Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
muzey – maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsi;
muzey fondu - Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylərdə daimi saxlanılan, qorunan muzey əşyalarının və kolleksiyalarının məcmusu;
dövlət muzey fondu - dövlət muzeylərinin fondlarında saxlanılan mədəniyyət sərvətlərinin məcmusu;
mədəniyyət sərvətləri - "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş kateqoriyalara aid edilən, dünyəvi və dini xarakterli, tarix-bədii əhəmiyyətə malik əşyalar;
muzey əşyası - keyfiyyəti və ya xüsusi əlamətlərinə görə cəmiyyət üçün qorunub saxlanılması, öyrənilməsi və kütləvi nümayişi zəruri olan mədəniyyət sərvəti;
muzey kolleksiyası - əsas fondun tərkibində vahid tam kimi elmi, tarixi, mədəni əhəmiyyət daşıyan muzey əşyalarının məcmusu;
muzey fəaliyyəti - elmi, mədəni, mənəvi və estetik tələbatın ödənilməsi məqsədi ilə insan, onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin və maddi nümunələrin əldə edilməsi, qorunması, uçotu, tədqiqi, təbliği və nümayişi;
muzey əşyalarının və kolleksiyalarının mühafizəsi - muzey əşyalarının və kolleksiyalarının qorunub saxlanmasını təmin edən, maddi və hüquqi şərtlərin yaradılmasını nəzərdə tutan muzey fəaliyyəti;
muzey saxlancları - müvəqqəti olaraq nümayiş etdirilməyən muzey əşyalarının və kolleksiyalarının saxlandığı yer.