QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 206

Maddə 206. Şəxsin ona mənsub ola bilməyən əmlaka mülkiyyət hüququna xitam verilməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

206.1. Əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir.

206.2. Mülkiyyətçi əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır.

206.3. Əgər qanunun yol verdiyi əsaslara görə fiziki və ya hüquqi şəxsin mülkiyyətinə əldə edilməsinə xüsusi icazə tələb olunan və mülkiyyətçiyə belə icazənin verilməsindən imtina edilən əmlak düşərsə, bu əmlak həmin mülkiyyətçiyə mənsub ola bilməyən əmlak üçün müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver