7.1. Nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində dövlət tənzimləməsinin əsas məqsədləri nəqliyyat-ekspedisiya xidmətləri bazarının formalaşması, inkişafı və Azərbaycan Respublikasının, həmçinin hüquqi şəxslərin və fərdi sahibkarın iqtisadi maraqlarının qorunmasıdır.
7.2. Nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
7.2.1. vahid dövlət siyasətinin formalaşdırılması, o cümlədən dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin (bundan sonra – dövlət proqramları) hazırlanması və həyata keçirilməsi;
7.2.2. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
7.2.3. nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsi zamanı ətraf mühitin mühafizəsi;
7.2.4. inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, azad və sağlam rəqabət mühitinin təmin olunması, eləcə də müştəri və ekspeditorun hüquqlarının qorunması üçün tədbirlərin görülməsi;
7.2.5. investisiya mühitinin yaxşılaşdırılması, habelə yerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlərin görülməsi;
7.2.6. normativ hüquqi aktların tələblərinə riayət olunmasının təmin edilməsi və pozulmasının qarşısının alınması.