QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 796

Maddə 796. Müştərilər üçün kompensasiya

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

796.1. Müqavilənin qüvvəsinə xitam verildikdən sonra ticarət agenti özünün cəlb etdiyi müştərilər üçün kompensasiya almaq hüququna malikdir, bu şərtlə ki:

796.1.1. o, tapşıran üçün yeni müştərilər cəlb etsin və ya mövcud müştərilərlə əqdlərin həcmini xeyli artırsın;

796.1.2. tapşıran bu Məcəllənin 796.1.1-ci maddəsindən onun üçün irəli gələn faydalardan istifadəni davam etdirə bilsin;

796.1.3. müqaviləyə xitam verilməsi nəticəsində komisyon muzdu ticarət agentinin əlindən çıxsın.

796.2. Kompensasiyanın maksimum miqdarı illik muzdun miqdarı ilə məhdudlaşdırılır. Ticarət agentinin illik muzdu ticarət nümayəndəsi haqqında müqavilənin qüvvəsinə xitam verilməzdən əvvəlki son illər (maksimum 5 il) üçün orta muzd şəklində hesablanır.

796.3. Aşağıdakı hallarda kompensasiya ödənilmir:

796.3.1. müqavilə üzrə hüquq münasibətlərinə ticarət agentinin təqsiri üzündən xitam verildikdə;

796.3.2. ticarət agenti müqavilə üzrə hüquq münasibətlərinə şəxsi əsaslar üzrə xitam verdikdə;

796.3.3. tapşıranın razılığı ilə ticarət agenti müqavilədən irəli gələn hüquq və vəzifələrini hər hansı üçüncü şəxsə verdikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver