1. Məhkəmə borclu barəsində iflas prosesinə aşağıdakı hallarda xitam verir:
a) əmlak inzibatçısının son hesabatı məhkəməyə təqdim edildikdə və əmlak inzibatçısını dinlədikdən sonra məhkəmə heç bir edilməli hərəkətin qalmadığına əmin olduqda;
b) bütün kreditorların tələbləri tamamilə ödənildikdə;
c) əmlak inzibatçısı kreditorlar ilə güzəştli sazişin tamamilə yerinə yetirildiyi və ya sağlamlaşdırmanın başa çatdırıldığı barədə məhkəməyə bildiriş göndərdikdə;
ç) məhkəmənin buna müvafiq saydığı başqa hallarda.
2. Borclunun iflasına xitam verilərkən aşağıdakılar baş verə bilər:
a) iflasa bu maddənin 1-ci bəndinin “b” və ya “c” yarımbəndinə müvafiq surətdə xitam verilmişdirsə, əmlak inzibatçısının səlahiyyətləri qüvvədən düşür və borclunun (müdirin) idarə etmə funksiyaları özünə qaytarılır;
b) iflasa başqa əsaslar üzrə xitam verilmişdirsə, onda borclu qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş qaydada ləğv olunur (buraxılır, lisenziyası alınır və s.).
3. İflasa aid bütün həll edilməmiş məsələlər məhkəmənin sonuncu qərarında tənzimlənməlidir.
4. Fərdi borclunun iflasına xitam verildikdən sonra iflasa qədər mövcud olmuş bütün borclar, yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün alimentlər və xərclik istisna olmaqla, tamamilə ödənilmiş sayılır.
5. Borclu müəssisə ləğv edildikdə məhkəmənin müvafiq qərarı onu qeydə almış orqana, fərdi borcluya aid halda isə onu qeydə almış və ya müvafiq lisenziya vermiş orqana göndərilir.
6. Borclunun bu maddənin 2-ci bəndinin “b” yarımbəndinə müvafiq surətdə buraxılmasına dair qeyd müvafiq dövlət reyesterinə daxil edilməlidir.