Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya Qərarı
“Nikahın pozulması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya
1. “Nikahın pozulması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Elektron xidmətin adı: Nikahın pozulması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət nikahın pozulmasının dövlət qeydiyyatı üçün müraciət və sənədlərinin elektron formada qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci, 179-182 və 184-cü maddələri;
- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 3-cü abzası;
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndi;
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndi və 5-ci hissəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.9-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 2 iş günü.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Nikahın pozulmasının dövlət qeydiyyatına alınması halından asılı olaraq ər-arvad və ya onlardan birinin iştirakı ilə nikahın pozulması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılır və bu barədə şəhadətnamənin təqdim edilməsi üçün ər-arvad və ya onlardan biri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə (bundan sonra-qeydiyyat orqanı) dəvət olunur.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: “Dövlət rüsumu haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında və məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulması dövlət qeydiyyatına alınarkən dövlət rüsumunun məbləği 15 manat, digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi hallarda isə dövlət rüsumunun məbləği 2 manatdır.
Qeyd: Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin edir.
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd bu reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur.
Dövlət rüsumunun ödənilməli olduğu hesab:
Dövlət Xəzinədarlıq Agentliyi
Ödəniləcək hesab: AZ17CTRE00000000000002117131
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.e-gov.az; http://www.justice.gov.az
Elektron poçt: contact@justice.gov.az / notvva@justice.gov.az
Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Nikahın pozulması haqqında vətandaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün istifadəçi tərəfindən elektron qaydada doldurulan ərizəyə nikah pozulması hallarından asılı olaraq aşağıdakılar əlavə olunur:
1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, onların razılığı əsasında nikahın pozulması (birgə ərizədə ər-arvadın qarşılıqlı razılıqları və onların yetkinlik yaşına çatmayan uşaqlarının olmadığı qeyd edilməlidir): onların şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi, nikah şəhadətnaməsinin skan edilmiş surəti;
2. Məhkəmə qaydasında nikahın pozulması halında:
2.1. Ər-arvaddan birinin müraciəti əsasında məhkəmə qaydasında itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslə nikahın pozulması;
2.2. Həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin müraciəti əsasında məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının dövlət qeydiyyatına alınması zamanı məhkəmə qətnaməsinin skan edilmiş surəti
Qətnamə ilə şəxsin (şəxslər) eyniləşdirilməsi mümkün olmadıqda ərin (arvadın) şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, nikah şəhadətnaməsinin skan edilmiş surəti tələb edilir.
Şəxs qeydiyyat şöbəsinə gəldikdə şəxsiyyət vəsiqəsindən başqa digər sənədlərin əslini təqdim etməlidir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət etmək hüququ hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İstifadəçi bu reqlamentin 2.6.1-ci yarımbəndində qeyd olunanlar əsasında nikahın pozulmasının dövlət qeydiyyatı üçün elektron ərizə formasına müvafiq məlumatları (sənədləri) əlavə edərək elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərir.
3.2.1. Sorğunun formalaşdırılması: İnformasiya sisteminin müvafiq pəncərəsində istifadəçi qeydiyyat orqanını seçir, nikahın pozulmasının əsaslarından asılı olaraq müvafiq məlumatları (sənədləri), həmçinin elektron poçt ünvanını daxil edərək sorğunu formalaşdırır.
3.2.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsinə daxil olub, tələb olunan məlumatları daxil edərək elektron xidmətdən istifadə edir.
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin yenidən müraciət etməsinə mane olmur.
3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.4. Sorğunun icrası: İstifadəçi elektron xidmət vasitəsilə aidiyyəti qeydiyyat orqanını seçərək, elektron qaydada ərizə formasını doldurduqdan və 2.6.1-ci yarımbənddə göstərilənləri elektron qaydada göndərdikdən sonra ər-arvad və ya onlardan birinin iştirakı ilə müvafiq qeydiyyat orqanında nikahın pozulması qeydə alınır və bu barədə şəhadətnamənin təqdim edilməsi üçün ər-arvad və ya onlardan biri qeydiyyat orqanına dəvət olunur.
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
– Ərizə və müvafiq sənədlər qeydiyyat orqanı tərəfindən qəbul edilir;
– Məlumatlar və sənədlər yoxlanılır;
– Nikahın pozulması üçün müraciət edən şəxslər qeydiyyat orqanına dəvət olunur.
Elektron xidmətin icrasına görə aidiyyəti qeydiyyat orqanı məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
– Qeydiyyat orqanının məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir;
– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması qeydiyyat orqanının məsul şəxsi tərəfindən yoxlanılır;
– Nikahın pozulmasının qeydiyyat alınması halından asılı olaraq vətəndaşa nikahın pozulmasının qeydə alınması üçün və ya nikahın pozulması haqqında şəhadətnamənin təqdim edilməsi üçün elektron poçt ünvanı vasitəsilə vaxt və yer barədə məlumat verilir.
İnzibati əməliyyatlar qeydiyyat orqanı tərəfindən 2 iş günü müddətində icra edilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumları haqqında məlumat:
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:
– Sənədlər və elektron ərizə forması qəbul edilərək, çap edilir;
– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra sənəd hazırlanması üçün təqdim edilir;
– Vətəndaşın iştirakı ilə müvafiq qeydiyyat orqanında nikahın pozulması qeydə alınır və ya bu barədə şəhadətnamə verilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.
3.5.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
Elektron xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
1. 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il)