Qanunvericilik › Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmiş şəxslər barəsində tətbiq olunan məhdudiyyətlər

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinə aşağıdakı hallarda yol verilir:

20.1.1. şəxs narkomanlıq xəstəliyinə düçar olduqda;

20.1.2. şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından sui-istifadəyə yol verdikdə;

20.1.3. şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etdikdə.

20.2. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmiş və bununla əlaqədar məhkum olunmuş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi, onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı peşə növlərinə buraxılmırlar və mülkiyyət formasından asılı olmayaraq narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsində və onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən idarə, müəssisə və təşkilatlarda işə qəbul edilə bilməzlər.

20.3. Vətəndaşların hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkomanlıq xəstəliyinə düçar olan şəxslər, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin istehlakı ilə məşğul olan və ya onlardan sui-istifadə edən şəxslər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20.4. Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər, habelə müddətli həqiqi hərbi xidmətə çağırılan, həqiqi hərbi xidmətə daxil olan və həqiqi hərbi xidmət keçən şəxslər “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari narkoloji müayinədən keçirilirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver