Nəqliyyat sahəsində dövlət idarəetməsinin əsas vasitələri aşağıdakılardır:
- nəqliyyat sahəsində iqtisadi, investisiya, tarif və elmi-texniki siyasətin həyata keçirilməsi, nəqliyyatın ayrı-ayrı növlərinin inkişafına dair proqramların işlənib-hazırlanmasının və yerinə yetirilməsinin təşkili;
- nəqliyyat kompleksinin bazar iqtisadiyyatı münasibətlərinə keçidi ilə əlaqədar islahatların aparılmasına rəhbərlik;
- dövlət, o cümlədən müdafiə ehtiyaclarının, yük daşımalarına və digər nəqliyyat xidmətlərinə olan tələbatların proqnozlaşdırılması, onların təmin olunması üzrə nəqliyyat kompleksinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi;
- nəqliyyatda inhisar fəaliyyətinin məhdudlaşdırılması və rəqabətin inkişafı üzrə məqsədli tədbirlərin görülməsi, mülkiyyət formasından asılı olmayaraq bütün nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün bərabər şəraitin təmin edilməsi;
- nəqliyyat kompleksinin təhlükəsiz, səmərəli və ahəngdar işinin təmin edilməsi üzrə dövlət tənzimlənməsinin həyata keçirilməsi;
- nəqliyyat kompleksinin, nəqliyyatın ayrı-ayrı növlərinin fəaliyyətinə dair normativlərin müəyyən edilməsi və təkmilləşdirilməsi;
- nəqliyyat məsələləri ilə əlaqədar dövlətin iqtisadi mənafelərinin, nəqliyyat müəssisələrinin və nəqliyyat istehlakçılarının qanuni mənafelərinin və hüquqlarının müdafiəsi;
- beynəlxalq nəqliyyat xidmətləri bazarında milli nəqliyyat kompleksinin fəaliyyətinin səmərəliliyinin və rəqabətə davamlılığının artırılması, xarici investisiyaların cəlb edilməsi;
- xarici ölkələrlə nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı;
- avtonom nəqliyyat vasitələrinin fəaliyyətinə dair hüquqi bazanın yaradılmasının, onların avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsinin, habelə təhlükəsiz istismarının təmin edilməsi.
Bu maddənin birinci hissəsinin ikinci abzasında nəzərdə tutulan inkişaf proqramlarının layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilməsi (SEQ) aparılır.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.