“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.17-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 30 yanvar 2009-cu il
“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinin ikinci hissəsinin və Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (7 dekabr 1944-cü il tarixli Çikaqo konvensiyası) 18-ci Əlavəsinin tələblərinin icrası məqsədi ilə hazırlanmış bu siyahı mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilən hərbi avadanlığın (ləvazimatların), materialların, komponentlərin və digər xüsusi vasitələrin əsas növlərini və onların daşınma (zəruri hallarda - Azərbaycan Respublikasının ərazisinə və Azərbaycan Respublikasından kənara) qaydasını müəyyən edir.
Mülki və eksperimental aviasiyası hava gəmilərinin hərbi avadanlığın (ləvazimatların) daşınması üçün istifadəsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin razılığı ilə həyata keçirilir.
3.1. Hərbi avadanlığın (ləvazimatların), materialların, komponentlərin və digər xüsusi vasitələrin daşınma üçün qəbulu, onların monitorinqi, yola düşmə aeroportunda mülki və eksperimental aviasiyası hava gəmilərinə çatdırılması və təyinat aeroportunda təhvil verilməsi, habelə müvafiq sənədlərin rəsmiləşdirilməsi qeyd edilən aeroportların aviasiya təhlükəsizlik xidmətlərinin səlahiyyətli əməkdaşlarının nəzarəti altında həyata keçirilir.
3.2. Yuxarıda göstərilən avadanlığın (ləvazimatların) hava gəmiləri ilə daşınmasına nəzarət və müvafiq sənədlərin rəsmiləşdirilməsi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
3.3. Hərbi avadanlığın (ləvazimatların) təhlükəsiz daşınmasına və təyinat hava limanında səlahiyyətli yükalana təhvil verilməsinə görə hava gəmisinin kapitanı tərəfindən təyin edilən konkret ekipaj üzvü məsuliyyət daşıyır.
4.1. Hərbi avadanlığın (ləvazimatların) əsas siyahısı aşağıdakılardan ibarətdir:
4.1.1. müxtəlif silahların, o cümlədən çatdırma vasitələri komponentlərinin döyüş zamanı tətbiqi vasitələri, nişanalma, işəsalma, idarəetmə sistemləri, habelə silahlı qüvvələrin təchizatı üçün nəzərdə tutulmuş digər xüsusi texniki vasitələr, müxtəlif komponentlər, ehtiyat hissələri, cihazlar və onların komplektləşdirici məmulatları, təlim silahı (maketlər, trenajorlar və müxtəlif silahların və hərbi texnikanın imitatorları);
4.1.2. silahlı qüvvələrin şəxsi heyətinin həyat fəaliyyətinin təmin edilməsi sistemləri, xüsusi təyinatlı materiallar və onların istehsalı üçün xüsusi avadanlıq, kütləvi qırğın silahından kollektiv və fərdi müdafiə vasitələri, kütləvi qırğın silahının tətbiqinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması vasitələri, arxa cəbhə üçün xüsusi avadanlıq, hərbi geyim forması və onun atributları;
4.1.3. rabitə, avtomatlaşdırma, informasiyanın mühafizəsi sistemləri və vasitələri, bəzi zirehli müdafiə vasitələri, geyim, əsgəri təchizat;
4.1.4. sərhədin mühafizəsinin mühəndis-texniki vasitələri, optik elektron, aşkaredici və işarəverici qurğular və onların komponentləri, sərhəd nəzarəti, məsafədən nəzarət və videomüşahidənin texniki vasitələri, aviasiya və dəniz vasitələri, baxış avadanlığı, narkotik və partlayıcı maddələrin, habelə bioloji obyektlərin məsafədən aşkar edilməsi vasitələri, eyniləşdirmə vasitələri;
4.1.5. rabitə kanallarında informasiyanın mühafizəsi, informasiyanın, audio və videoinformasiyanın axını kanallarının axtarış vasitələri, kompüter şəbəkələrinin mühafizəsi, icazəsiz girişdən müdafiə, elektron açarlar, smart-kartlar, məlumatların qorunması və idarə edilməsi, informasiyanın təcili surətdə məhv edilməsi, antivirus proqramları və kompüter hücumlarının aşkar edilməsi, mühafizə edilən internet-texnologiyalar, informasiya mühafizəsinin biometrik sistemləri, kompleks təhlükəsizlik konsepsiyaları, xüsusi poliqrafiya və holoqrafiya, digər elektron texnika və avadanlıq.
5.1. Hava nəqliyyatı ilə daşınan yüklər düzgün taraya və texniki normativ hüquqi aktlara uyğun qablaşdırmaya malik olmalıdır. Tara və qablaşdırılması ilə bağlı texniki normativ hüquqi aktların müəyyən olunmadığı yüklər daşınma zamanı mühafizəni təmin edəcək şəkildə qablaşdırılaraq möhkəm bağlanmalıdır. Digər yüklər, texnika və sair avadanlıq daşıyıcının razılığı ilə qablaşdırılmadan daşına bilər.
5.2. Hava nəqliyyatı ilə daşınmaya təqdim edilən yüklərin qabı quru və təmiz olmalı, yüklər hava gəmisinin bölmələrini və oradakı avadanlığı çirkləndirə və ya zədələyə biləcək iti uclara, çıxıntılara və sair malik olmamalıdır.
5.3. Dəyəri bəyan olunmaqla, daşımaya təqdim edilən yerlərin tara və ya qabı plomblanmalıdır. Plomblar standart olmalı, onların üzərində rəqəm və ya hərflərin təsvirləri aydın həkk edilməlidir. Yükün plomblanması və göndərilən plombların adı yük qaiməsində qeyd edilməlidir.
Beynəlxalq mülki aviasiya haqqında konvensiyanın 18-ci Əlavəsinin 4.3-cü maddəsinin şamil edildiyi istənilən yükün hava ilə daşınması (bütöv şəkildə və ya hər hansı avadanlıq, yaxud ləvazimatın tərkib hissəsi kimi) qadağandır.
1. 21 yanvar 2019-cu il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 160)
2. 8 may 2021-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 520)
3. 4 aprel 2022-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 384)