Sərnişinlər aşağıdakı əsas hüquqlardan istifadə edə bilərlər:
- sərnişin daşımaları üçün açılmış istənilən marşrut üzrə istənilən nəqliyyat növünə bilet almaq (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla);
- alınmış biletə uyğun yerlə təmin edilmək, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə, boş yeri tutmaq və gedişi həyata keçirmək;
- ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;
- müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş yaş həddində olan uşaqları pulsuz və ya digər şərtlərlə aparmaq;
- müəyyən edilmiş normalar həddində özləri ilə pulsuz əl yükü aparmaq;
- tarifə uyğun daşımaya baqaj təhvil vermək;
- üzrsüz səbəbdən daşımanın göstərilən vaxtdan gec başa çatdırılmasına görə kompensasiya almaq;
- daşıma başlayana qədər bileti təhvil verib, daşımanı həyata keçirən nəqliyyat müəssisəsindən (daşıyıcıdan) ödənilmiş məbləği geri almaq;
- sığorta olunanın “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş hüquqlarından istifadə etmək.
Daşıyıcının qaytardığı məbləğin miqdarı, qaytarma və kompensasiya verilməsi qaydaları ayrı-ayrı nəqliyyat növləri üzrə normativ hüquqi aktlarla müəyyən edilir.
Daşımanı davam etdirməkdən imtina edən daşıyıcı sərnişinin təyinat məntəqəsinə çatdırılmasını öz hesabına təmin etməli, yaxud müqavilənin pozulması nəticəsində sərnişinə vurulmuş bütün zərəri ödəməlidir.