Qanunvericilik › Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri

Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:

1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;

2) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;

3) ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;

4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;

5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;

6) mülki müdafiə üçün dövlət büdcəsindən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədi və düzgün istifadə olunmasını təmin etmək;

7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün fövqəladə və maliyyə vəsaiti ehtiyatları yaratmaq;

8) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;

9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;

10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;

11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;

12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək;

13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri ləvazimatı toxunulmaz ehtiyatı ilə təmin etmək;

14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;

15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək;

16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək;

17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;

18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;

19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək;

20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver