197.1. On dörd yaşına qədər olan şahidin və məhkəmənin mülahizəsi ilə on dörd yaşından on altı yaşına qədər olan şahidlərin dindirilməsi təhsil aldığı müəssisənin nümayəndəsinin və psixoloqun iştirakı ilə aparılır. Zəruri halda məhkəməyə yetkinlik yaşına çatmamış şahidin valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də çağırılır. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə şahidə suallar verə, habelə şahidin şəxsiyyətinə, verdiyi ifadənin məzmununa münasibətdə öz mülahizələrini söyləyə bilərlər.
197.2. Müstəsna hallarda işin hallarını müəyyən etmək zərurəti olduqda, işdə iştirak edən bu və ya digər şəxs, habelə iclas zalında olan hər hansı bir şəxs yetkinlik yaşına çatmamış şahid dindirilərkən məhkəmənin qərardadı ilə məhkəmə iclası zalından çıxarıla bilər. İclas zalından çıxarılmış işdə iştirak edən şəxs iclas zalına qayıtdıqdan sonra ona yetkinlik yaşına çatmamış şahidin ifadəsinin məzmunu bildirilməli və onun şahidə suallar verməsinə imkan yaradılmalıdır.