11.1. Narkoloji xəstələrin müalicəsi üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən tətbiq edilir. Ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartasına daxil edilməlidir. Narkoloji xəstə barəsində fəal müalicə kursundan sonra aparılan psixoloji reabilitasiya və psixoloji korreksiya kursu onun fərdi tələbatına uyğun olmalıdır.
11.2. Həkim-narkoloq klinik (tibbi) psixoloqla birlikdə hər bir narkoloji xəstənin fərdi müalicə, psixoloji reabilitasiya və psixoloji korreksiya, habelə sonrakı müşahidə proqramını tərtib edir.
11.3. Ayrı-ayrı müalicə üsullarının tətbiqi və narkoloji xəstənin müalicə müddəti xəstənin mənafeyi nəzərə alınmaqla həkim-narkoloq tərəfindən tibbi göstəricilər əsasında müəyyən edilir.
11.4. Aşağıdakı hallarda şəxsə insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi ilə əlaqədar narkoloji xəstəlikdən müalicə təklif edilməlidir:
11.4.1. şəxsin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etməsi haqqında onun yaxın qohumları müraciət etdikdə;
11.4.2. narkoloji xəstəlik və ya insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində şəxs zədə aldıqda və ya onun səhhəti başqa cür pozulduqda;
11.4.3. narkoloji xəstəlik və ya insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə ilə əlaqədar şəxs tərəfindən hüquq pozuntularının törədilməsi halları müəyyən edildikdə;
11.4.4. həkim xəstəni evində yoxlayarkən həmin şəxs tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsinin onun özünə və ya ailə üzvlərinə mənfi təsir göstərməsi halları müəyyən edildikdə.
11.5. İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi (kodlaşdırma və s.) yalnız dövlət narkoloji tibb müəssisələrində həyata keçirilir. Bu üsulların tətbiq edilməsinə yalnız narkoloji xəstə tərəfindən könüllü olaraq yazılı şəkildə verilmiş ərizə əsasında yol verilir. Bu üsulları tətbiq edən həkim xəstəni əvvəlcədən bütün baş verə biləcək nəticələr barədə yazılı şəkildə xəbərdar etməlidir. İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.5-1. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin tətbiqinə yalnız dövlət narkoloji-tibb müəssisələrində icazə verilir.
11.6. Hər bir narkomanın müalicəsi barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir.