26.1. Cinayət törətmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi müalicə olunurlar. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirləri, həmin şəxsə cinayət törətdiyinə görə cəza verməklə yanaşı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən tətbiq edilir. Məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır. Məcburi müalicəyə cəlb edilmiş xəstələrin cəzaçəkmə yerlərində saxlama və müalicə rejimləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.
26.2. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar.
26.3. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanında təşkil edilmiş ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunurlar. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə dövlət icra məmuru tərəfindən nəzarət edilir.
26.3-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.
26.4. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir.
26.5. Əlilliyi olan şəxslər, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəlikləri olan şəxslər barəsində müalicə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən tətbiq olunur.
26.6. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicəyə göndərilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.