QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 683

Maddə 683. Kirayəyə götürülmüş əşyanın üçüncü şəxslərə verilməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin.

683.2. Əgər kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış otağı kirayəçisinin həmin otağın bir hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə verməyə əsaslı marağı vardırsa, bunun üçün kirayəyə verəndən icazə almaq hüququna malikdir, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin, yaşayış otağı həddindən artıq yüklənməsin və ya kirayəyə verənin bu cür ikinci əldən kirayəyə adətən yol verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu cür ikinci əldən kirayəyə yalnız kirayə haqqının ağlabatan dərəcədə artırılması şərti ilə yol verirsə, icazə verməsini kirayəçinin belə artımla razılaşması ilə şərtləndirə bilər. Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur.

683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver