-ci maddəsinin 2-ci bəndinin “a”-“c” yarımbəndlərində göstərilən müddəalar tətbiq edilir. Ödəmələrlə əlaqədar faizlərin hesablanması və cərimə sanksiyalarının tətbiqi sağlamlaşdırma dövründə davam etdirilə bilər, lakin onları ödəmək tələbi yalnız həmin dövrün sonunda irəli sürülə bilər.
10. Bu Qanunun 41-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sağlamlaşdırma prosesinin başlanması təminatlı kreditorun bu Qanunun müddəalarına uyğun tələbini təminatın hesabına yönəltmək hüququnu məhdudlaşdırmır.
11. Müəssisənin sağlamlaşdırılmasında iştirak etmiş hüquqi və fiziki şəxslər müəssisəyə qoyduğu əmlakın bir hissəsi üzərində mülkiyyət hüququ qazanır.
12. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı xüsusi əhəmiyyətli dövlət müəssisələrin sağlamlaşdırılmasının başqa qaydasını müəyyən edə bilər.