Nəşriyyatın (naşirin) aşağıdakı hüquqları vardır:
nəşriyyat məhsulu buraxılışının proqramını tərtib və təsdiq etmək;
nəşriyyat proqramını və müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edəcək göstəriciləri müəyyənləşdirib öz redaksiyaları və digər struktur bölmələri arasında paylaşdırmaq;
nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərinə (ixtisas yönünə) uyğun olaraq hər hansı bir mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi xarakterli əsərlərin yaradılması ilə bağlı sifariş almaq və vermək;
müəlliflərlə müəllif müqavilələri bağlamaq;
müəlliflərin əsərlərindən başqa ölkələrdə və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə edilməsi üçün müəlliflərin icazəsi ilə xarici hüquqi və fiziki şəxslərlə müəllif müqavilələrinin bağlanmasında vasitəçi kimi iştirak etmək;
xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq müqavilələr bağlamaq;
çap məhsulunun hazırlayanı və yayıcısı qismində çıxış etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə müvafiq olaraq digər istehsalat-təsərrüfat fəaliyyətini həyata keçirmək;
nəşriyyat tərəfindən hazırlanmış elmi, bədii və incəsənət əsərlərini müəyyən edilmiş qaydada dövlət mükafatlarına, ictimai və beynəlxalq mükafatlara təqdim etmək;
müəyyən edilmiş qaydada beynəlxalq təşkilatların işində iştirak etmək, öz nəşrlərini milli və beynəlxalq müsabiqələrə, sərgilərə, yarmarkalara təqdim etmək.
Nəşriyyatın (naşirin) aşağıdakı vəzifələri vardır:
istehlak ehtiyaclarının ödənilməsini təmin etmək;
öz məhsullarını dövlət standartlarına müvafiq tərtib etmək;
müəlliflik hüququna, dövlət standartlarının və beynəlxalq standartların tələblərinə, nəşriyyat işini tənzimləyən normativ hüquqi aktlara əməl etmək;
nəşriyyat məhsulları haqqında dövlət hesabatını və məlumatı müəyyən olunmuş qaydada təqdim etmək.
Nəşriyyat (naşir) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edir və vəzifələr daşıyır.
Poliqrafiya müəssisələri nəşriyyat məhsulu sayılmayan digər çap məhsullarının istehsalını qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirirlər.
Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, nəşriyyat öz məhsullarının buraxılışına görə tam məsuliyyət daşıyır.
Nəşriyyat dövri mətbu orqanın təsisçisi kimi çıxış etdikdə “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməlidir.