Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;
2) mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur;
3) fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir;
4) fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir;
5) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.