Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara alır:
1. “Mülki müdafiənin mühafizə qurğularına aid olan sadə daldalanacaqlara dair tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş texniki normativ hüquqi akt Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
3. Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə (G.Əliyeva) və Hüquq şöbəsinə (N.Mehtiyev) tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş texniki normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
4. Bu Qərarın icrasına nəzarət Komitənin sədr müavini D.Dövlətxanova həvalə edilsin.
1.1. Bu normativ sənəd Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57.4-cü maddəsinə əsasən hazırlanmışdır və sülh və müharibə dövrlərində əhalinin mühafizəsinin təmin edilməsi məqsədilə sadə daldalanacaq kimi nəzərdə tutulan zirzəmilərə və digər yeraltı tikililərə (bundan sonra sadə daldalanacaqlar) dair tələbləri müəyyən edir.
1.2. Sadə daldalanacaqlar çoxmənzilli yaşayış binalarının, təhsil müəssisələrinin və xəstəxanaların, ümumi sahəsi 500 m2-dən çox olan ictimai binaların (mədəniyyət evləri, ticarət və iaşə obyektləri, mehmanxanalar və başqa tikililər), işçilərinin sayı 50 nəfərdən çox olan istehsalat obyektlərinin zirzəmi mərtəbələrində və digər yeraltı tikililərdə (yeraltı piyada keçidləri, yeraltı avtodayanacaqlar və başqa yeraltı tikililər) nəzərdə tutulur, habelə fərdi yaşayış evlərinin zirzəmi mərtəbəsində nəzərdə tutulması tövsiyə olunur.
Bu normativ sənəddə aşağıdakı anlayışlardan istifadə olunmuşdur:
sadə daldalanacaq - daldalanan insanların adi qırğın vasitələrinin fuqas və qəlpə təsirlərindən, inşaat konstruksiyalarının dağıntılarından, müxtəlif mərtəbəli binaların yuxarı mərtəbələrinin çökməsindən mühafizəsi üçün nəzərdə tutulan, bina və ya qurğunun bütövlükdə və ya qismən torpağın altında yerləşən hissəsi;
adi qırğın vasitələri - kütləvi qırğın vasitələrinə aid olmayan, içərisində partlayıcı və ya yanar maddələr yerləşdirilmiş qəlpəli (fuqaslı) döyüş sursatları.
3.1. Layihələndirilən çoxmənzilli yaşayış binalarının, təhsil müəssisələrinin və xəstəxanaların, ümumi sahəsi 500 m2-dən çox olan ictimai binaların (mədəniyyət evləri, ticarət və iaşə obyektləri, mehmanxanalar və başqa tikililər), işçilərinin sayı 50 nəfərdən çox olan istehsalat obyektlərinin zirzəmiləri və digər yeraltı tikililər (yeraltı piyada keçidləri, yeraltı avtodayanacaqlar və başqa yeraltı tikililər) əhalinin müvəqqəti daldalanmasını təmin etməlidir.
3.2. Seysmikliyi 9 bal, habelə ərazinin mailliyi 15% və ondan yuxarı olan yaşayış məntəqələrində inşa edilən fərdi yaşayış evlərində zirzəmilər sadə daldanacaq kimi nəzərdə tutulduqda həmin zirzəmilər evin altında perimetri nəzərə alınmaqla (digər hallarda isə azı bir otağın altında) yerləşdirilməlidir.
3.3. Sadə daldalanacaqların həyat təminatı sistemi insanların həmin daldalanacaqlarda 12 saatdan az olmayaraq fasiləsiz qalmasını təmin etməlidir.
4. Sadə daldalanacaqların həcm-planlaşdırma tələbləri və təchizatı
4.1. Sadə daldalanacaqlarda aşağıdakı tələblər nəzərə alınmalıdır:
- zirzəmilərin hündürlüyü sosial xidmət müəssisələri, fərdi yaşayış evləri və istehsalat müəssisələri (inzibati korpusları) üçün 2,2 m-dən, çoxmənzilli yaşayış binaları və iri ticarət obyektləri üçün 2,4 m-dən az olmayaraq qəbul edilməli və zirzəminin döşəməsinin səviyyəsi torpağın planlaşdırma səviyyəsindən 1,5 m-dən az olmayaraq aşağıda (dərinlikdə) olmalıdır;
- zirzəmilərdə bünövrə, sütunlar və yükdaşıyan divarlar, habelə zirzəminin örtüyü monolit dəmir-betondan, yükdaşımayan divarlar isə beton, daş və ya bütöv kərpicdən, qapılar metaldan və nəfəsliklər (pəncərələr) yanmayan materialdan nəzərdə tutulmalıdır. Zirzəmi divarlarının boyanması zamanı sönmüş əhəngdən və ya yanmayan digər materiallardan istifadə olunması (yanar materiallardan istifadə yolverilməzdir) nəzərdə tutulmalıdır;
- fərdi yaşayış evlərində zirzəmilərin dəmir-beton örtüyünün qalınlığı 150 mm, digər tikinti obyektlərində isə 200 mm-dən az olmayaraq hesablama əsasında qəbul edilməlidir.
- digər yeraltı tikililərin (yeraltı piyada keçidləri, yeraltı avtodayanacaqlar və başqa yeraltı tikililər) həcm-planlaşdırma həlləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun qəbul edilməlidir.
4.2. Sadə daldalanacaqlar aşağıdakılarla təchiz edilməlidir:
- ilkin tibbi yardım ləvazimatları;
- sanitar qovşaq (qadın və kişilər üçün ayrı olmaqla sanitar qovşağında sanitar-texniki cihazların sayı 40 nəfər daldalanan üçün 1 dəst (unitaz, əlüzyuyan) hesabı ilə);
- su xətti və ya içməli və texniki su çənləri (içməli suya olan tələbat bir daldalanan üçün günə 2 litr, texniki su isə 5 litr hesabı ilə);
- yanğınsöndürmə vasitələri (bel, vedrə, odsöndürən balon, 0,5 m qum);
- hava nəfəslikləri və ya havalandırma-filtrasiya sistemi;
4.3. Fərdi yaşayış evlərində zirzəmilər sadə daldalanacaqlar kimi nəzərdə tutulduqda həmin daldalanacaqlar aşağıdakılarla təchiz edilməlidir:
- ilkin tibbi yardım ləvazimatları;
- içməli su ehtiyatı (su tutumu);
- yanğınsöndürmə vasitəsi (odsöndürən balon);