Qanunvericilik › Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri

Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

nəşriyyat işi sahəsində sərbəstliyin təmin edilməsi;

nəşriyyat işinin maddi-texniki bazasının, təşkilati, hüquqi və elmi əsaslarının möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi.

Nəşriyyat işi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

nəşriyyat işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi;

nəşriyyat işi sahəsində inhisarçılığın qarşısının alınması;

əhalini, təhsil müəssisələrini və kitabxanaları latın əlifbası ilə nəşr olunmuş kitablara təmin etmək məqsədilə xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi;

Azərbaycan xalqının klassik irsi və milli-mənəvi sərvətləri sayılan əsərlərin dövlət sifarişi əsasında nəşrinin həyata keçirilməsi, bu məqsədlə güzəştli kreditlər və dövlət tərəfindən qrantların ayrılması;

nəşriyyatların maddi-texniki bazasının genişləndirilməsinin, poliqrafiya sənayesinin inkişafının, nəşriyyat məhsullarının satışının stimullaşdırılması və kənd yerlərində kitab yayımının təmin edilməsi;

idarə, müəssisə və təşkilatların dövlət dilində olan zəruri nəşrlərlə təmin edilməsi;

milli-mədəni sərvətləri əks etdirən kitabların dünya miqyasında təbliği məqsədilə onların tərcüməsi, nəşri və yayılmasının stimullaşdırılması;

mətbuatın dövlət statistikasını aparmaqla, əhalinin və bazarın nəşriyyat məhsullarına olan tələbatını, ehtiyaclarını və təkliflərini öyrənməklə nəşriyyatların işinin istiqamətləndirilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nəşriyyatlar arasında dövlət satınalmaları keçirtməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi;

uşaq ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcümə ədəbiyyatı, lüğət və ensiklopediyaların, yazılı və şifahi mədəniyyət abidələrinin nəşrinə əlavə güzəştlərin müəyyən edilməsi;

milli universal ensiklopediya nəşrinin dövlət vəsaiti hesabına həyata keçirilməsi;

qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti, habelə səhiyyə, elm və əhalinin sosial müdafiəsi ilə bağlı nəşriyyat məhsullarının istehsalının dövlət sifarişi əsasında həyata keçirilməsi;

Azərbaycan Respublikasını xarici ölkələrdə təbliğ etmək məqsədilə xarici dillərdə buraxılan zəruri nəşrlərin dövlət tərəfindən maliyyələşdirilməsi.

Nəşriyyat işi sahəsində dövlət siyasətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver