Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
“nəqliyyat” – Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, tramvay, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri;
“nəqliyyat müəssisəsi” – qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxsdir.
“daşıyıcı” – haqq müqabilində sərnişin, baqaj, yük və poçt daşımaları üzrə xidmətləri göstərən, mülkiyyət icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir.
“Müştəri” – yükgöndərən, yükalan sərnişin, icarəçi və sair kimi daşıyıcı ilə bağlanmış müqaviləyə uyğun nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxsdir.
“avtonom nəqliyyat vasitəsi” – insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən mülki təyinatlı nəqliyyat vasitəsidir.
“avtonom nəqliyyat vasitəsinin operatoru” (bundan sonra – operator) – avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxsdir.
“məsafədən idarəetmə mərkəzi” – avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsidir.
“avtomatlaşdırılmış idarəetmə sistemi” – avtonom nəqliyyat vasitəsinin hərəkətini təmin edən və bu Qanunun 22-1-ci maddəsinin 2 – 7-ci hissələrində qeyd edilən tələblərə cavab verən texniki avadanlıqların və proqram təminatının məcmusudur.