Mülki müdafiə qüvvələrinin şəxsi heyəti hərbi qulluqçulardan, dövlət qulluqçularından və digər mülki işçilərdən ibarətdir.
Mülki müdafiə qüvvələrinin hərbi qulluqçularla komplektləşdirilməsi Azərbaycan Respublikasının hərbi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Mülki müdafiə qüvvələrinin hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, “Hərbi qulluqçuların statusu haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının digər hərbi qanunvericilik aktlarına uyğun olaraq bu Qanunla müəyyən edilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirlər.
Mülki müdafiə qüvvələrinin dövlət qulluqçularının qulluğu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər mülki işçilərin əmək münasibətləri isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Mülki müdafiə qüvvələrinin ştat sayını, mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün geyim formasını və fərqlənmə nişanlarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.