QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 952

Maddə 952. Üçüncü şəxslərin xeyrinə əmanətlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

952.1. Əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsizdir.

952.2. Bank əmanəti müqaviləsi bağlamış şəxs onun əmanət üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində əmanətçi hüquqlarından üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək istifadə edə bilər.

952.3. Üçüncü şəxsin xeyrinə müqavilə haqqında qaydalar üçüncü şəxsin xeyrinə bank əmanəti müqaviləsinə bu şərtlə tətbiq edilir ki, belə tətbiq bu maddənin qaydalarına və bank əmanətinin mahiyyətinə zidd olmasın.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver