Qanunvericilik › Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 14.06.2024) › Tam mətn

Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 14.06.2024)

Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 14.06.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamı və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanı ilə yeni mərhələyə qaldırılan məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox normaları ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyət müəyyən edən normalarına da çoxsaylı dəyişikliklər edilmişdir.

Bu dəyişikliklər, eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının qəbul edilməsindən sonra narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair işlərə məhkəmələrdə baxılması zamanı meydana gələn yeni suallar, bir sıra məsələlər üzrə, o cümlədən əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi məsələlərinə münasibətdə fərqli yanaşmaların olması yeni Plenum qərarının qəbul edilməsini, hüquqtətbiqetmə təcrübəsində yaranan suallar üzrə düzgün hüquqi mövqelərin və vahid yanaşmanın formalaşdırılmasını zəruri etmişdir.

Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin I hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu aşağıdakı qərarı qəbul edir:

1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin aşkar edilməsi, cinayət təqibinin aparılması, əməliyyataxtarış fəaliyyəti və ibtidai istintaq üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, cinayət işlərinə məhkəmədə baxılması zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə ciddi əməl olunması, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və müvafiq dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların düzgün tətbiq edilməsi, hər bir cinayət işi üzrə ittihamın həllində əhəmiyyətli olan bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, məhkəmə baxışının qanuni, əsaslı və ədalətli yekun qərarların çıxarılması ilə nəticələnməsi üçün məhkəmə fəaliyyətinin cinayət mühakimə icraatının əsas prinsiplərinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) digər müddəalarına uyğun olaraq təşkil olunması və həyata keçirilməsi təmin edilməlidir.

2. Bu kateqoriyadan olan işlərə baxılarkən nəzərə almaq lazımdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir.

O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir.

3. Şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Lakin təqsirkar etibardan sui-istifadə etməklə və ya aldatmaqla narkotik vasitə və ya psixotrop maddə, habelə güclü təsir edən və ya zəhərli maddə adı altında bu vasitələrə (maddələrə) aid olmayan predmeti (məsələn, un və s. bu kimi məmulatı) satdıqda, o, qeyd olunan vasitələrin (maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətə görə deyil, dələduzluq cinayətini törətməyə görə CM-in 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalı, bu predmetləri əldə edən şəxsin əməli isə (nə qədər ki, əməl cinayətə cəhd mərhələsində onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmır) işin konkret hallarından asılı olaraq narkotik vasitəni və ya psixotrop maddəni və yaxud güclü təsir edən və ya zəhərli maddəni əldə etmə cinayətinə cəhd kimi, müvafiq olaraq CM-in 29, 234-cü maddələri və ya CM-in 29,240-cı maddələri ilə tövsif olunmalıdır.

4. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir.

Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.

Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir.

Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (bundan sonra – 961-IIQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur.

5. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir.

Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir.

Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır.

Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir.

Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür.

6. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir.

Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir.

Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər.

Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir.

Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir.

Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır.

Narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir.

Nəzərə almaq lazımdır ki, CM-in 206.2-ci maddəsinin dispozisiyasında bu normada göstərilən predmetlərin, o cümlədən narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən “gömrük nəzarətindən kənar”, “gömrük nəzarətindən gizli”, “sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə”, “bəyan etməməklə” keçirilməsi qaçaqmalçılıq cinayətinin törədilməsinin alternativ və bu səbəbdən fərqli faktiki məzmuna malik olan üsulları kimi göstərilmişdir. Məsələn, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə ittihamın faktiki məzmununu narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük nəzarətinin həyata keçirildiyi xüsusi yerlərdən kənarda (sərhəd-gömrük məntəqələrinin olmadığı yerlərdən) və yaxud gömrük nəzarəti məntəqələrindən, lakin onların fəaliyyət göstərmədiyi vaxtda keçirilməsi kimi hərəkətlər təşkil etdiyi halda, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi barədə ittiham bunların gömrük məntəqələrindən, lakin gömrük nəzarətindən yayındırılmaqla keçirilməsində ifadə olunan hərəkətləri ehtiva edir.

Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) qaçaqmalçılığı cinayətini törətməsi barədə ittihamın və bu ittiham üzrə şəxsin təqsirli bilinməsinə dair məhkəmə hökmünün CPM-in 7.0.20, 223.3.2 və 353.2.1ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün ittihamın (ittiham üzrə məhkəmə qənaətinin) konkret olması, cinayətin hansı üsulla törədilməsini, məkan və zaman barədə məlumatlar da daxil olmaqla müvafiq üsulu təşkil edən hərəkətləri və bu faktiki halların sübuta yetirilmiş hesab edilməsi barədə nəticə ilə uzlaşan sübutları əks etdirməsi tələb olunur.

Narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən keçirilməsi ilə əlaqədar olan işlərə baxılan zaman irəli sürülən, bu hərəkətin tibbi məqsədlərlə (narkotik vasitənin aşkarlandığı şəxsin müalicəsində istifadə etməkdən ötrü) törədilməsinə dair dəlillər araşdırılarkən, onu nəzərə almaq lazımdır ki, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) əldə edilməsi, saxlanması, daşınması və onlarla bağlı digər hərəkətlərin edilməsi müvafiq normativ hüquqi aktlarla xüsusilə tənzimləndiyindən (yəni həyata keçirilən anda hərəkətlərin qanunauyğun olması tələb olunduğundan), CM-in 234-cü maddəsi isə blanket norma olmaqla burada cinayət məsuliyyəti narkotik vasitələrlə (psixotrop maddələrlə, prekursorlarla) bağlı əməllərin məhz qanunsuz olmasına görə müəyyən edildiyindən (əməlin ictimai təhlükəli xarakteri narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların əldə edilməsi, saxlanması, daşınması üzrə və s. hərəkətlər yerinə yetirilərkən bunların müvafiq normativ hüquqi aktın tələblərinə cavab verməməsindən irəli gəldiyindən), şəxsin tibbi göstəricilərə görə bu və ya digər narkotik vasitəyə və ya psixotrop maddəyə ehtiyacının olması, hətta sonradan (məsələn, hərəkətlər edilən anda deyil, cinayət prosesinin ibtidai istintaq və ya məhkəmə icraatı mərhələsində) bunun xarici dövlətdə verilmiş müvafiq tibbi sənədlə, o cümlədən reseptlə təsdiq olunması, əgər yerinə yetirildiyi anda hərəkətlər müvafiq normativ hüquqi aktın tələblərinə uyğun olmamışdırsa, eləcə də şəxsin hərəkətlərində CM-in 206.2-ci maddəsinin dispozisiyasında təsbit edilən əlamətlər olmuşdursa, özü-özlüyündə şəxsin istər CM-in 234-cü, istərsə də 206.2-ci maddəsi ilə cinayət məsuliyyətini istisna edən hal kimi nəzərdən keçirilə bilməz.

Həmçinin onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 1 iyul tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi” ilə (bundan sonra - “Qayda”) Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstələrə münasibətdə müalicə məqsədi ilə həmin normativ hüquqi aktda göstərilən növdə və həddə, eyni zamanda bu normativ hüquqi aktın digər müddəalarına əməl etməklə narkotik vasitə və ya psixotrop maddə aparmalarına (gömrük sərhədindən keçirmələrinə, daşımalarına və saxlamalarına) yol verilir.

Qaydanın nəzərdə tutduğu tələblər isə həm də ondan ibarətdir ki, “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir” (Qaydanın 3-cü bəndi).

Odur ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə belə bu normaya əməl etmədikdə, yəni gömrük sərhədindən keçərkən narkotik vasitəni və ya psixotrop maddəni bəyan etmədikdə, eləcə də Azərbaycan Respublikasının ərizəsində müvafiq hərəkətləri yerinə yetirdiyi (narkotik vasitəni və ya psixotrop maddəni saxladığı, daşıdığı) anda Qaydanın 3-cü bəndində göstərilən tibbi sənədləri olmadıqda (gömrük orqanına təqdim etmədikdə), cinayət tərkibinin digər zəruri əlamətləri də müəyyən edildikdə onun CM-in 206 və 234-cü maddələri ilə cinayət məsuliyyəti daşıması üçün əsas yaranır.

7. Qanunda narkotik vasitələrin emalı və istehsal edilməsi anlayışlarına ayrıca izah verilməmiş, onların emalı və istehsalı ilə bağlı hərəkətlər həmin Qanunun narkotik vasitələrin hazırlanması anlayışına daxil edilmişdir.

Bununla əlaqədar izah olunsun ki, narkotik vasitələrin, psixotrop maddələrin, habelə prekursorların qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəldilmiş hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), narkotik vasitələrin və psixotrop maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir.

Xaşxaş bitkisinin qozalarından südə bənzər şirənin alınması da narkotik vasitələri qanunsuz hazırlama hesab olunur.

Şəxsə qarşı narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlamağa və ya emal etməyə görə ittiham irəli sürülərkən hazırlanmış və ya emal olunmuş narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilib-edilməməsi, onun istehlak və istifadə üçün hazır olub-olmaması, kənar qatışıqlardan təmizləndikdən sonra preparatda narkotik vasitələrin və psixotrop maddələrin hansı qatılıqda olması müəyyənləşdirilməlidir.

8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.

Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.

Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz.

Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.

9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

10. CM-in 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları satma, yaxud prekursorları xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır.

Eyni zamanda izah edilsin ki, CM-in 234.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin yaranması üçün prekursorları hazırlamış, əldə etmiş, saxlamış, göndərmiş və ya daşımış şəxsin tamah niyyətinin və ya sair marağının olub-olmaması əhəmiyyət kəsb etmir.

Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədilə narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu maddələrin miqdarından asılı olaraq CM-in müvafiq olaraq 234.2, 234.4.3 və 234.4-1-ci maddələrinin tərkibi ilə əhatə olunduğundan həmin maddələrlə tövsif edilməli və belə əməllərin cinayətlərin məcmusu qaydasında əlavə olaraq CM-in 234.3-cü maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur.

Eynilə, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır.

Lakin şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə və ya psixotrop maddə hazırlaması və ya emal etməsi istər CM-in 234.3-cü maddəsi (dispozisiya baxımından), istərsə də CM-in 234.1-ci maddəsi (sanksiya baxımından) əməlləri tam şəkildə əhatə etmədiyindən bu əməllər cinayətlərin məcmusu qaydasında CM-in 234.1-ci maddəsi ilə yanaşı, həm də CM-in 234.3-cü maddəsi ilə tövsif edilməlidir.

11. CM-in 234.3-1-ci maddəsində yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətməyə görə məsuliyyət müəyyən edilmişdir.

Nəzərə alınmalıdır ki, həmin maddədə nəzərdə tutulan “yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” tövsifedici əlaməti təqsirkara narkotik vasitəni satdığı şəxsin yetkinlik yaşına çatmaması məlum olduğu halda yaranır.

Təqsirkarın ondan narkotik vasitəni əldə edən şəxsin yetkinlik yaşına çatmasından məlumatlı olması sonuncunun zahiri əlamətləri, onların arasında qohumluq, tanışlıq münasibətlərinin olması, əməlin törədildiyi yerin orta məktəb və yaxud əsasən yeniyetmələrin getməyə üstünlük verdikləri digər yerdə törədilməsi və s. bu kimi obyektiv hallara görə də müəyyən edilə bilər.

12. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur.

Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır.

Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir.

CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.

Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir.

Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır.

Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar.

Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CM-in 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir.

Prekursorları göndərən və ya satan şəxsin və yaxud həmin prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitə və ya psixotrop maddə hazırlayan, istehsal edən və ya emal edən şəxsin əməli istər prekursorlara, istərsə də narkotik vasitələrə (psixotrop maddələrə) münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilə bilməz (əgər prekursorları göndərən şəxslə onları alan şəxs arasında qabaqcadan birgə narkotik vasitələr və ya psixotrop maddələr hazırlamaq və ya istehsal etmək barədə razılıq olmamışdırsa). Qabaqcadan narkotik vasitələri və ya psixotrop maddələri birgə hazırlamaq barədə razılaşma olmadığı halda, prekursorları göndərən və ya satan şəxsin əməli prekursorun miqdarından asılı olaraq CM-in 234.3-cü və ya 234.4.3-cü və ya 234.4-1-ci maddəsi ilə, prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə hazırlayan, emal və ya istehsal edən şəxsin əməli isə narkotik vasitənin və psixotrop maddənin miqdarından və digər əlamətlərdən asılı olaraq CM-in 234.2-ci və ya 234.3-1-ci və ya 234.4.3-cü və ya 234.41-ci maddəsi ilə tövsif edilməlidir.

13. Təsvir olunan cinayət əməllərinin mütəşəkkil dəstə tərəfindən törədilməsi bu dəstənin bütün iştirakçılarının, onların hər birinin narkotik vasitələrin və ya prixotrop maddələrin, habelə prekursorların qanunsuz dövriyyəsində yerinə yetirdiyi roldan asılı olmayaraq, birgə icraçılar tərəfindən törədilməsini ehtiva edir.

Dəstənin mütəşəkkil olması bir qrup şəxsin ediləcək cinayəti əvvəlcədən planlaşdırması, cinayətkar qəsdin həyata keçirilməsi üçün vasitələrin hazırlanması, cinayətin iştirakçılarının seçilməsi və dəstəyə cəlb edilməsi, dəstəyə cəlb olunanların arasında rolların bölünməsi, cinayətin gizlədilməsini təmin edən tədbirlərin görülməsi və sair əlamətlərlə xarakterizə oluna bilər.

Cinayətin mütəşəkkil dəstə tərəfindən törədilib-törədilməməsi məsələsi həll olunarkən CM-in 34.3-cü maddəsində təsbit edilən, eləcə də “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun 1999-cu il 20 aprel tarixli Qərarında şərh edilən əlamətlərin mövcudluğu nəzərə alınmalıdır.

14. CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir.

Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı CM-in 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz.

Şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir.

CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır.

Prekursorlar hazırlamış, əldə etmiş, saxlamış, göndərmiş və ya daşımış şəxsin sonradan həmin prekursorları istifadə etməklə ilk dəfə narkotik vasitə və ya psixotrop maddə hazırlaması, istehsal etməsi və ya emal etməsi hərəkətləri həmin cinayəti təkrar törətməsi kimi qiymətləndirilə bilməz (nə qədər ki, prekursorlar məhz narkotik vasitə hazırlamaq, istehsal etmək və ya emal etmək məqsədilə hazırlanmış, əldə edilmiş, saxlanılmış, göndərilmiş və daşınmışdır). CM-in 234.3-cü maddəsində göstərilən hərəkətlərin bu maddədə qeyd olunan məqsədlə dəfələrlə edilməsi və ya ilk dəfə həmin hərəkətlər edilməsinə baxmayaraq, hazırlanmış, əldə edilmiş, saxlanılmış, göndərilmiş və daşınmış prekursorlardan istifadə edilməklə dəfələrlə satış məqsədilə narkotik vasitə hazırlama, istehsal etmə və ya emal etmə CM-in 234.4.2-ci maddəsinin tərkibini (təkrarlıq) yaradır.

Əvvəllər CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə cinayət törətmiş şəxs tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci və ya 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1-ci, 234.4.2-ci və ya 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməlidir. Belə hallarda əməlin əlavə olaraq CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir).

15. CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlaməti üzrə tövsif edilməsi üçün əsasların olub-olmaması məsələsi həll edilərkən nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır.

16. CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-IIQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (I və II siyahılar) olaraq həll olunmalıdır.

Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir.

Şəxs satış məqsədi olmadan müxtəlif vaxtlarda (ayrıca əməllər kimi) həm CM-in 234.1-ci, həm 234.1-1-ci, həm də 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməsinə, məsələn, xeyli miqdarda qurudulmuş marixuana əldə edib saxlaması cinayətini başa çatdırdıqdan sonra külli miqdarda həmin və yaxud başqa növ narkotik vasitəni əldə edib saxlamasına (cinayətlərin real məcmusuna) görə cinayət məsiliyyətinə cəlb olunduqda, onun əməlləri bu cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir.

CM-in 234.3-cü maddəsi ilə müəyyən edilən prekursorların xeyli, külli və xüsusilə külli miqdarları “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli, külli və xüsusilə külli miqdarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 877-VQ nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həll olunmalıdır.

17. Cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxslər tərəfindən xeyli, külli, xüsusilə külli miqdarlarda narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müvafiq olaraq CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsi ilə, əməllər satış məqsədilə, lakin külli miqdar əlaməti olmadan törədildikdə CM-in 234.3-1-ci maddəsi, külli miqdar və ya xüsusilə külli miqdar əlaməti ilə törədildikdə isə müvafiq olaraq CM-in 234.4.3-cü və ya 234.4-1-ci maddəsi ilə əhatə olunduğundan həmin maddələrlə tövsif edilməli və bu əməllərin əlavə olaraq CM-in 317-2-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur.

Cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxsin satış məqsədi olmadan xeyli miqdardan az miqdarda narkotik vasitə və ya psixotrop maddə hazırlaması, saxlaması, gəzdirməsi yalnız CM-in 317-2-ci maddəsi ilə, belə şəxslərə narkotik vasitə və ya psixotrop maddəni bilavasitə və yaxud cinayətdən xəbərsiz olan şəxs vasitəsi ilə ötürən şəxsin əməli isə bütün hallarda narkotik vasitənin yayılmasına yönəlməklə ictimai-zərərli məzmun daşıyan şəxsi maraqla şərtləndirildiyindən, CM-in 317-1-ci maddəsi ilə yanaşı, narkotik vasitənin və ya psixotrop maddənin miqdarı külli və xüsusilə külli miqdar təşkil etmədikdə CM-in 234.3-1-ci maddəsi ilə, külli və ya xüsusilə külli miqdar təşkil etdikdə isə müvafiq olaraq CM-in 234.4.3-cü və ya 234.4-1-ci maddəsi, habelə CM-in 317-1-ci maddəsi ilə tövsif olunmalıdır.

Təqsirkar özü bilavasitə deyil, qabaqcadan əlbir olduğu digər şəxs vasitəsi ilə narkotik vasitəni və ya psixotrop maddəni cəzaçəkmə müəssisəsində və ya həbs yerində saxlanılan şəxsə ötürdükdə, onun əməli narkotik vasitənin və ya psixotrop maddənin miqdarı külli miqdar təşkil etmədikdə CM-in 234.4.1 və 317-1-ci maddələri ilə, külli miqdar təşkil etdikdə CM-in 234.4.3 və 317-1-ci maddələri ilə yanaşı, CM-in 234.4.1-ci maddəsi ilə, xüsusilə külli miqdar təşkil etdikdə isə CM-in 234.4-1-ci maddəsi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətini də əhatə etdiyindən, həmin maddə və CM-in 317-1-ci maddəsi ilə tövsif edilməlidir.

18. Nəzərə alınmalıdır ki, CM-in 234.5-ci maddəsinin dispozisiyasına görə bu cinayətin subyekti həmin maddədə göstərilən qaydalara vəzifəsinə və ya rəsmi qaydada ona tapşırılmış işə görə riayət etməli olan şəxsdir. Qaydalara riayət edilməsi müvafiq xidməti təlimat, əmr və ya sərəncamla tapşırıla bilər. Belə qaydalara riayət etməli olmayan şəxslər həmin maddədə göstərilən hərəkətlərə görə məsuliyyətə cəlb edilə bilməzlər.

Bu cinayəti törətmiş şəxs vəzifəli şəxs olduqda və bu əməllə yanaşı, həm də qulluq mənafeyi əleyhinə olan cinayətlərin tərkibini yaradan başqa hərəkətlərə (hərəkətsizliyə) yol verdikdə və yaxud onun CM-in 234.5-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törəməsi bu maddə ilə əhatə olunmayan, lakin qulluq mənafeyi əleyhinə cinayətlərə görə məsuliyyət müəyyən edən cinayət-hüquqi normalarla ehtiva olunan ictimai təhlükəli nəticələrə səbəb olduqda təqsirkarın hərəkətləri cinayətlərin məcmusu qaydasında CM-in 234.5-ci və CM-in 33-cü fəslinin müvafiq maddələri ilə tövsif edilməlidir.

CM-in 234.5-ci maddəsində qeyd olunan predmetlərlə davranma qaydaları pozulduğu andan həmin cinayət başa çatmış hesab edilir və bunun üçün ictimai təhlükəli nəticələrin (narkotik vasitələrin oğurlanması, itirilməsi və sair) baş verməsi tələb olunmur.

Əməlin həmin maddə ilə tövsif edilməsi məsələsi həll edilərkən qəsdən törədilən hərəkətlərin motivi (tamah məqsədinin və ya sair şəxsi marağın olmaması, yaxud hər hansı bir şəxsə rəhm göstərməklə törədilməsi) əhəmiyyət kəsb etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, qaydalara riayət etməli olan şəxs bu qaydaları narkotik vasitələri talama məqsədilə pozursa, onun əməli CM-in 235-ci maddəsi ilə tam əhatə olunduğundan həmin maddə ilə tövsif edilməli və belə əməlin həm də CM-in 234.5-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur.

19. Narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama dedikdə, bu maddələrin oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə yolu ilə qanuni və ya qanunsuz olaraq onlara sahiblik edən fiziki və ya hüquqi şəxsin və ya hüquqi şəxs olmayan hər hansı bir digər qurumun sahibliyindən çıxarılaraq təqsirkarın və ya mənafeyi üçün hərəkət etdiyi digər şəxsin sahibliyinə keçirilməsi başa düşülməlidir.

Narkotik tərkibli bitkilərin və onların hissələrinin bu bitkilərin təsərrüfat məqsədilə əkilib-becərilən və mühafizə olunan ərazilərdən yığılması da talama kimi qiymətləndirilməlidir.

Tərkibində narkotik maddələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci (234.1-1-ci), yaxud da 234.2-ci maddəsi ilə tövsif olunmalıdır.

Narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hədə-qorxu ilə tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə adı çəkilən predmetləri tələb etmə başa düşülməlidir.

Prekursorları talama və ya hədə-qorxu ilə tələb etmə onlardan məhz narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədilə törədildikdə CM-in 235.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Belə məqsəd olmadan prekursorların talanması və ya hədə-qorxu ilə tələb edilməsi digər zəruri əlamətlər olduğu halda, CM-in 23-cü fəslinin müvafiq maddəsi ilə mülkiyyət əleyhinə olan cinayət kimi tövsif olunmalıdır.

Narkotik vasitələri və ya psixotrop maddələri, habelə prekursorları talama cinayətinin tərkibi ilə həmin predmetlərin qanunsuz olaraq əldə edilməsi tamamilə əhatə olunduğundan eyni bir əməlin talama və əldə etmə cinayətlərinin məcmusu kimi CM-in 235 və 234-cü maddələri ilə tövsif edilməsi istisna olunur.

Lakin şəxsin talamaqla və ya hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi narkotik vasitəni, psixotrop maddəni və ya prekursoru istər satış məqsədi olmadan saxlaması, emal etməsi, daşıması, istərsə də satış məqsədi ilə eyni əməlləri törətməsi, eləcə də həmin predmetləri göndərməsi və ya satması CM-in 235-ci maddəsində, habelə satış məqsədinin olub-olmamasından asılı olaraq CM-in 234.1-ci (234.1.-1-ci) və ya 234.2-ci (prekursorlara münasibətdə isə 234.3-cü) maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.

CM-in 235.3.4-cü maddəsində təsbit edilmiş “həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə” əlaməti, habelə CM-in 235.4.3-cü maddəsində təsbit edilmiş “həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə” əlaməti fərqləndirilərkən, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 3 mart tarixli 1 nömrəli Qərarının 23cü bəndində verilmiş, CM-in 180.2.4-cü maddəsində göstərilən soyğunçuluq cinayətinə və CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş quldurluq cinayətinin əsas tərkibinə həsr olunmuş izahlar nəzərə alınmalı və zərərçəkmiş şəxsin sağlamlığına ağır, az ağır, sağlamlığının qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma və belə zərər vurma ilə hədələmə CM-in 235.4.3-cü maddəsi ilə ehtiva olunan hallar kimi, bu cür nəticələrə səbəb olmayan döymə, fiziki ağrı yetirmə, əl-qolunu bağlama və ya başqa şəkildə azadlığını məhdudlaşdırma və s. bu kimi zor tətbiq etmə və belə xarakterli zorakılıqla hədələmə isə CM-in 235.3.4-cü maddəsi ilə əhatə olunan hallar kimi nəzərdən keçirilməlidir.

Narkotik vasitələrlə (psixotrop maddələrlə, prekursorlarla) əlaqədar olaraq CM-in 235.3.4 və 235.4.3-cü maddələrində göstərilən cinayətlərin törədilməsi işin konkret hallarından asılı olaraq soyğunçuluq, quldurluq, həyat və sağlamlıq üçün təhlükəli olan və belə təhlükə kəsb etməyən zor tətbiq etmə hədəsi ilə müşayiət edilən hədə-qorxu ilə tələb etmə cinayətlərinin xüsusi halları kimi çıxış etdiyindən, xüsusi norma ilə ümumi normanın rəqabəti halında əməlin xüsusi norma ilə tövsif olunmasını tələb edən CM-in 17.4-cü maddəsinə müvafiq olaraq əməllərin cinayətlərin məcmusu üzrə həm də CM-in 180, 181 və 182-ci maddələri ilə tövsif olunması istisna edilir.

Eynilə, quldurluq cinayətinin tövsifi zamanı, hətta əməl sağlamlığa ağır zərər vurma ilə nəticələndikdə (yəni ictimai təhlükəli nəticə həyat üçün təhlükəli olan zərər vurmanın növlərindən biri olan qəsdən sağlamlığa ağır zərər vurma şəklində təzahür etdikdə) belə əməlin həm quldurluq, həm də sağlamlığa ağır zərər vurma cinayətlərinin məcmusu üzrə tövsif edilməsi tələb olunmadığı kimi (istisna - əməlin ehtiyatsızlıqdan CM-in 126.3-cü maddəsində göstərilən nəticəyə səbəb olması), CM-in 235.4.3-cü maddəsində göstərilən həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıqla müşayiət edilən cinayət, əgər qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnməyibsə, qeyd olunan və qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin məcmusu kimi tövsif olunmamalıdır. Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə, yəni CM-in 235.4.3-cü maddəsi ilə ehtiva olunmayan ictimai təhlükəli nəticə ilə nəticələndikdə isə əməl cinayətlərin məcmusu qaydasında CM-in 235.4.3-cü maddəsi ilə yanaşı, CM-in 126.3-cü maddəsi ilə tövsif olunmalıdır.

CM-in 235.4.3-cü maddəsinin CM-in 126.3-cü maddəsində göstərilən haldan başqa yuxarıda göstərilən, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmanın qalan bütün hallarını əhatə etməsi haqqında nəticə həm də ondan irəli gəlir ki, quldurluq cinayətinin CM-in 181-ci maddəsində həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıqla (bu xarakterli hədə ilə) müşayiət edilən cinayət kimi təsbit edilməsinə baxmayaraq qəsdən sağlamlığa ağır zərər vurma ilə nəticələnmiş quldurluğun CM-in 181.3.3-cü maddəsində ayrıca olaraq - xüsusilə ağır cinayət kimi göstərilməsi qəsdən sağlamlığa ağır zərər vurmanın CM-in 181.1-ci maddəsində işlədilən “həyat üçün təhlükəli olan zorakılıq” ifadəsi ilə ehtiva olunmayan ictimai təhlükəli nəticə olması anlamına gəlmir. Çünki CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma dedikdə, ilk növbədə məhz həyat üçün təhlükəli olan sağlamlığa zərər vurmanın nəzərdə tutulduğu aydınlığı ilə təsbit edilmişdir. Sadəcə qanunverici qəsdən sağlamlığa ağır zərər vurma halını CM-in 181.1ci maddəsində göstərilən həyat üçün təhlükəli olan zorakılıq hallarının içərisindən seçərək, onu bu xarakterə malik digər hallarla müqayisədə ictimai təhlükəliliyi daha yüksək olan və bu səbəbdən daha sərt cəzalandırılması tələb olunan xüsusilə ağır cinayət kimi CM-in 181.3.3-cü maddəsində ayrıca olaraq təsbit etmişdir.

Belə ki, CM-in 181.1-ci maddəsində özgə əmlakını ələ keçirmək məqsədi ilə törədilən, həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edilən basqına görə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, CM-in 181.3.3-cü maddəsində “zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla” törədilən quldurluğa görə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.

CM-in 235.4.3-cü maddəsində göstərilən cinayətə görə müəyyən edilmiş sanksiyaya baxdıqda isə görünür ki, bu cinayət də eynilə CM-in 181.3.3-cü maddəsində göstərilən cinayət kimi xüsusilə ağır cinayət olaraq təsnif edilmiş və həmin maddənin dispozisiyasının “həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə törədildikdə” şəklində ifadə olunmasına baxmayaraq, onun sanksiyası (səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə) CM-in 181.1ci maddəsinin sanksiyasından əhəmiyyətli dərəcədə ağır olmaqla məhz CM-in 181.3.3cü maddəsinin sanksiyası ilə müqayisəyə gələn ağırlıqda müəyyən edilmişdir.

Eyni zamanda CM-in 235.4.3-cü maddəsinin sanksiyası CM-in 126-cı maddəsində təsbit edilən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin bütün hallarına, hətta ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnmiş qəsdən sağlamlığa ağır zərər vurmaya görə müəyyən edilmiş sanksiyalardan (məsələn, CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmədən) əhəmiyyətli dərəcədə ağırdır.

Bunlardan, xüsusilə də CM-in 235.4.3-cü maddəsinin sanksiyasının CM-in 181.1-ci maddəsinin deyil, məhz 181.3.3-cü maddəsinin sanksiyası ilə müqayisəyə gəlməsindən, CM-in 181.1-ci maddəsi ilə yanaşı, CM-in 126-cı maddəsinin sanksiyalarından da əhəmiyyətli dərəcədə ağır olmasından görünür ki, qanunverici CM-in 235.4.3-cü maddəsinin sanksiyasını müəyyən edərkən bu maddə ilə ehtiva olunan cinayətin ictimai təhlükəliliyinin qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin ictimai təhlükəliliyindən daha yüksək olmasından (qəsdən sağlamlığa ağır zərər vurmadan fərqli olaraq cinayət qanunu ilə qorunan iki obyektə zərər vurmasından) çıxış edərək həm cinayətin özünəməxsusluğunu (o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmadan fərqliliyini) nəzərə almış, həm də (CM-in 235.4.3-cü maddəsinin sanksiyasını CM-in 181.1-ci maddəsi ilə deyil, CM-in 181.3.3-cü maddəsi ilə təxminən eyni ağırlıqda müəyyən etməklə) həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməklə və ya belə zor tətbiq etmə hədəsi ilə müşayiət olunan narkotik vasitələrin, psixotrop maddələrin (prekursorların) talama və hədə-qorxu ilə tələb etmə hallarının hamısının bir maddədə eyni bir sanksiya altında nəzərdə tutulmasını məqsədəuyğun sayaraq qəsdən sağlamlığa ağır zərər vurma ilə müşayiət edilən cinayətin ayrıca olaraq (fərqli dispozisiyada və fərqli sanksiya altında) təsbit edilməsinə zərurət görməmişdir.

Odur ki, CM-in 235.4.3-cü maddəsi istər dispozisiyanın məzmunu, istərsə də sanksiya baxımından qəsdən sağlamlığa ağır zərər vurma kimi ictimai təhlükəli nəticə və ya belə zor tətbiq etmə hədəsi ilə müşayiət edilən halları əhatə etməyən norma kimi təfsir edilə bilməz. Əməli CM-in 235.4.3-cü maddəsi ilə yanaşı, CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif etmək zərurəti isə ondan irəli gəlir ki, “həyat və sağlamlıq üçün təhlükəli olan zor” əlaməti mənaca fiziki zorakılığı, o cümlədən ağır (həyat üçün təhlükəli olan) xəsarətlərin yetirilməsini ehtiva etsə də, zorakılığın ölümlə (həyatdan məhrum olma ilə) nəticələndiyi halı əhatə etmir.

Ümumiyyətlə, istər CM-in 26-cı fəsilində nəzərdə tutulmuş, istərsə də CM-in digər fəsillərində yer alan cinayətlərlə əlaqədar “zor tətbiq etməklə” “həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə” “həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə” əlamətlərinin sağlamlığa hansı ağırlıqda zərər vurmanı əhatə edib-etməməsi, əməlin cinayətlərin məcmusu qaydasında müvafiq maddə ilə yanaşı, həm də CM-in qəsdən sağlamlığa bu və ya digər ağırlıqda zərər vurmaya görə məsuliyyət müəyyən edən 126, 127 və 128-ci maddələri ilə tövsif edilməsinə ehtiyacın olub-olmaması məsələsi həll edilərkən Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 17 mart tarixli Qərardadından irəli gələn yanaşma tətbiq edilməli, sözügedən məsələ təhlil edilməli olduğu hər bir halda baxılan cinayətin xüsusiyyətləri, o cümlədən qanunverici tərəfindən bu cinayətin ictimai təhlükəliliyinin nə cür müəyyən edildiyi, əsas tərkibi təsbit edən maddənin, cinayəti ağırlaşdıran və xüsusilə ağırlaşdıran əlamətləri nəzərdə tutan maddələrin dispozisiyalarının hansı məzmunda olması və sanksiyalarının hansı cəzaları əks etdirməsi nəzərdən keçirilməli, bunlar bir-biri ilə, eləcə də müqayisə üçün düzgün seçilmiş CM-in əlaqəli normalarının dispozisiyaları və sanksiyaları ilə müqayisə edilməli və ətraflı təhlil əsasında qeyd edilən suallar cavablandırılmalı, şəxsin əməlinə şamil edilən CM-in maddələrindən biri, o cümlədən xüsusi norma onun törətdiyi əməli tam şəkildə əhatə etdiyi halda, əməlin cinayətlərin məcmusu qaydasında tövsif edilməsinə yol verilməməlidir.

Banda tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların talanması CM-in 235 və 217-ci maddələrində göstərilən cinayətlərin məcmusu üzrə tövsif olunmalıdır.

20. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehlakı və istehlakına təhrik etmə anlayışlarına Qanunun 1.0.14 və 1.0.10-cu maddələrində izah verilmişdir.

Qanunun mənasına görə dilətutma, təklif etmə, məsləhət vermə, aldatma və sair üsullarla narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə həvəsini yaratmağa yönəldilmiş hər hansı qəsdən edilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına təhrik etmə kimi başa düşülməlidir.

Təqsirkarın müxtəlif şəxsləri (hətta eyni bir şəxsi), lakin müxtəlif vaxtlarda (yeni hərəkətlə) narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etməsi bu cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 236.2.2-ci maddəsi ilə tövsif edilməlidir.

Əgər təqsirkar eyni bir hərəkətlə iki və ya daha çox şəxsi narkotik vasitələrin (psixotrop maddələrin) istehlakına təhrik edirsə (yəni məhz iki və ya da çox şəxsdə narkotik vasitədən və ya psixotrop maddədən istifadə etmək həvəsinin yaradılması onun vahid qəsdi ilə əhatə olunduqda), hətta təhrik olunanlar müxtəlif vaxtlarda narkotik vasitələri istehlak etdikdə belə, təqsirkarın hərəkəti cinayətin təkrar törədilməsi əlaməti üzrə deyil, CM-in 236.3-cü maddəsi ilə - iki və ya daha çox şəxsin barəsində törədilən cinayət kimi tövsif olunmalıdır.

Bu hərəkətlər o vaxt yetkinlik yaşına çatmayanlar barədə edilmiş hesab olunur ki, həmin şəxsin yetkinlik yaşına çatmaması təqsirkar şəxsə məlum olsun. Təqsirkarın həmin hal barədə məlumatlı olub-olmaması üzrə məsələ həll edilərkən bu Qərarın 11-ci bəndinin 2-ci abzasında verilmiş izah nəzərə alınmalıdır.

Narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik etmə törədilmə üsuluna görə zorakı və qeyri-zorakı formada ola bilər.

CM-in 236.1-ci maddəsi yalnız qeyri-zorakı üsulları (məsələn, dilə tutma, vəd vermə, təklif etmə, məsləhət vermə və s.) nəzərdə tutur.

CM-in 236.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti ağırlaşdıran əlamət isə zərərçəkmiş şəxsi narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmək məqsədilə fiziki zorun tətbiq edilməsini və ya belə zor tətbiq etmək hədəsini ehtiva edir. Qeyd edilən tövsifedici əlamət təfsir edilərkən CM-in 236.2-ci maddəsinin dispozisiyası (cinayətin xüsusiyyətləri, o cümlədən oxşar tövsifedici əlamətləri əks etdirən CM-in 235ci maddəsi və qəsdən sağlamlığa zərər vurma cinayətlərini təsbit edən CM-in 126-128-ci maddələri ilə müqayisədə ictimai təhlükəlilik dərəcəsi) və sanksiyası (qeyd edilən maddələrin və CM-in 236.3-cü maddəsinin sanksiyaları ilə müqayisədə) ilə yanaşı, cinayətin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olmasının CM-in 236.3-cü maddəsində əməli xüsusilə ağırlaşdıran əlamət kimi təsbit edilməsi, yəni “başqa ağır nəticələr” dedikdə, hər bir halda CM-in 236.2-ci maddəsinin nəzərdə tutduğu zorakılıqla, yəni həm də ondan törəyən ictimai təhlükəli nəticələrlə müqayisədə daha ağır olan nəticələrin ehtiva olunması nəzərə alınmalıdır.

Bundan və Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 17 mart tarixli Qərardadından irəli gələn yanaşmadan çıxış etməklə CM-in 235-ci və 236-cı maddələrində göstərilən cinayətlərin əsas tərkiblərinə görə müəyyən edilmiş sanksiyaları müqayisə etdikdə görünür ki, CM-in 235-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri (psixotrop maddələri, prekursorları) talama və ya hədə-qorxu ilə tələb etmə cinayəti özlüyündə narkotik vasitələrin istehlakına təhrik etmə cinayətindən ictimai təhlükəliliyi daha yüksək olan cinayət kimi nəzərdə tutulmuş və məhz buna görədir ki, CM-in 235.3.4-cü maddəsində həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə ilə müşayiət edilən talamaya görə belə CM-in 236.2.4-cü maddəsinin sanksiyası (beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə) ilə müqayisəyə gələ bilən, hətta bir qədər ağır cəza (altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə) müəyyən edilmişdir. Bu səbəbdən CM-in 236.2.4-cü maddəsində təsbit edilən “zor tətbiq etmə və belə zor tətbiq etmək hədəsi” dedikdə, CM-in 235.3.4-cü maddəsində göstərildiyi kimi, yalnız həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zorakılığın tətbiq edilməsi ilə hədələmə başa düşülməməli, CM-in 236.2.4-cü maddəsində göstərilən zor tətbiq etmənin sağlamlığa hansı ağırlıqda zərərin vurulmasını əhatə etməsi (əməlin bu və qəsdən sağlamlığa zərər vurma cinayətlərinin ideal məcmusu kimi tövsif edilməsinə zərurətin olub-olmaması) məsələsi CM-in 126, 127 və 128-ci maddələrinin sanksiyaları ilə müqayisə edilməklə və təhrik etmə əməlinin ağır nəticələrə səbəb olmasının CM-in 236.3-cü maddəsində cinayəti xüsusilə ağırlaşdıran, yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan əlamət qismində təsbit edilməsi nəzərə alınmaqla həll edilməlidir.

Qeyd edilən maddələrin sanksiyaları ilə müqayisə aparıldıqda, eyni zamanda qanunvericinin CM-in 236-cı maddəsində sağlamlıq üçün təhlükəli olan və yaxud sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə hallarını ayırmadan onların bir maddədə “zor tətbiq etmə” ifadəsi və vahid (həm də kifayət qədər geniş və ağır) sanksiya altında nəzərdə tutulmasını mümkün sayması, onların sırasından isə yalnız ağır nəticələrə səbəb olan halların ayrılıb CM-in 236.3-cü maddəsində xüsusilə təsbit olunmasını məqsədəuyğun hesab etməsi nəzərə alındıqda, CM-in 236.2.4-cü maddəsi CM-in 127 və 128-ci maddələrinin sanksiyalarından əhəmiyyətli dərəcədə ağır olduğundan, qəsdən sağlamlığa ağır zərər vurma isə özlüyündə ağır nəticə olmaqla CM-in 236.2.4-cü maddəsi ilə deyil, CM-in 236.3-cü maddəsi ilə ehtiva olunan ictimai təhlükəli nəticə kimi çıxış etdiyindən, CM-in 236.2.4-cü maddəsi döymə, fiziki ağrı yetirmə, əl-qolunu bağlama və ya başqa şəkildə zərərçəkmiş şəxsin azadlığını məhdudlaşdırma və s. bu kimi sağlamlığa zərərin vurulması ilə nəticələnməyən hallarla yanaşı, qəsdən sağlamlığa yüngül və az ağır zərər vurma hallarını tam şəkildə əhatə edən və əməlin əlavə olaraq CM-in 127 və ya 128-ci maddəsi ilə tövsif edilməsini tələb etməyən norma kimi, CM-in 236.3-cü maddəsi isə (nə qədər ki, bu maddənin sanksiyası CM-in 126.3-cü maddəsinin sanksiyasından daha yüngüldür) zorakılıqla müşayiət edilməyən narkotik vasitələrin (psixotrop maddələrin) istehlakına təhrik etmənin nəticəsində ehtiyatsızlıqdan meydana gələn zərərçəkmiş şəxsin ölümü ilə yanaşı, CM-in 126.3-cü maddəsində göstərilən hal istisna olmaqla digər qəsdən sağlamlığa ağır zərər vurma hallarını əhatə edən və əməlin əlavə olaraq CM-in 126-cı maddəsi ilə tövsif edilməsini tələb etməyən norma kimi təfsir olunmalı, CM-in 126.3-cü maddəsində göstərilən nəticə baş verdikdə isə əməl CM-in 236.3 və 126.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir.

Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə təhrik etmə nəticəsində zərərçəkmiş şəxsin narkomaniya və ya toksikomaniya ilə xəstələnməsi qəsdən sağlamlığa zərər vurma kimi qiymətləndirilə bilməz.

Təqsirkarın CM-in 236.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünün və ya digər ağır nəticələrin məhz narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmənin, o cümlədən təhrik etmə məqsədilə tətbiq edilən zorakılığın və ya təhrikə görə narkotik vasitədən və ya psixotrop maddədən istifadə etmənin nəticəsi olması, yəni nəzərdən keçirilən əməllə zərərçəkmişin ölümü və digər ağır nəticələr arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir.

Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda, bu əməl CM-in 236.3-cü maddəsi ilə tam əhatə olunduğu üçün CM-in 124-cü maddəsi ilə əlavə tövsifə ehtiyac qalmır.

Zərərçəkmiş şəxsin ölümünə münasibətdə təqsirkarın qəsdən hərəkət etməsi müəyyən olunarsa, burada narkotik vasitədən (psixotrop maddədən) istifadə etməyə təhrik etmə ilə əlaqədar zərərçəkmiş şəxsin həmin vasitədən (maddədən) istifadə etməsi adam öldürmənin üsulu kimi çıxış etdiyindən, əməl qəsdən adam öldürmə kimi qiymətləndirilməli, CM-in 236.3-cü maddəsi ilə deyil, CM-in 120.1 və ya 120.2-ci maddəsi ilə tövsif olunmalıdır.

CM-in 236.3-cü maddəsinin nəzərdə tutduğu mənada başqa ağır nəticələr dedikdə, yuxarıda göstərilən ictimai təhlükəli nəticələrdən başqa, zərərçəkmiş şəxsin intihar etməsi və ya özünü öldürməyə cəhd etməsi, ruhi xəstəliyə tutulması, zöhrəvi və sair xəstəliklərə yoluxması, o cümlədən onda narkotik vasitələrdən asılılığın yaranması başa düşülür.

21. CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir.

CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-IIQ nömrəli Qanun ilə (III siyahı) müəyyən edilmişdir.

Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir.

Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.

Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur.

Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir.

22. CM-in 238-ci maddəsində təsbit edilmiş cinayətlərin obyektiv cəhətini tiryəkxanaların təşkil edilməsində, saxlanılmasında, habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsində ifadə olunan qəsdən törədilən hərəkətlər təşkil edir.

“Tiryəkxana” dedikdə, narkotik vasitələrin və ya psixotrop maddələrin mütəmadi istehlakı üçün nəzərdə tutulmuş yaşayış (məsələn, mənzil, fərdi ev, bağ evi və s.) və yaxud qeyri-yaşayış sahəsi (anbar, qaraj, zirzəmi və s.) başa düşülür.

Tiryəkxananın təşkili və saxlanılması məqsədilə binanın verilməsi də konstruktiv təyinatından asılı olmayaraq istənilən tikilinin və yaxud onun bir hissəsinin həmin məqsədlər üçün başqa şəxsin (tiryəkxananı təşkil edənin, saxlayanın) istifadəsinə verilməsini ehtiva edir.

Tiryəkxana üçün yaşayış və qeyri-yaşayış sahələrinin əldə edilməsi, icarəyə, əvəzsiz olaraq istifadəyə və ya sahibliyə götürülməsi, təmir olunması, yenidən qurulması, xüsusi avadanlıqlarla təchiz edilməsi və sair bu kimi hərəkətlər tiryəkxananın təşkil edilməsi kimi təfsir olunmalıdır.

Tiryəkxananı saxlama dedikdə isə artıq şəxsin özü və yaxud başqası tərəfindən təşkil olunmuş tiryəkxananın fəaliyyətinin davam etdirilməsinə yönələn hərəkətlər, məsələn, tiryəkxananın yerləşdiyi yaşayış və yaxud qeyri-yaşayış sahələrinin istismarı ilə bağlı maliyyə xərclərinin çəkilməsi, onların mühafizəsinin təşkil edilməsi, tiryəkxanadan istifadəni nizamlamaq üçün tədbirlərin görülməsi başa düşülməlidir.

Nəzərə almaq lazımdır ki, CM-in 238-ci maddəsində nəzərdə tutulmuş cinayətlər formal tərkiblidir. Bu cinayətlər tiryəkxanada narkotik vasitələrdən və ya psixotrop maddələrdən faktiki olaraq istifadə edilib-edilməməsindən asılı olmayaraq, tiryəkxanaların təşkil edilməsini, saxlanmasını, habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsini ifadə edən hərəkətlər törədildiyi andan bitmiş hesab olunur.

CM-in 238.1.1 və 238.2.2-ci maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərlə törədilmiş cinayətlərə dair işlərə baxılarkən “qabaqcadan əlbir olan bir qrup şəxs”, “mütəşəkkil dəstə”, “cinayətlərin təkrar törədilməsi” haqqında CM-in müvafiq olaraq 34.2, 34.3 və 16-cı maddələri, habelə bu Qərarın 12-ci bəndində qeyd olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında əksini tapmış hüquqi mövqelər rəhbər tutulmalıdır.

Eyni əməllərin təkrar törədilməsi dedikdə (CM-in 238.2.2-ci maddəsi), məhz CM-in 238.1-ci maddəsində təsvir olunmuş kriminal hərəkətlərin, yəni tiryəkxananın təşkil edilməsinin və saxlanmasının, eləcə də tiryəkxananın təşkil edilməsi və saxlanması məqsədilə binanın verilməsinin iki və ya iki dəfədən çox törədilməsi başa düşülür.

Nəzərə almaq lazımdır ki, tiryəkxananı təşkil edən və saxlayan şəxs tiryəkxananın istifadəçilərini narkotik vasitələrlə və ya psixotrop maddələrlə təmin etdikdə və yaxud onları həmin maddələrin və ya vasitələrin istehlakına təhrik etdikdə, onun hərəkətləri cinayətlərin məcmusu qaydasında CM-in 238-ci maddəsi ilə yanaşı, müvafiq olaraq CM-in 234.2, 234.3-1 (234.4, 234.4-1) və 236-cı maddələri ilə tövsif olunmalıdır.

23. CM-in 239-cu maddəsinin dispozisiyasına əsasən narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə cinayətinə görə məsuliyyət o vaxt yaranır ki, resept belə sənəd vermə səlahiyyəti olan şəxs tərəfindən verilsin (xüsusi subyekt) və buna tibbi göstəricilər olmasın.

Resept verilməsinə tibbi göstəricilərin olub-olmaması ekspert rəyi ilə müəyyənləşdirilməlidir.

Resept dedikdə, həkimin dərmanların hazırlanması və buraxılması, habelə onların istifadə olunması haqqında aptekə təqdim olunmaq üçün verdiyi yazılı tövsiyə başa düşülür.

Reseptləri saxtalaşdırma dedikdə, əsl sənədə (blanka) bilə-bilə yalan məlumatlar yazma, yaxud əsl reseptə oxşayan tam saxta sənəd düzəltmə və ya reseptin məzmununu burada yazılanları təhrif etməklə (məsələn, ayrı-ayrı sözləri, rəqəmləri müxtəlif üsul və vasitələrlə pozub onların əvəzinə başqa məlumatlar yazma) dəyişdirmə başa düşülür.

Həmin cinayət narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptlər qanunsuz olaraq verildiyi və ya saxtalaşdırıldığı andan bitmiş hesab edilir. Belə resept əsasında şəxsin narkotik vasitə və ya psixotrop maddə əldə etməyə müvəffəq olub-olmaması CM-in 239-cu maddəsi üzrə məsuliyyət məsələsinin həlli üçün əhəmiyyət daşımır.

Şəxs özü saxtalaşdırdığı reseptlə narkotik vasitə və ya psixotrop maddə əldə etdikdə, onun əməli cinayətlərin məcmusu qaydasında CM-in 239-cu maddəsi ilə yanaşı, narkotik vasitəni (psixotrop maddəni) əldə etməsinin məqsədindən və vasitənin (maddənin) miqdarından asılı olaraq CM-in 234-cü maddəsi ilə tövsif olunmalıdır.

Reseptin saxtalaşdırılması əməlinin həm də CM-in 320-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur.

24. CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olubolmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır.

Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir.

CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır.

CM-in 240.4-cü maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinin yaranması (əməllərin kriminallaşdırılması) bu maddənin dispozisiyasında təsbit edilmiş ehtiyatsızlıqdan güclü təsir edən və ya zəhərli maddələrin talanması, başqa mühüm ziyanın vurulması kimi ictimai təhlükəli nəticələrin baş verməsi ilə şərtləndirildiyindən və həmin predmetlərin istehsalı, əldə edilməsi, uçotu, saxlanması, buraxılması, daşınması və ya göndərilməsi qaydalarının pozulması özü-özlüyündə (ehtiyatsızlıqdan törəyən ictimai təhlükəli nəticələr baş vermədiyi halda) cinayət məsuliyyəti yaratmadığından, bu cinayət əməli CM-in 240-cı maddəsində nəzərdə tutulmuş digər cinayət əməllərindən fərqli olaraq maddi tərkibli və ehtiyatsızlıqdan törədilən cinayət kimi xarakterizə olunur.

CM-in 240.4-cü maddəsində təsbit edilən ehtiyatsızlıqdan başqa mühüm ziyan vurulması əlaməti qaydaların pozulması səbəbindən güclü təsir edən və ya zəhərli maddələrin itirilməsi və ya məhv edilməsi ilə qanuni sahibinə əhəmiyyətli maddi zərərin vurulmasında, şəxsin uzun sürən xəstəliyə tutulmasında, ətraf mühitin zəhərli maddələrlə çirkləndirilməsində, istehsalat prosesinin uzun müddətə dayandırılmasında, sağlamlığa az ağır və ya ağır zərər vurmada və sair bu kimi ehtiyatsızlıqdan meydana gələn nəticələrdə ifadə oluna bilər.

Bu hərəkətlər ehtiyatsızlıqdan adam ölümünə səbəb olduqda həmin hərəkətlər cinayətlərin məcmusu qaydasında CM-in 240.4-cü maddəsi və CM-in 124.1 və ya 124.2ci maddəsi ilə tövsif olunmalıdır.

25. Məhkəmələrə izah olunsun ki, CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursa-olsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir.

Şəxsin tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində özündə olan və ya istintaq hərəkətinin aparıldığı məkanda saxlanılan narkotik vasitəni (psixotrop maddəni, prekursoru, narkotik vasitələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddəni) təhvil verməsi təqsirkarın barəsində CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya CM-in 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiq edilməsinə əsas vermir.

Lakin şəxsin hər hansı bir əmələ görə, hətta narkotik vasitələrin və ya psixotrop maddələrin (güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinin törədilməsində şübhəli olduğuna görə tutulması və yaxud ona münasibətdə bu və ya digər istintaq hərəkətinin aparılması faktı özü-özlüyündə CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiqini istisna edən hallar kimi nəzərdən keçirilməməlidir. Məsələn, xuliqanlıq etməsi ilə əlaqədar tutulmuş şəxsin evində, başqa məkanda narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə) saxlaması barədə məlumat verib səlahiyyətli şəxsə həmin vasitəni (maddəni) təqdim etməsi və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üstündə və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitələrdən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda (meşədə, başqalarına məxsus və ya sahibsiz tikililərdə, inşaat sahələrində, ona aid olmayan boş ərazilərdə və s. bu kimi yerlərdə) narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şəxsin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxsin sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin (psixotrop maddənin, prekursorun, güclü təsir edən və ya zəhərli maddənin) qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, CM-in 234 və 240-cı maddələrinin qeydlərində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzərdən keçirilməlidir.

Belə hallarda, habelə narkotik vasitənin və ya psixotrop maddənin (onların prekursorlarının), eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli məddələrin bir hissəsini satdığı, qalan hissəsini isə qeydlərə uyğun qaydada könüllü təhvil verdiyi halda, şəxs tamamilə deyil, müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitəyə (psixotrop maddəyə, prekursora, güclü təsir edən və ya zəhərli maddəyə) görə cinayət məsuliyyətindən azad olunmalıdır.

CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin mənasına görə narkotik vasitəni və ya psixotrop maddəni, onların prekursorlarını könüllü təhvil vermiş və yaxud bu predmetlərlə əlaqədar olan cinayətlərin açılmasında və ya qarşısının alınmasında, onları törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs müvafiq əməlləri narkotik vasitəni (psixotrop maddəni, prekursoru) satmaq məqsədi ilə və ya belə məqsəd olmadan törətməsindən asılı olmayaraq cinayət məsuliyyətindən azad edilir.

Qeyd olunan cinayətləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə dedikdə, təkcə cinayətin törədilməsində iştirak etmiş digər şəxslər bu cinayətin predmetlərinin saxlandığı, hazırlandığı və satıldığı yer haqqında deyil, onların qanunsuz dövriyyəsindən əldə edilən əmlakın olduğu yer haqqında da hüquq mühafizə orqanlarına məlumat vermə başa düşülməlidir.

26. CM-in 234-cü maddəsinin qeydinin 2-ci bəndində istinad edilən qanunda (siyahılarda) müəyyən olunmayan maddənin (o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin analoqlarının) əldə edilməsi və ya saxlanılması cinayət məsuliyyəti yaratmır.

27. Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər.

Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır.

Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın.

Həmçinin işlərə baxılarkən CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması araşdırılmalı və bu araşdırmanın nəticələrindən irəli gələn məsələlər həll edilməlidir.

Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilmiş əmlakın müsadirəsini təmin etmək məqsədilə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müvafiq əmlakı, o cümlədən bank əmanətləri üzərinə həbs qoyulmadığı hallarda məhkəmələr baxılan işin halları əsas verdikdə xüsusi qərar çıxarmaqla buna münasibət bildirməli və həmin tədbirin həyata keçirilməsini təmin etməlidirlər.

28. Məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir.

Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir.

29. İstintaq orqanı CPM-in 211-ci maddəsinin tələblərinə zidd olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin əldə etmə mənbələri barədə cinayət işi əvəzinə, material ayırdıqda müvafiq işə baxan məhkəmə tərəfindən bu qanun pozuntusuna münasibət bildirilməlidir.

30. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunması üzrə dövlət orqanlarının fəaliyyətində əməliyyat-axtarış fəaliyyətinin xüsusi yer tutduğunu, o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunduğunu nəzərə alaraq əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarında bu məsələyə həsr olunmuş izahlarla yanaşı, CPM-in 137-ci maddəsindən və digər normalarından, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-IQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra – 728-IQ nömrəli Qanun) müddəalarından irəli gələn, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyataxtarış tədbirində iştirakı, hansı əməliyyat-axtarış tədbirləri barədə məhkəmə nəzarətinin həyata keçirilməli olması və s. məsələlərlə əlaqədar aşağıdakı hüquqi mövqelər nəzərə alınmalıdır.

31. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-IQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

728-IQ nömrəli Qanunun 10-cu maddəsinin I hissəsinin 1-18-ci bəndlərində əməliyyat-axtarış tədbirlərinin bütün növləri qapalı siyahı şəklində təsbit edilmişdir.

Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri isə CPM-in 445.1-ci maddəsinə və 728-IQ nömrəli Qanunun 10-cu maddəsinin III hissəsinə əsasən həmin maddənin I hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş “telefon danışıqlarına qulaqasma”, 4-cü bəndində nəzərdə tutulmuş “poçt, teleqraf və digər göndərişlərin yoxlanılması”, 5-ci bəndində nəzərdə tutulmuş “texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması”, 8-ci bəndində nəzərdə tutulmuş “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə”, 9-cu bəndində nəzərdə tutulmuş müstəsna olaraq texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə həyata keçirildiyi halda, “yaşayış yerlərinin müşahidəsi”, habelə 10-cu bəndində nəzərdə tutulmuş “insanların güdülməsi” tədbirləridir.

CPM-in 445.2-ci maddəsinə və 728-IQ nömrəli Qanunun 10-cu maddəsinin IV hissəsinə əsasən şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarma, habelə insanları güdmə kimi əməliyyat-axtarış tədbirləri; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün isə binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirmə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər.

CPM-in 445.2-ci maddəsinə və 728-IQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən həmin maddənin IV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyataxtarış tədbiri məhkəmə qərarı olmadan həyata keçirildikdə, onun keçirilməsindən sonra 48 saat ərzində əməliyyat-axtarış fəaliyyətinin subyekti (səlahiyyətli şəxs) həyata keçirilmiş tədbirlər barədə əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın yerləşdiyi yer üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidir (eyni bir əməliyyat-axtarış tədbirinə məhkəmə nəzarətinin həyata keçirilməsi üçün əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərarın bir neçə məhkəməyə – tədbirin faktiki olaraq baş tutduğu yer üzrə və tədbirin keçirilməsinə qərar vermiş orqanın yerləşdiyi yer üzrə məhkəməyə göndərilməsinə yol verilməməlidir).

İstinad edilən CPM-in və 728-IQ nömrəli Qanunun müddəalarından, eləcə də CPM-in məhkəmə nəzarətinin həyata keçirilməsini tənzimləyən LII fəslinin digər normalarından göründüyü kimi, məhkəmə nəzarəti yalnız CPM-in 445.1-ci maddəsində və 728-IQ nömrəli Qanunun 10-cu maddəsinin III hissəsində dəqiq müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərinə münasibətdə, məhz bu tədbirlərin keçirilməsi üçün məhkəmə qərarının alınmasına dair əməliyyat-axtarış fəaliyyəti subyektinin (səlahiyyətli şəxsin) vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında vəsatətin təmin edilməsi üçün əsasların müəyyən edilməsindən asılı olaraq - müvafiq tədbirin keçirilməsinə və yaxud bundan imtina edilməsinə dair məhkəmə qərarı çıxarılmaqla, əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildikdə - həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması yolu ilə həyata keçirilməlidir.

728-IQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilən digər əməliyyat-axtarış tədbirlərinə münasibətdə CPM-in LII fəslində nəzərdə tutulmuş prosedurda məhkəmə nəzarəti həyata keçirilməməli, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektləri və prokurorlar tərəfindən belə tədbirlərlə əlaqədar vəsatət və təqdimatlar verilməməli və yaxud bu cür tədbirlərin keçirilməsindən sonra onların keçirilməsinə dair qərar və əlaqəli materiallar məhkəməyə göndərilməməli, məhkəmələr isə daxil olmuş belə materiallar üzrə məhkəmələrin səlahiyyətləri daxilində işlərə, digər materiallara baxmalı olduqlarını müəyyən edən cinayət mühakimə icraatının ümumi prinsiplərinə, o cümlədən CPM-in 23.1-ci maddəsinə və digər əlaqəli normalarına əsaslanmaqla onların baxılmadan geri qaytarılması haqqında qərar qəbul etməlidirlər.

Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər.

32. CPM-in və 728-IQ nömrəli Qanunun yuxarıda istinad olunan və digər normaları (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1-ci hissəsi və s.) əməliyyat-axtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyataxtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda 728-IQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyat-axtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir.

Nəzərə almaq lazımdır ki, 728-IQ nömrəli Qanunun 12-ci maddəsinin III hissəsinin 6-cı bəndi məhkəmə nəzarətinin həyata keçirilməli olduğu tədbirlər sırasına aid edilən, lakin məhkəmə qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbiri üzrə səlahiyyətli şəxsin qərarında “tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə”nin göstərilməli olduğunu təsbit etdiyi kimi, CPM-in 446.2.9-cu maddəsi də onu tələb edir ki, məhkəməyə daxil olan əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında vəsatətdə “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və həmin nəticənin hansı üsullarla rəsmiləşdiriləcəyi” öz əksini tapsın.

728-IQ nömrəli Qanunun 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də 728-IQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir.

Odur ki, əməliyyat-axtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması 728-IQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPM-in 446.2.9-cu maddəsi isə əməliyyat-axtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyat-axtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmə qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirlidiyi halda da həmin qərarda əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyataxtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır.

Məsələn, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyataxtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin.

Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər.

Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir.

33. Əməliyyat-axtarış tədbiri gedişində materialların əldə olunması məsələsinin tənzimləmə mexanizmindən (əsasən 728-IQ nömrəli Qanunun tənzimləmə sferasına aid edilməsindən) fərqli olaraq CPM-in 137-ci maddəsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların məhz CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına (məsələn, təhqiqatçıya, müstəntiqə) təqdim edilməsini və həmin materialların ittihamın əsaslandırılmasında sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını tələb edir.

Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdə məlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir.

Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər.

Qeyd olunanlardan çıxış edərək, məhkəmələr cinayət işlərinə baxarkən əməliyyataxtarış tədbirlərinin gedişatının və nəticələrinin əldə edilən məlumatların sübut kimi qəbul edilə bilməsini təmin edəcək dərəcədə etibarlı şəkildə rəsmiləşdirilib-rəsmiləşdirilməməsinə, əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən təhqiqatçıya, müstəntiqə təqdim edilən materialların sübut kimi yolverilənliyinin onlar tərəfindən lazımınca yoxlanılıb-yoxlanılmamasına xüsusi diqqət yetirməli, materiallar əməliyyataxtarış tədbirlərinin nəticələrinin yolverilənliyi yoxlanılmadan və qanuni əsas olmadan cinayət prosesində sübut kimi qəbul edildikdə, cinayət təqibini həyata keçirmiş vəzifəli şəxslərin fəaliyyətsizliyinə və onlar tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına xüsusi qərar çıxarmaqla münasibət bildirməlidirlər.

34. Nəzərə almaq lazımdır ki, CPM, 728-IQ nömrəli Qanun və yaxud hər hansı bir digər normativ hüquqi akt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyataxtarış tədbirləri keçirildikdə götürülməsinə zərurət yaranan, cinayət prosesində maddi sübut əhəmiyyətinə malik ola biləcək bu və ya digər əşyanın (məsələn, narkotik vasitənin, psixotrop maddənin, prekursorun) bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində deyil, müstəsna olaraq şübhə edilən şəxs saxlanılıb polis qurumunda təhqiqatçıya təhvil verildikdən və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulma protokolu tərtib edildikdən sonra istintaq hərəkəti (məsələn, şəxsi axtarış və götürmə) vasitəsi ilə əldə edilməsini nəinki tələb etmir, hətta bunun əksini, yəni bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların götürülməsini və bunun əməliyyat-axtarış tədbirlərinin nəticələrini rəsmiləşdirən sənəddə (məsələn, raportda və ya protokolda) CPM-in 245.8 və 247.1.9-cu maddələrində nəzərdə tutulanlara analoji şəkildə - götürülən predmetin miqdarı, çəkisi, nə cür qablaşdırıldığı və digər xüsusi əlamətləri göstərilməklə əks etdirilməsini, habelə CPM-in 148.2-ci maddəsində təsbit edilən əsaslar olduqda, yəni şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən (məsələn, şəxsin güdülməsi kimi əməliyyat-axtarış tədbirinin gedişində onun narkotik vasitəni əldə etməsi, daşıması, başqasına satması və ya əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilərkən onun narkotik vasitəni saxlaması müşahidə edildikdə) və yaxud bilavasitə əməlin törədilməsindən sonra yaxalandıqda; hadisəni görən şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edildikdə şəxsin şübhəli şəxs qismində tutma protokolunu tərtib etmək səlahiyyətində olan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş) şəxsə təqdim edilməsi üçün təhqiqat orqanının əməkdaşı hesab edilən müvafiq əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən tutulub-saxlanılmasını (bu məqsədin təmin edilməsi üçün zəruri olan müddəti aşmamaq şərti ilə azadlığının faktiki məhdudlaşdırıla bilməsini) ehtiva edir.

Belə ki, CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur.

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin III hissəsinə görə də polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirə salınmadan tutulmasına şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda yol verilə bilər.

Təsadüfi deyil ki, CPM-in 90.11.2-ci maddəsi tutularkən baxışa və şəxsi axtarışa məruz qalmağı şübhəli şəxsin vəzifəsi kimi göstərir, yəni qanunverici şəxsin şübhəli şəxs qismində tutulması faktını məhkəmə qərarının əvvəlcədən alınmasını və yaxud həmin prosessual hərəkətlər keçirildikdən sonra onların məhkəmə nəzarəti qaydasında yoxlanılmasını tələb etməyən, özü-özlüyündə baxışın və ya şəxsi axtarışın keçirilməsini şərtləndirən hal kimi nəzərdən keçirir.

O da təsadüfi deyil ki, CPM-in 149.1.1 və 149.1.2-ci maddələri, hətta hadisəni görən kənar şəxsə belə cinayət baş verdikdə və ya cinayət baş verdikdən sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə həmin şəxsin əl-ayağını bağlamaq, onun üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olması ehtimal edildikdə, onun üstünü yoxlamaq və bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürmək imkanını tanıyır.

Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir.

Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir.

Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir.

35. Nəzərə alınmalıdır ki, şərh edilən vəziyyətdə şəxsin tutulması əməliyyat-axtarış tədbirinin gedişində baş verdiyi üçün, yəni o, faktiki olaraq cinayət başında və yaxud cinayət törətdikdən dərhal sonra yaxalandığına görə, onun barəsində şübhəli şəxs qismində tutulması haqqında qərarın çıxarılması tələb olunmur.

CPM-də bir növ hadisələrin təsadüfi axarında şəxsin şübhəli şəxs qismində tutulması ilə öncədən məlum olan hallara görə şübhəli şəxsin tutulmasını fərqləndirərək yalnız ikinciyə aid edilə biləcək vəziyyətdə şübhəli şəxsin tutulmasını cinayət təqibi orqanı tərəfindən əvvəlcədən buna dair qərarın çıxarılması ilə şərtləndirmişdir.

Belə ki, CPM-in 147.1.1-147.1.3, 147.2.1-147.2.3, 148 və 149-cu maddələrinin əlaqəli şərhi onu deməyə əsas verir ki, CPM-in 148-ci maddəsində göstərilən hallarda cinayət törətməsinə şübhə yaranması ilə əlaqədar şəxs əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən və yaxud CPM-in 149-cu maddəsində göstərilən halda hadisəni görən kənar şəxs tərəfindən yaxalandıqda, şəxsin şübhəli şəxs qismində tutulması hər hansı bir qərara əsasən deyil, CPM-in 148 və ya 149-cu maddəsində göstərilən faktların meydana gəlməsinə görə baş vermiş olur və bu halda artıq baş vermiş (hər hansı bir qərar olmadan həyata keçirilmiş) tutma faktının rəsmiləşdirilməsi tələb olunur ki, bu da CPM-in 148.5-ci maddəsində təsbit edildiyi kimi, cinayət prosesini həyata keçirən orqan (məsələn, təhqiqatçı və ya müstəntiq) tərəfindən tutma protokolunun tərtib edilməsi yolu ilə realizə edilməlidir.

Odur ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı CPM-in 148.2-ci maddəsində (“Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin III hissəsində) göstərilən, tutulmanın dərhal tətbiq edilməsinə əsas verən halların olması ilə əlaqədar şübhəli şəxs yaxalandıqda əməliyyat-axtarış fəaliyyətinin subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportda və ya protokolda şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı yer, tarix, vaxt və saxlanılmanın səbəbi də göstərilməklə zəruri məlumatlar əks etdirilməli, şübhəli şəxs qismində tutulmanın prosessual məcburiyyət tədbiri olaraq rəsmiləşdirilməsi isə (müvafiq əsaslar olduğu halda) şübhəli şəxs təqdim edildikdən dərhal sonra cinayət təqibini həyata keçirən orqan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs) tərəfindən CPM-in 147.5-ci maddəsinə müvafiq surətdə tərtib edilmiş tutma protokolu tərtib edilməklə, o cümlədən protokolda şübhəli şəxs qismində tutulmanın əvvəli kimi onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxt xüsusilə qeyd edilməklə həyata keçirilməlidir.

36. Nəzərə almaq lazımdır ki, 728-IQ nömrəli Qanunun 10-cu maddəsinin 8-ci bəndində təsbit edilmiş “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə” kimi əməliyyataxtarış tədbiri həmin maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir.

728-IQ nömrəli Qanunun 10-cu maddəsinin IV hissəsinin 2-ci bəndinə əsasən müstəsna olaraq “cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün” həmin əməliyyat-axtarış tədbiri əvvəlcədən məhkəmə qərarı alınmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçən orqanının səlahiyyətli şəxsinin qərarı əsasında keçirilə bilər.

728-IQ nömrəli Qanunun qeyd olunan və digər müddəalarından göründüyü kimi, (ümumiyyətlə, əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətinə görə) bütün hallarda baxış məcburi xarakter daşıyır və qanunvericilik binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxışın barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxsin və yaxud hər hansı şəkildə baxışın keçirildiyi yerə aidiyyəti olan şəxsin (məsələn, yaşayış sahəsinin mülkiyyətçisinin və yaxud orada yaşayan şəxslərin) razılığı ilə keçirilməsini ehtiva etmir.

Əməliyyat-axtarış tədbiri qismində baxışı CPM-in 177.3.1-ci maddəsində göstərilən “yaşayış yerinə, xidməti, istehsalat binalarına baxış” istintaq hərəkətlərindən fərqləndirən mühüm cəhətlərdən biri də məhz odur ki, istintaq hərəkəti qismində baxış CPM-in 177.1 və 177.6-cı maddələrinə əsasən məcburi qaydada və ya “yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə” aparıla bildiyi və CPM-in 442.1 və 443-cü maddələrinə əsasən müstəsna olaraq həmin istintaq hərəkəti məcburi aparıldıqda bu istintaq hərəkətinə münasibətdə məhkəmə nəzarəti həyata keçirilməli olduğu halda, əməliyyat-axtarış tədbiri qismində baxış bütün hallarda məcburi xarakterli tədbir kimi çıxış edir və CPM-in 445.1.4 və 445.2-ci maddələrinə əsasən istər məhkəmə qərarı, istərsə də əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında keçirilsin - birinci halda öncədən, ikinci halda isə sonradan məhkəmə nəzarətinin həyata keçirilməsini labüd edir.

728-IQ nömrəli Qanunun 10-cu maddəsinin IV hissəsinin 2-ci bəndinin məzmununa görə həmin maddədə göstərilən əsaslar olduqda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlər üzrə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə baxışın keçirilməsi istisna edilmir. Belə əməliyyat-axtarış tədbirləri üzrə məhkəmə nəzarətinin səmərəliliyinin təmin edilməsi üçün isə CPM-in 445.2-ci maddəsinə və 728-IQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən tədbir aparıldıqdan sonra məhz 48 saat müddətində həmin qərarın məhkəməyə təqdim edilməsi və məhkəmənin əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması üçün zəruri hesab etdiyi digər materialların ona verilməsi tələb olunur.

İstintaq hərəkəti kimi yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış isə (CPM-in 177.6-cı maddəsində göstərilən şəxslərin dəvəti və ya icazəsi olmadıqda) CPM-in 177.4.1-ci maddəsinə əsasən təxirə salına bilinməyən hallarda müvafiq məhkəmə qərarı olmadan müstəntiqin (CPM-in 86.4.2-ci maddəsinə görə həm də təhqiqatçının) əsaslandırılmış qərarı əsasında müstəsna olaraq CPM-in 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda aparıla bilər ki, qeyd olunan əsaslar və hallar narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, eləcə də həmin predmetlərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi məqsədilə təxirəsalınmaz qaydada baxışın keçirilməsini ehtiva etmir.

Belə ki, CPM-in 243.3-cü maddəsinə əsasən axtarış və götürməyə münasibətdə müəyyən olunduğu kimi, təxirə salına bilinməyən hallarda yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış müstəntiqin (eləcə də təhqiqatçının) əsaslandırılmış, yəni, o cümlədən baxışın zəruriliyinə və təxirə salınmadan keçirilməli olmasına dair izahı əks etdirən qərarı əsasında aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumatlar olduqda aparıla bilər:

- şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini;

- şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini;

- yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını;

- yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu.

Odur ki, əgər CPM-in 177.6-cı maddəsində göstərilən şəxslərin dəvəti və ya icazəsi yoxdursa, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, eləcə də həmin predmetlərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi məqsədilə “yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış” istintaq hərəkəti müstəsna olaraq məhkəmə nəzarəti qaydasında çıxarılmış məhkəmə qərarı əsasında məcburi keçirilə bilər.

728-IQ nömrəli Qanunun 10-cu maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri sırasında axtarış, ümumiyyətlə, nəzərdə tutulmadığından, istintaq hərəkəti kimi axtarış isə CPM-də “yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış”dan fərqləndirildiyindən, baxış istər məcburi qaydada, istərsə də istintaq hərəkəti kimi CPM-in 177.6-cı maddəsində göstərilən şəxslərin razılığı ilə aparıldıqda baxışın əvəzinə axtarışın keçirilməsinə yol verilməməli, bu cür hal məhkəmə nəzarətinin həyata keçirilməsi üzrə icraatda müəyyən edildikdə müvafiq qərarın (onun əsasında keçirilmiş əməliyyat-axtarış tədbirinin və ya istintaq hərəkətinin) qanuniliyinin qiymətləndirilməsi, cinayət işi üzrə məhkəmə baxışında isə həm də əməliyyat-axtarış tədbiri və ya istintaq hərəkəti nəticəsində əldə olunmuş sübutun mümkünlüyünün dəyərləndirilməsi zamanı nəzərə alınmalıdır.Əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş şübhəli şəxsin üstünün yoxlanılması ətraflı raportla və yaxud şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair CPM-in 247-ci maddəsində təsbit edilən protokola analoji surətdə tərtib edilən protokolla rəsmiləşdirilə bildiyi kimi, əməliyyat-axtarış tədbiri qismində “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış”ın gedişatı və nəticələri də (o cümlədən sübut əhəmiyyəti ola biləcək predmetlərin götürülməsi) əməliyyat-axtarış tədbirini həyata keçirmiş şəxs tərəfindən baxışın keçirildiyi yerdə və ya obyektiv səbəblərə görə bu mümkün olmadıqda baxışdan dərhal sonra müvafiq polis qurumunda və ya əməliyyat-axtarış tədbirini həyata keçirmiş digər orqanda müvafiq qərarda göstərilən rəsmiləşdirilmə üsuluna uyğun olaraq, o cümlədən raportla və yaxud məzmunca CPM-in 236-cı maddəsində nəzərdə tutulmuş baxış istintaq hərəkətinə dair protokola analoji surətdə tərtib edilən protokolla rəsmiləşdirilə bilər.

37. Əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər CPM-in 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər CPM-in 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair CPM-in müddəaları əməliyyataxtarış tədbirinə də şamil olunmalıdır.

Əksinə, əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, o cümlədən bir çox hallarda gizli, konspirativ üsullarla həyata keçirilməsi, tətbiq edilən üsulların, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin, məlumat mənbələrinin məxfiliyini qorumaq zərurəti hal şahidlərinin, müdafiəçilərin əməliyyat-axtarış tədbirlərində iştirak etmələrini istisna edir və həmin şəxslərin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən bu və ya digər əməliyyat-axtarış tədbirinə, məsələn, əməliyyat-axtarış tədbirinin gedişində saxlanılan şəxsin üstünün yoxlanılmasına və yaxud “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinə cəlb edilməsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutların mötəbərliyinə (sübut əhəmiyyətli ola biləcək predmetin əldə edilməsi şəraitinin qüsurluluğuna görə) sübhə salan hal kimi nəzərdən keçirilə bilər.

Əməliyyat-axtarış tədbirinin gedişində CPM-in 148.2-ci maddəsində göstərilən halların meydana gəlməsinə görə şübhəli şəxsin tutulması (azadlığının məhdudlaşdırılması) faktı da tutulma anında şübhəli şəxsin yanında müdafiəçisinin olmasını şərtləndirən və bu səbəbdən əməliyyat-axtarış tədbirini həyata keçirən səlahiyyətli şəxs üçün həmin yerdə və yaxud müvafiq polis qurumuna və yaxud əməliyyataxtarış fəaliyyətini həyata keçirən digər orqana gətirildikdən sonra müdafiəçinin iştirakını təmin etmək vəzifəsi yaradan hal deyildir.

Əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, eləcə də CPM-in 148.2-ci maddəsində göstərilən şübhəli şəxs qismində tutulmanı şərtləndirən halların bir növ hadisələrin təsadüfi axarında meydana gələn hallar xarakterində olması əməliyyat-axtarış tədbirinin gedişində müdafiəçinin iştirakını istisna etdiyi kimi, əməliyyat-axtarış tədbiri gedişində tutulma faktiki olaraq tətbiq edildikdə (həmin anda) şübhəli şəxsin yanında müdafiəçisinin olması (əməliyyatçı tərəfindən ona müdafiəçinin təqdim edilməsi) istisna olunur.

Təsadüfi deyil ki, CPM-in 90.7 və 90.7.5-ci maddələri tutulmuş şübhəli şəxsin hüquqlarının həyata keçirilməsini tutulma anı, yəni artıq baş vermiş şübhəli şəxs qismində tutulma faktı ilə əlaqələndirmişdir. Şəxsin CPM-in 148.2-ci maddəsində göstərilən hallarda faktiki tutulub-saxlanılması (yaxalanması) və bununla əlaqədar cinayət təqibini həyata keçirilən orqana gətirildikdən dərhal sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən tutulmanı rəsmiləşdirən protokolun tərtib edilməsi isə səlahiyyətli şəxslərin şübhəli şəxs qismində tutulmanın tətbiqi üzrə bütöv fəaliyyətin elementləri olduğundan bir-birindən ayrıla və tutma dedikdə, müstəsna olaraq faktiki tutulma ehtiva oluna (protokolun tərtib edilməsi isə “şübhəli şəxs qismində tutulma” anlayışından xaric edilə) bilməz.

O da təsadüfi deyil ki, CPM-in 86.8-ci maddəsi təhqiqat orqanının əməkdaşının (yəni, o cümlədən əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsinin) səlahiyyətləri sırasında şübhəli şəxsi tuta bilməsini (yəni yaxalaya, azadlığının faktiki məhdudlaşdıra bilməsini) təsbit etməklə yanaşı, həmin maddənin digər müddəaları şübhəli şəxsi tutulma prosesində müdafiəçi ilə təmin etmək vəzifəsini deyil, “tutulan şəxsə onun hüquqlarını”, yəni, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququnu izah etmək vəzifəsini nəzərdə tutmuşdur (CPM maddə 86.8.4).

CPM-in 86.2.2 və 86.2.3-cü, habelə 85.2.2 və 85.2.3-cü maddələrində də müvafiq olaraq təhqiqatçının və müstəntiqin vəzifələri sırasında şübhəli şəxs tutulduğu andan ona hüquqlarını izah etmək; tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etmək vəzifələri müəyyən edilmişdir.

O da nəzərə alınmalıdır ki, CPM-in 153.2-ci maddəsində cinayət prosesini həyata keçirən orqanın (yəni əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxslərin deyil, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxslərin) və tutulmuş şəxsin yerləşdirildiyi müvəqqəti saxlama yerlərinin əməkdaşlarının tutulmuş şübhəli şəxsə münasibətdə digərləri ilə yanaşı, aşağıdakı vəzifələri də nəzərdə tutulmuşdur:

- tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək (maddə 153.2.1);

- şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq (maddə 153.2.5);

- tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq (maddə 153.2.6);

- tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq (maddə 153.2.7).

Qeyd olunan normaların bir-biri ilə, eləcə də CPM-in vəkilin şübhəli şəxsin müdafiəsi üçün cinayət prosesində iştirak etməsini tənzimləyən 92.3.9, 92.4.1, 92.4.2 və 92.4.6-cı maddələri ilə müqayisəli şəkildə təhlili onu deməyə əsas verir ki, cinayətprosessual qanunvericilik tutulmuş şübhəli şəxsin müdafiəçiyə malik olmaq hüququnun realizə edilməsini bir qayda olaraq tutulmanın prosessual məcburiyyət tədbiri kimi artıq tətbiq edilmiş (mövcud) olması ilə şərtləndirməklə, bu hüququ təmin etmək vəzifəsini müvafiq təhqiqat və ibtidai istintaq orqanının üzərinə qoymuşdur.

Başqa sözlə, şəxsin cinayət törətməsinə şübhə yaranması ilə əlaqədar (CPM-in 148-ci maddəsində göstərilən hallarda) tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ deyil, hüquqları barədə, o cümlədən tutulduqdan dərhal sonra müdafiəçiyə malik olmaq hüququna dair məlumat və izah almaq hüququ yaranır.Odur ki, şübhəli şəxs əməliyyataxtarış tədbirinin keçirilməsi ilə əlaqədar əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tutulub- saxlanıldıqda (yaxalandıqda) faktiki tutulma anında ona digər hüquqları ilə yanaşı, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ izah olunmalı, CPM-in 153.2.2 və 153.2.3-cü maddələrində nəzərdə tutulduğu kimi, şübhəli şəxs tutulduqdan dərhal sonra polis orqanına və yaxud digər təhqiqat orqanına gətirilib tutulmanın rəsmiləşdirilməsi başa çatdırıldıqdan (o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən tutma protokolu tərtib edildikdən və şübhəli şəxs həmin protokolla tanış edildikdən) dərhal sonra artıq təhqiqatçı və yaxud müstəntiq şübhəli şəxsin müdafiəçiyə malik olmaq hüququnun realizə edilməsi üçün CPM-in 153.2.5-153.2.8-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq tədbirlər görməli, hər bir halda şübhəli şəxs qismində ilk dindirilməyədək şübhəli şəxsin müdafiəçisinin, öz müdafiəçisi olmadıqda isə müdafiəçi qismində dəvət edilən vəkilin cinayət prosesində iştirak etmək, o cümlədən onların konfidensial ünsiyyət saxlamaq imkanı təmin edilməlidir.

Lakin faktiki tutulmuş şəxsin müdafiəçisi olduqda və ya cinayət prosesində müdafiəçinin mütləq iştirakını müəyyən edən CPM-in 92.3-cü maddəsində göstərilən hallardan biri olduqda, o cümlədən faktiki tutulub-saxlanılma anında şübhəli şəxs müdafiəçi ilə təmin olunmasını tələb etdikdə, şübhəli şəxsin tutulduğu andan, yəni azadlığının faktiki məhdudlaşdırılmasından dərhal sonra müdafiəçiyə malik olmaq hüququnu nəzərdə tutan CPM-in 90.7.2 və 90.7.5-ci maddələrinə, habelə tutulma haqqında protokolun şəxsə müdafiəçi qismində təqdim edilməsi üçün dəvət edilmiş vəkil tərəfindən imzalanmasını təsbit edən CPM-in 147.6-cı maddəsinə, eləcə də bu Qərarın yuxarıda təsvir edilmiş müddəalarına əsasən şübhəli şəxsi tutub-saxlamış (azadlığını faktiki məhdudlaşdırmış) əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən (əməliyyat-axtarış tədbirinin gedişinə və nəticələrinə dair) raportda və ya protokolda tutulub-saxlanılmış şəxsə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edilməsinə dair məlumatla yanaşı, həmin şəxsin müdafiəçisinin olubolmaması, müdafiəçi ilə təmin edilməsini tələb edib-etməməsi barədə məlumatlar da əks etdirilməli, cinayət təqibi üzrə təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə şübhəli şəxsin tutulmasının tutulma haqqında protokol ilə rəsmiləşdirilməsində müdafiəçinin və ya müdafiəçi qismində təqdim edilməsi üçün dəvət olunmuş vəkilin iştirakını təmin etməlidir.Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir.

Odur ki, cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər.

Faktiki tutulub saxlanılmış şübhəli şəxsin müdafiəçisi olduqda və yaxud CPM-in 92.3-cü maddəsində göstərilən əsasların olmasına görə ona təqdim edilmək üçün vəkil dəvət olunduqda, yalnız CPM-in 92.12-ci maddəsində nəzərdə tutulmuş qaydada şübhəli şəxsin müdafiəçidən və yaxud müdafiəçi qismində təqdim olunması üçün dəvət olunmuş vəkildən imtina etməsi və bu imtinanın qəbul edilməsi halında şübhəli şəxsin tutulmasının tutulma protokolu ilə rəsmiləşdirilməsində, müvafiq olaraq da şübhəli şəxsin barəsində keçirilən şəxsi axtarışda və şübhəli şəxs qismində ilk dindirmədə müdafiəçinin iştirak etməməsinə yol verilir.

Cinayət işlərinə məhkəmədə baxılarkən o da nəzərdən qaçırılmamalıdır ki, CPM-in 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsini tələb edir.

38. Cinayət işlərinə baxılarkən fiziki şəxsin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin bu kateqoriyadan olan cinayətlərin baş verməsinə səbəb olduğu və şərait yaratdığı müəyyən edildikdə, məhkəmələr CPM-in 355-ci maddəsinə əsasən xüsusi qərar çıxarmaqla və dövlət orqanının vəzifəli şəxsi barədə çıxarılmış xüsusi qərarı 30 gün müddətində çatışmazlıqlara və səhvlərə yol vermiş şəxslərin məsuliyyət məsələsinin həll edilməsi üçün tabeçilik qaydasında müvafiq yuxarı dövlət orqanına göndərməklə aidiyyəti qurumların diqqətini cinayətlərin baş verməsinə səbəb olan və şərait yaradan halların aradan qaldırlmasının zərurilinə cəlb etməlidirlər.

39. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.

Cinayət prosesinin məhkəməyədək icraat mərhələsində isə müvafiq əsaslar olduğu halda, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, eləcə də güclü təsir edən maddələrin məhkəmə qərarı əsasında məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi CPM-in 131-1-ci maddəsinə və LII fəslinin müvafiq normalarına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 11 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq həyata keçirilməlidir.

40. Bu Qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 14 iyun 2024-cü il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver