Qanunvericilik › “Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.12.2012) › Tam mətn

“Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.12.2012)

“Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.12.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2013-cü il 1 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 5 dekabr 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 5 dekabr tarixli 279 nömrəli qərarı ilə

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi qaydalarını tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. Universal Unikal Eyniləşdirmə Nömrəsi (bundan sonra - UUEN) - məlumatların emalı üzrə proqram təminatının yaradılmasında istifadə edilən Beynəlxalq Standartlaşdırma Təşkilatının standartlarına uyğun eyniləşdirmə standartı olub paylanmış sistemlərdə koordinasiya mərkəzi olmadan informasiyanı unikal qaydada eyniləşdirməyə imkan verən nömrə;

1.2.2. nəqliyyat infrastrukturu obyektləri - küçələr (o cümlədən, nəqliyyat vasitələrinə keçid üçün məhdudlaşdırılmış küçələr), prospektlər, avtomobil yolları, meydanlar.

2.1. Hər bir nəqliyyat infrastrukturu obyektinin adına Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə avtomatik olaraq daxili UUEN verilir. Ünvan informasiya sisteminin qrafiki komponentində nəqliyyat infrastrukturu obyektinə aid saxlanılan qrafiki məlumatlar həmin obyektin adı ilə bu nömrə vasitəsilə bağlanılır.

2.2. Bir nəqliyyat infrastrukturu obyekti bir neçə yerə bölündüyü halda, hər bir yeni yaranmış obyektə yeni UUEN verilir.

2.3. Bir neçə nəqliyyat infrastrukturu obyekti birləşdiyi halda, yeni yaranmış obyektə yeni UUEN verilir.

2.4. Ərazi vahidlərinin və nəqliyyat infrastrukturu obyektlərinin adlarının dəyişməsinin aşağıdakı hallarında nəqliyyat infrastrukturu obyektinə məxsus olan UUEN dəyişməz qalır:

2.4.1. ərazi vahidlərinin və nəqliyyat infrastrukturu obyektlərinin bölünməsi zamanı hissələrdən hər hansı birində köhnə ad saxlanılarsa;

2.4.2. yeni yaranmış obyektə onu əmələ gətirən obyektlərdən hər hansı birinin adı verilərsə.

3.1. Yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla) tərəfindən verilən nəqliyyat infrastrukturu obyektlərinin adları fərdi (unikal) olur. Qonşu ərazi vahidlərinin aidiyyəti qurumları ərazi vahidlərinin sərhədləri ilə kəsişən nəqliyyat infrastrukturu obyektlərinin adlandırılmasını əlaqəli şəkildə həyata keçirir.

3.2. Nəqliyyat infrastrukturu obyektinin adı ən çox üç sözdən ibarət ola bilər.

3.3. Nəqliyyat infrastrukturu obyektinin bir hissəsi iki ərazi vahidi arasındakı sərhədlə kəsişdiyi zaman həmin hissə o şərtlə həmin adla davam edən bir nəqliyyat infrastrukturu obyekti sayılır ki, nəqliyyat infrastrukturu obyektinin adı hər iki ərazi vahidində eyni olsun.

3.4. Qrafiki ünvan məlumatlarına aid olan nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələri, mərkəzi xətləri, kəsişmə nöqtələri, onların koordinatları və həndəsi ölçüləri (uzunluğu, eni, perimetri, sahəsi və s.) ərazi vahidlərinin daşınmaz əmlakın elektron informasiya bazasının məlumatlarına əsasən, ərazi vahidlərinin rəqəmsal kadastr xəritələri üzərində müəyyən edilir.

3.5. Nəqliyyat infrastrukturu obyektinin mərkəzi xətti yolun hərəkət hissəsinin tən ortasından keçən şərti xətdir.

3.6. Nəqliyyatın hərəkəti üçün ayrılan hissə hər iki istiqamət üçün müstəqil olduğu halda, nəqliyyat infrastrukturu obyektinin mərkəzi xətti ayırıcı zolağın tən ortasından keçir.

3.7. Nəqliyyat infrastrukturu obyektlərinin kəsişmə nöqtələri nəqliyyat infrastrukturu obyektlərinin mərkəzi xətlərinin kəsişmə nöqtələridir.

3.8. Nəqliyyat infrastrukturu obyektlərinin birləşməsi (şaxələnməsi) zamanı birləşmə (şaxələnmə) nöqtəsi kimi birləşən (şaxələnən) nəqliyyat infrastrukturu obyektlərinin mərkəzi xətlərinin kəsişmə nöqtəsi götürülür.

3.9. Yaşayış məntəqələrində küçələrə, prospektlərə müəyyən edilmiş qaydada ad verilməsi zamanı nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcı və sonu yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla) tərəfindən aşağıdakı qaydada müəyyənləşdirilir:

3.9.1. nəqliyyat infrastrukturu obyektinin sıfır kilometr işarəsi hesab edilən və mərkəzi xətt üzərində yerləşən nöqtəsi nəqliyyat infrastrukturu obyektinin başlanğıc nöqtəsi hesab olunur;

3.9.2. nəqliyyat infrastrukturu obyektinin qəbul edilmiş sonunun digər nəqliyyat infrastrukturu obyektləri ilə birləşməsi zamanı bu nəqliyyat infrastrukturu obyektlərinin mərkəzi xətlərinin kəsişmə nöqtəsi nəqliyyat infrastrukturu obyektinin son nöqtəsi hesab olunur;

3.9.3. nəqliyyat infrastrukturu obyektinin sonu digər nəqliyyat infrastrukturu obyektləri ilə birləşmədiyi hallarda, nəqliyyat infrastrukturu obyektinin sonunda mərkəzi xəttin digər obyektlə birləşməsinin ilk təmas nöqtəsi nəqliyyat infrastrukturu obyektinin son nöqtəsi hesab olunur.

1. 29 yanvar 2014-cü il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 fevral 2014-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 70)

2. 4 may 2023-cü il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 may 2023-cü il, “Xalq” qəzeti, 6 may 2023-cü il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 715)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver