1. Nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxsə verilir. Bu Qanunun 15-ci maddəsinin 5-ci hissəsinin tələbi nəzərə alınmaqla, nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və formada verilmiş sənədlə təsdiq edilir.
2. Nəqliyyat vasitəsini idarəetmə üzrə ixtisas tələbləri və sürücünün sağlamlıq vəziyyətinə dair tibbi normalar müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.
3. Avtonom pilotsuz uçuş aparatlarının operator tərəfindən avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə istismarı məsafədən idarəetmə mərkəzindən kənarda həyata keçirildiyi hallar istisna olmaqla, avtonom nəqliyyat vasitəsinin yerlərdə istismarı operator tərəfindən avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə məsafədən idarəetmə mərkəzindən həyata keçirilir.
4. Operatorun vəzifələri aşağıdakılardır:
4.1. avtonom nəqliyyat vasitəsinin istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
4.2. hava və ya yol şəraiti avtonom nəqliyyat vasitəsinin istismarına təhlükə yaratdığı, avtonom nəqliyyat vasitəsinin bu Qanunun 8-1-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq müəyyən edilmiş ərazidən, dəmiryolu, metro və tramvay xətlərindən, hava məkanından, habelə avtomobil yolundan kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
4.3. avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək;
4.4. avtonom nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanmasını və mühafizəsini təmin etmək;
4.5. avtonom nəqliyyat vasitəsinin iştirakı ilə hadisə, qəza və ya insident baş verdiyi təqdirdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (aidiyyəti dövlət qurumlarının da məlumatlandırılması məqsədilə) məlumat vermək;
4.6. bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
5. Bu Qanunun 15-ci maddəsinin 6-cı hissəsinin tələbi nəzərə alınmaqla, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə işçiləri aşağıdakı tələblərə cavab verməlidir:
5.1. avtonom nəqliyyat vasitələrinin istismarı, avtomatlaşdırılmış idarəetmə sistemləri, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) üzrə hazırlıq və təlim keçməli;
5.2. terrorçuluq, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə, həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkum edilməməli;
5.3. ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamalı;
5.4. fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;
5.5. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;
5.6. fiziki və psixi cəhətdən sağlam olmalı.
6. Avtonom gəminin və avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri bu Qanunun 15-ci maddəsinin 5-ci hissəsində qeyd edilən tələblərlə yanaşı, müvafiq olaraq “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il 7 iyul tarixli Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, gəminin komandir heyəti üzvləri üçün müəyyən edilmiş tələblərə və “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.