1. Əmlak inzibatçısı kreditorların tələblərini aşağıdakı üsullarla ödəyə bilər:
a) ya borcluya çatası borcları tutmaq və ya borclunun əmlakını təşkil edən aktivləri bu Qanunun V fəslinə müvafiq surətdə satmaq və satışından götürülən pulu kreditorlar arasında bölüşdürmək yolu ilə;
b) ya da borclunun əmlakını təşkil edən aktivləri onların tələblərinin ödənilməsi üçün bilavasitə vermək yolu ilə.
2. Hər növbənin kreditorlarının tələbləri yalnız özündən əvvəlki növbənin kreditorlarının tələbləri tamamilə ödənildikdən sonra ödənilməlidir.
3. Əgər bölgü kreditorların bir növü üçün aparılmalıdırsa, onda həmin növə aid bütün kreditorlar bərabər sayılmalı və onlara çatası borc məbləğlərinə mütənasib ödəniş almalıdırlar.
4. Əgər təminatlı kreditorlara eyni aktivlər barəsində təminat verilmişdirsə, qanunvericiliyə müvafiq surətdə birinci qeydə alınmış təminat daha yaxın növbəli olur.
5. Əgər iflas prosesi ərzində ödəmə qabiliyyəti olmayan borclunun müflis elan olunması məqamınadək bağlanmış əqdlər nəticəsində ödənilməmiş borclarının olduğu və ya gələcəkdə olacağı, yaxud mövcud, gələcək və ya şərti borcu, yaxud borc öhdəlikləri olan başqa şəxs qarşısında onun şərti borclarının ola biləcəyi aşkara çıxarılarsa, onda:
a) əgər həmin borclar və ya borc öhdəlikləri iflas prosesinə başlanması məqamından əvvəl yaranmış və pul məbləğlərində ifadə edilmişsə və ya pul ekvivalentinə malikdirsə, bu iki borcun qarşılıqlı əvəzləşdirilməsi aparılır və bu vasitə ilə həmin borclar və ya onların bir hissəsi ödənilmiş sayılır;
b) əgər borcun və ya borc öhdəliklərini pul ekvivalentini qəti müəyyənləşdirmək mümkün deyilsə, onda həmin ekvivalenti əmlak inzibatçısı təxmini qiymətləndirir;
c) iflas prosesinə başlanması məqamından sonra yaranan hər hansı borclar və öhdəliklər bu bəndin məqsədləri üçün nəzərə alına bilməz.
6. Bu maddənin 5-ci bəndi borclu müəssisə ilə onun mülkiyyətçiləri (payçıları) arasındakı münasibətlərə tətbiq oluna bilməz, çünki mülkiyyətçi nizamnamə kapitalına verdiyi payın ödənilməsinə dair öz tələbi barəsində kreditor sayılmır.
7. Bu Qanunun IX fəslində müəyyən edilmiş tələbvermə müddəti qurtardıqdan sonra kreditorların verdikləri tələblər kreditorların göstərilmiş müddət ərzində verdikləri tələblər ödənildikdən sonra qalan aktivdən ödənilir.
8. Ödəmə qabiliyyəti olmayan borclunun əmlakını təşkil edən aktivlərin çatışmaması nəticəsində kreditorların tələbləri yerinə yetirilmədikdə onlar ləğv edilmiş sayılır, lakin çatışmazlığa borclunun hüquqa zidd hərəkətinin və ya lüzumsuz bağladığı sazişin səbəb olduğu hallar istisna təşkil edir.
9. Kreditorların əmlak inzibatçısı tərəfindən rədd edilmiş (və ya şikayət verildikdən sonra müsbət həll olunmamış) tələbləri, habelə məhkəmə tərəfindən rədd edilmiş tələbləri ləğv olunmuş sayılır.