Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41-2

Maddə 41-2. Sağlamlaşdırma prosesinə başlanılmasının hüquqi nəticələri

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Sağlamlaşdırma prosesinə başlanılması haqqında məhkəmənin qərarı qəbul edildiyi andan aşağıdakı hüquqi nəticələr yaranır:

a) əmlak inzibatçısının bu Qanunun 20-ci maddəsinin 4-cü hissəsində qeyd olunan hüquqları nəzərə alınmaqla, borclunun təsisçilərinə (iştirakçılarına), digər idarəetmə və nəzarət orqanlarına borcluya məxsus əmlakların istifadəsi və onların üzərində sərəncam verilməsi qadağan edilir;

b) borclunun bütün kreditorlarının, borclunun təsisçilərinin (iştirakçılarının), habelə digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin borcluya qarşı iddiaları üzrə məhkəmələrin qəbul etdiyi qərarların icrası dayandırılır;

c) borclunun bütün kreditorlarının, borclunun təsisçilərinin (iştirakçılarının), habelə digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin ərizəsi əsasında borcluya münasibətdə iflas haqqında işin qaldırılmasına yol verilmir;

d) borclunun bütün kreditorlarının tələbləri, o cümlədən mübahisəsiz (akseptsiz) qaydada ödənilməli olan tələblər üzrə borclunun bank hesablarından pulların çıxarılmasına, habelə tələblərin borclunun əmlakına yönəldilməsinə yol verilmir.

2. Təminatlı kreditorun (kreditorların) girov (ipoteka) predmetinin məhv olmasına gətirib çıxara bilən hallar olduğu təqdirdə və ya bu Qanunun 41-1-ci maddəsinin 9-cu hissəsinə uyğun olaraq həmin girov (ipoteka) predmeti sağlamlaşdırma planına daxil edilmədikdə, borclunun və ya kreditorun (kreditorların) ərizəsinə əsasən məhkəmə həmin tələblərlə bağlı bu maddənin 1-ci hissəsində nəzərdə tutulan müvafiq hüquqi nəticələrin aradan qaldırılması haqqında qərar qəbul edə bilər.

3. Məhkəmə bu maddənin 2-ci hissəsində nəzərdə tutulan ərizəyə məhkəməyə daxil olduğu tarixdən on iş günü müddətində baxır və onun təmin edilməsi, yaxud rədd edilməsi barədə qərar qəbul edir.

4. Bu maddənin 1-ci hissəsində göstərilən hüquqi nəticələr sağlamlaşdırma müddəti ərzində qüvvədə olur, bu şərtlə ki, məhkəmənin qərarı ilə həmin hüquqi nəticələr aradan qaldırılmamış olsun.

5. Sağlamlaşdırma planında eyni kreditorlar qrupu daxilində bütün kreditorların hüquqları növbəlilik qaydasında bərabər təmin edilir.

IX fəsil

Borc tələblərİnİn İrəlİ sürülməsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver