Qanunvericilik › "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 03.09.2012) › Tam mətn

"Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 03.09.2012)

"Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 03.09.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 09 avqust tarixli 277 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi QƏRARA ALIR:

1. "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və kadrlar şöbəsinə (B. Məmmədov), Tənzimləmə şöbəsinə (Ə. Təmirov) tapşırılsın ki, "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"nın 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

3. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2007-ci il 12 mart tarixli 36 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2007-ci il 19 mart tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 3293) "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları" və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2011-ci il 15 fevral tarixli 26 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2011-ci il 16 fevral tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 4122) "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"na əlavələr" ləğv edilsin.

4. Bu Qərarın icrasına nəzarət Hüquq və kadrlar şöbəsinə (B. Məmmədov), Tənzimləmə şöbəsinə (Ə. Təmirov), ümumi nəzarət isə Ümumi şöbəyə (İ. Tağıyev) həvalə edilsin.

1.1. “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” (bundan sonra - Qaydalar) “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü və 7.9-cu maddələrinə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 09 avqust tarixli 277 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələri nəzərə alınmaqla hazırlanmışdır və Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi, o cümlədən sellülar (mobil) nömrə daşınması qaydalarını müəyyənləşdirir.

1.2. Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsinin nömrə resursları beynəlxalq telekommunikasiya şəbəkəsinin nömrə resurslarının bir hissəsidir.

1.3. Nömrə resursları ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarına, provayderlərinə, eyni zamanda, digər hüquqi və fiziki şəxslərə (bundan sonra - ərizəçi) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən, mövcud qanunvericiliyə uyğun olaraq, aşağıdakı prinsiplər nəzərə alınmaqla ayrılır:

1.3.1. ərizəçinin mövcud maddi-texniki bazasının genişləndirilməsi;

1.3.2. ərizəçinin mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması;

1.3.3. sağlam rəqabətə şərait yaradılması;

1.3.4. istifadəçilərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarının məhdudlaşdırılmaması.

1.4. Nömrə resursları Nazirlik ilə ərizəçi arasında bağlanılan müqaviləyə uyğun olaraq, ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.

1.5. Nömrə resursları mövcud qanunvericiliyə və bu Qaydalara uyğun olaraq, telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətləri, eyni zamanda, digər xidmətləri təşkil etmək üçün ərizəçilərin müraciətləri əsasında ayrılır.

1.6. Ərizəçiyə nömrə resurslarının ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar kommersiya sirri təşkil etmir.

1.7. Bu Qaydalarda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş anlayışlardan, o cümlədən aşağıdakı anlayışlardan istifadə olunur:

1.7.1. Mobil operator - ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində müvafiq xüsusi razılıq (lisenziya) əsasında sellülar (mobil) xidmətlər göstərən telekommunikasiya operatoru;

1.7.2. Nömrə daşınması - ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi sellülar (mobil) nömrənin (nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə sellülar (mobil) xidməti göstərən mobil operatorun telekommunikasiya şəbəkəsindən çıxarılaraq, digər mobil operatorun telekommunikasiya şəbəkəsinə daşınması (keçirilməsi);

1.7.3. Alıcı operator - telekommunikasiya şəbəkəsinə abunəçinin sellülar (mobil) nömrəsinin daşınması nəzərdə tutulan mobil operator;

1.7.4. Verici operator - telekommunikasiya şəbəkəsindən abunəçinin sellülar (mobil) nömrəsinin daşınması nəzərdə tutulan mobil operator;

1.7.5. Mərkəzi baza sistemi - nömrə daşınması həyata keçirilərkən operatorlararası məlumatlar mübadiləsində istifadə edilən, həmçinin daşınmış və ya daşınması tələb olunan nömrələrə dair mərkəzi məlumat bazası;

1.7.6. Daşınmış nömrə - verici operatorun telekommunikasiya şəbəkəsindən alıcı operatorun telekommunikasiya şəbəkəsinə keçirilmiş sellülar (mobil) nömrə.

2.1. Nömrə resurslarının ayrılması üçün ərizəçi tərəfindən Nazirliyə ərizə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.1.1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, fərdi identifikasiya nömrəsi (FİN istifadəyə verildikdən sonra), ünvanı);

2.1.2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.3. ərizəçinin fəaliyyət göstərdiyi ünvandan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.4. telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətin təşkili üçün nömrə resurslarının ayrılması haqqında müraciət olunduğu halda xüsusi razılığın (lisenziyanın) surəti;

2.1.5. nömrə resurslarının istifadəsi üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinin siyahısı və qurulacaq telekommunikasiya şəbəkəsinin struktur sxemi.

2.1-1. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.2. Bu Qaydaların 2.1-ci bəndində göstərilməyən sənədlər ərizəçidən tələb edilə bilməz.

2.3. Nömrə resurslarının ayrılması haqqında sənədlərdə aşağıda göstərilən çatışmazlıqlar olarsa, Nazirlik ərizəçiyə nömrə resurslarının ayrılmasından imtina edir:

2.3.1. nömrə resurslarının ayrılması barədə təqdim olunan ərizə ilə ona əlavə edilmiş sənədlər arasında uyğunsuzluq aşkar edildikdə;

2.3.2. bu Qaydaların 2.1-ci bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə (bu Qaydaların 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla);

2.3.3. təqdim edilmiş sənədlərdə qeyri-dəqiq məlumatlar mövcud olduqda;

2.3.4. nömrə resurslarının ayrılması üçün təqdim edilmiş sənədlərlə telekommunikasiya şəbəkəsinin struktur sxemi və xidmət əhatəsi haqqında məlumatlar arasında uyğunsuzluq müəyyən edildikdə.

2.4. Göstərilən hallardan biri mövcud olarsa, sənədlər (çatışmazlığın səbəbi göstərilməklə) ərizənin alındığı gündən 15 (on beş) təqvim günü ərzində ərizəçiyə qaytarılır.

2.5. Bu Qaydaların 2.1-ci bəndində göstərilən bütün sənədlər (bu Qaydaların 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla) ərizəçi tərəfindən Nazirliyə təqdim edildiyi tarixdən etibarən 30 (otuz) təqvim günündən gec olmayaraq Nazirlik müraciət olunan ərazidə nömrə resurslarının ayrılmasının texniki imkanlarının təhlilini aparır və nömrə resurslarının ayrılması (imtina edilməsi üçün əsas olmadığı halda) haqqında qərar qəbul edir (sənədlərdə çatışmazlıq (bu Qaydaların 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla) aşkar edilərsə, bu halda çatışmazlığın aradan qaldırılması tarixi son təqdim edilmə tarixi hesab olunur). Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş qərar, onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş qərar isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra ərizəçiyə təqdim olunmuş sayılır.

2.6. Nömrə resurslarının ayrılması haqqında qəbul edilmiş qərara əsasən, ərizəçi ilə Nazirlik arasında müqavilə bağlanır və ərizəçi tərəfindən 10 (on) bank günü ərzində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflər tətbiq edilməklə birdəfəlik ödəniş aparılır. Ödəniş sənədinin surəti Nazirliyə təqdim edildikdən sonra, ayrılmış nömrə resurslarının istifadəsi barədə ərizəçiyə və ümumistifadəli telekommunikasiya şəbəkəsi operatorlarına, provayderlərinə Nazirlik tərəfindən bildiriş göndərilir.

2.7. Nömrə resurslarının ayrılması barədə qərar qəbul edildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflərdə nəzərdə tutulmuş birdəfəlik ödənişin aparılması barədə sənədlərin surəti ərizəçi tərəfindən təqdim edilmədiyi halda, nömrə resurslarının ayrılması haqqında qəbul edilmiş qərar qüvvədən düşmüş hesab olunur.

2.8. Nazirliyin müvafiq qərarına əsasən nömrə resursları ayrılmış telekommunikasiya operatoru ümumistifadəli telekommunikasiya şəbəkəsinin digər operatorları ilə nömrə resurslarından mövcud qanunvericiliyə uyğun istifadə edilməsi haqqında arabağlantı müqaviləsi bağlayır.

2.9. Nömrə resurslarının tariflərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Qərarı 1 may 2006-cı il tarixindən qüvvəyə mindiyindən, ərizəçiyə bundan əvvəlki dövrlərdə ayrılmış nömrə resursları üçün birdəfəlik ödəniş tələb olunmur. Həmin nömrə resurslarından istifadəyə görə ərizəçi Nazirliklə müqavilə bağlayır və 1 may 2006-cı il tarixindən etibarən təsdiq edilmiş tariflərə uyğun olaraq illik ödənişlər aparır.

Ayrılmış nömrə resurslarından istifadəyə görə ərizəçi tərəfindən aparılan illik ödənişlər hər il 1-ci yarımillik üçün iyun ayının 1-dən, 2-ci yarımillik üçün isə dekabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində açılmış universal telekommunikasiya xidmətləri hesabına (UTXH) ödənilir və ödəniş barədə sənədlərin surəti Nazirliyə təqdim edilir.

Ödənişin aparılması gecikdirildiyi halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə uyğun olaraq, ərizəçi tərəfindən dəbbə pulu ödənilir.

2.10. Nazirlik tərəfindən nömrə resursları ayrılmış ərizəçi abunəçilərə və telekommunikasiya xidməti istifadəçilərinə nömrələri müstəqil ayırır.

2.11. Ərizəçi, onun üçün ayrılmış nömrə resurslarını və ya onun bir hissəsini, yalnız Nazirliyin razılığı ilə müqavilə əsasında digər ərizəçiyə verir.

2.12. Ərizəçi, ona ayrılmış nömrə resurslarının bölüşdürülməsi planının surətini Nazirliyə təqdim edir.

2.13. Nömrə resurslarının ayrılması barədə qərarların yenidən rəsmiləşdirilməsi üçün ərizəçi, bu Qaydaların 2.1-ci bəndində göstərilən ərizə ilə Nazirliyə müraciət edir.

2.14. Ərizəçiyə ayrılmış nömrə resursları barədə qərarların yenidən rəsmiləşdirilməsi Nazirlik tərəfindən aşağıdakı hallarda həyata keçirilir:

2.14.1. ərizəçiyə müddətli istifadə üçün ayrılmış nömrə resurslarının istifadə müddəti başa çatdıqda;

2.14.2. ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq uzadıldıqda;

2.14.3. hüquqi şəxs yenidən təşkil edildikdə (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) hüquqi varisin ərizəsi əsasında; bu zaman bu Qaydaların 2.1-ci bəndində göstərilən sənədlər ərizəyə əlavə edilir (bu Qaydaların 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla); sənədlərə bu Qaydaların 2.1-2.5-ci bəndlərində müəyyən edilmiş qaydada baxılır;

2.14.4. ərizəçi tərəfindən müraciət edildikdə.

2.15. Hüquqi şəxsin yenidən təşkili zamanı ona ayrılmış nömrə resursları, hüquqi sənədlər (o cümlədən hüquqi varisin ərizəsi, bir neçə hüquqi varis olduqda onların birgə ərizəsi və ya vəkalətnamə əsasında) təqdim edilməklə təsdiq edilir və bunun üçün təkrar ödəniş tələb olunmur.

2.16. Hüquqi varislər arasında nömrə resursları üzrə mübahisələr məhkəmə yolu ilə həll edilir.

2.17. Müddətli istifadə üçün ayrılmış nömrə resurslarının yenidən rəsmiləşdirilməsi həmin nömrə resurslarının ərizəçiyə ayrılmasını təsdiq edən sənədlər (bu Qaydaların 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla) Nazirliyə təqdim edilməklə həyata keçirilir və bu zaman təkrar ödəniş tələb olunmur.

2.18. Qanunvericilikdə müəyyən olunmuş qaydada ərizəçi tərəfindən ona verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti yenidən rəsmiləşdirilərsə, həmin ərizəçiyə xüsusi razılığa (lisenziyaya) malik olduğu dövrdə ayrılmış nömrə resurslarına görə birdəfəlik ödəniş tələb olunmur.

2.19. Nazirlik tərəfindən yeni indekslər tətbiq edildiyi və nömrələnmə planına uyğun təkmilləşdirmələr aparıldığı təqdirdə, əvvəllər ayrılmış nömrə resurslarının dəyişdirilməsinə görə ərizəçidən təkrar ödəniş tələb olunmur.

2.20. Ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrələnmə planı təkmilləşdirildikdə və dəyişikliklər aparıldıqda, ayrılmış nömrə resurslarının dəyişmə müddəti və qaydası hər konkret hal üçün Nazirlik tərəfindən müəyyən edilir. Bu zaman istifadəçilərin hüquqları pozulmamalı, həmçinin ərizəçinin məsrəflərinin minimum hədd daxilində olmasının vacibliyi Nazirlik tərəfindən nəzərə alınmalıdır.

2.21. Ümumistifadəli telekommunikasiya şəbəkəsində müxtəlif xidmətlər üçün üç, dörd və ya beş rəqəmli bütün qısa nömrələrin Nazirlik tərəfindən ayrılması bu Qaydalara uyğun olaraq həyata keçirilir.

3.1. Nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır.

3.2. Nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir.

3.3. Nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir.

4.1. Ərizəçiyə nömrə resurslarının ayrılması, dəyişdirilməsi və geri alınması barədə qərarların verilməsi və icrasına nəzarət Nazirlik tərəfindən həyata keçirilir.

4.2. Nömrə resurslarından bu Qaydalara uyğun olmadan istifadə halı müəyyən edildikdə, Nazirlik ərizəçini yazılı formada xəbərdar edir və fəaliyyətini bu Qaydalara uyğun qurması haqda tələbini bildirir. Bu kimi hal təkrarlandıqda, Nazirlik nömrə resurslarının geri alınması barədə qərar qəbul edir.

4.3. Ərizəçiyə ayrılmış nömrə resursları ayrıldığı vaxtdan etibarən 1 (bir) il ərzində tam və ya qismən istifadə edilir. Ayrılmış nömrə resurslarının 90%-dən çox hissəsi istifadə olunduğu halda, nömrə resursları tam istifadə olunmuş hesab edilir. Ayrılmış nömrə resurslarının bir hissəsi istifadə olunduğu halda, nömrə resursları qismən istifadə olunmuş hesab edilir.

4.4. Nazirlik, nömrələnmə planına uyğun olaraq, ayrılmış və boş nömrələr barədə məlumatlar göstərilməklə nömrə resurslarının reyestrini aparır.

4.5. Nömrə resursu genişlənmə ilə əlaqədar dəyişdirildikdə ərizəçi ayrılmış nömrə resursundan istifadə edir, müəyyən olunmuş müddətdə şəbəkənin nömrəsini dəyişdirir və bununla bağlı xərcləri ödəyir.

5.1. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması barədə aşağıdakı hallarda qərar qəbul edir:

5.1.1. nömrə resursları ayrılmış ərizəçi tərəfindən müraciət edildikdə;

5.1.2. telekommunikasiya sahəsində xidmət göstərilməsi barədə ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq uzadılmadıqda;

5.1.3. ərizəçiyə ayrılmış nömrə resurslarından nömrə resursları ayrıldığı vaxtdan etibarən 1 (bir) il ərzində istifadə edilmədikdə;

5.1.4. nömrə resurslarından təyinatı üzrə istifadə edilmədikdə;

5.1.5. ayrılmış nömrə resurslarına görə müqavilə üzrə müəyyən edilmiş müddətlərdə ödəniş aparılmadıqda.

5.2. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması haqqında qəbul edilmiş qərar barədə ərizəçini dərhal məlumatlandırır və 30 (otuz) təqvim günü ərzində nömrə resurslarını geri alır.

5.3. Ərizəçiyə ayrılmış nömrə resursları tam, yaxud qismən geri alındıqda ödənilmiş vəsait geri qaytarılmır və kompensasiya ödənilmir.

5.4. Nömrə resurslarının ərizəçidən geri alınması barədə qərar qəbul edilən zaman, abunəçilərin və istifadəçilərin müvafiq müəssisələrlə müqavilə hüquqları və öhdəlikləri Nazirlik tərəfindən nəzərə alınır, onlara göstərilən telekommunikasiya xidmətlərində fasilələrə yol verilmir.

5.5. Nömrə resurslarının ayrılması, dəyişdirilməsi və geri alınması barədə Nazirliyin İnternet səhifələrində məlumatlar verilir.

6.1. Abunəçi istifadə etdiyi sellülar (mobil) nömrənin daşınması üçün iki nüsxədə tərtib olunmuş ərizə (bundan sonra - ərizə) forması ilə alıcı operatora müraciət edir. Alıcı operatorun nümayəndəsi abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatına alınmasını müəyyən edir. Abunəçi ərizənin hər iki nüsxəsini alıcı operatorun nümayəndəsinin iştirakı ilə imzalayır. Alıcı operatorun nümayəndəsi ərizənin hər iki nüsxəsində atılan imzanın həqiqiliyini öz imza və möhürü ilə təsdiq edir. Abunəçi ərizəyə (“Nömrə daşınmasına dair ərizə forması” Əlavə № 1-də) aşağıda göstərilən sənədləri əlavə edir:

6.1.1. fiziki şəxslər - şəxsiyyəti təsdiq edən sənədin surəti (əslini göstərməklə);

6.1.2. hüquqi şəxslər - hüquqi şəxsin dövlət qeydiyyatı haqqında və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surətləri.

6.2. Abunəçinin nümayəndəsi müraciət etdikdə, abunəçinin adından müraciət etmək və bu Qaydalar ilə nəzərdə tutulmuş sənədləri imzalamaq səlahiyyətlərinin nümayəndəyə həvalə edilməsinə dair etibarnaməni təqdim edir.

6.3. Abunəçi (fiziki və ya hüquqi şəxs) alıcı operatora müraciət etdiyi zaman abunəçiyə dair əsas məlumatlar (fiziki şəxsin adı və ya soyadı, hüquqi şəxsin adı) verici operatorda olan məlumatlardan fərqlənərsə, abunəçi belə məlumatların dəyişməsini təsdiq edən müvafiq sənədi alıcı operatora təqdim edir.

6.4. Nömrə daşınması üçün təqdim olunmuş ərizə və sənədlər alıcı operator tərəfindən yoxlanılır. Təqdim olunmuş sənədlərdə hər hansı çatışmazlıq aşkar edildikdə, alıcı operator nömrə daşınmasından imtina edir və bu barədə abunəçiyə imtinanın əsaslandırılmış səbəblərini göstərməklə dərhal şifahi, abunəçi tələb etdiyi halda isə 5 (beş) iş günü müddətində yazılı məlumat verir.

6.5. Nömrə daşınması üçün təqdim olunmuş ərizə və sənədlər düzgün olduğu və abunəçi nömrə daşınması ilə bağlı hüquq və vəzifələri ilə, o cümlədən sellülar (mobil) xidmətlərin göstərilməsinə dair verici operatorla bağlanmış müqaviləni (bundan sonra - abunə müqaviləsi) ləğv etməyə razılaşdığı halda, daşınacaq nömrə (nömrələr) üzrə alıcı operator və abunəçi arasında abunə müqaviləsi imzalanır.

6.6. Daşınan nömrə (nömrələr) üzrə abunəçi və alıcı operator arasında imzalanmış abunə müqaviləsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələr daşınan nömrə (nömrələr) alıcı operatorun telekommunikasiya şəbəkəsində istifadəyə verildiyi tarixdən etibarən həyata keçirilir. Daşınan nömrə üzrə abunəçi və verici operator arasında qüvvədə olan abunə müqaviləsi həmin nömrənin daşınması həyata keçirildiyi tarixdən etibarən qüvvədən düşmüş hesab edilir.

6.7. Abunəçi və verici operator arasında iki və daha çox nömrə üzrə bir abunə müqaviləsi bağlanmışdırsa və həmin nömrələrdən yalnız müəyyən hissəsinin daşınması tələb olunursa, bu halda daşınan nömrələrlə bağlı abunəçinin verici operator qarşısındakı öhdəlikləri ləğv olunur və verici operatorla mövcud olan abunə müqaviləsinə düzəlişlər edilir. Nömrə daşınması üçün tərtib olunan ərizədə iki və daha çox nömrənin daşınması tələb olunarsa və həmin nömrələrdən biri və ya bir neçəsi üzrə bu Qaydaların 6.13-cü bəndində qeyd edilən imtina halı (halları) olarsa, verici operator imtina halı (halları) olan nömrə və ya nömrələr istisna olmaqla digər nömrənin (nömrələrin) daşınmasından imtina edə bilməz.

6.8. Alıcı operator nömrə daşınması ilə bağlı imzalanmış ərizəni və sənədləri verici operatora ötürülməsi üçün abunəçidən qəbul etdiyi tarixdən etibarən 1 (bir) iş günündən gec olmayaraq elektron formada Mərkəzi baza sisteminə göndərir. Ərizənin əslinin bir nüsxəsini isə ən geci 10 (on) iş günü ərzində poçt vasitəsilə verici operatora çatdırır.

6.9. Alıcı operatordan Mərkəzi baza sisteminə elektron formada daxil olmuş ərizə və abunəçi barədə məlumatlar Mərkəzi baza sistemi vasitəsilə 1 (bir) iş günündən gec olmayaraq verici operatora ötürülür.

6.10. Verici operator daşınması nəzərdə tutulan nömrəni və abunəçi barədə məlumatların uyğunluğunu yoxlayır və nəticəni (verici operatorun nömrə daşınmasının həyata keçirməyə razı olduğunu və ya nömrə daşınmasından imtina etdiyini) 1 (bir) iş günündən gec olmayaraq Mərkəzi baza sisteminə göndərir. Verici operator nömrə daşınmasından bu Qaydaların 6.13-cü yarımbəndinə uyğun imtina etdikdə, imtinanın səbəbini göstərməlidir. Verici operatordan daxil olmuş məlumat Mərkəzi baza sistemi tərəfindən 1 (bir) iş günündən gec olmayaraq alıcı operatora ötürülür.

6.11. Verici operator nömrə daşınması üçün bu Qaydalar ilə nəzərdə tutulmamış məlumat və ya sənəd tələb edə bilməz.

6.12. Abunəçi fiziki şəxsdirsə, onun adı, atasının adı, soyadı, doğulduğu tarix (il, ay, gün) və yer barədə alıcı operator tərəfindən təqdim edilmiş məlumatlar verici operatorda olan məlumatlarla uyğunluq təşkil edərsə, verici operator nömrə daşınmasından imtina edə bilməz.

6.13. Verici operator yalnız aşağıda göstərilən hallarda nömrə daşınmasından imtina edir:

6.13.1. daşınması tələb olunan nömrə abunəçiyə aid olmadıqda;

6.13.2. abunəçi barədə məlumatlarda səhv olduqda;

6.13.3. daşınması tələb olunan nömrə üzrə borc olduqda (6.20-ci bənd istisna olmaqla);

6.13.4. daşınması tələb olunan nömrə üzrə abunə müqaviləsinin dayandırılması barədə abunəçinin verici operatora müraciəti olduqda və ya müqavilə ləğv edildikdə;

6.13.5. daşınması tələb olunan nömrənin verici operator tərəfindən abunəçinin istifadəsinə verildiyi tarixdən 3 (üç) ay müddət keçmədikdə (abunəçi ilə eyni nömrə və ya nömrələr üzrə mövcud müqavilənin istənilən səbəbdən yenilənməsi bu bənddə göstərilən müddətin yenilənməsinə səbəb olmur);

6.13.6. verici operator və abunəçi arasında abunə müqaviləsindən irəli gələn hər hansı məhkəmə işi üzrə yekun qərar qəbul edilənə kimi mübahisələr olduqda.

Verici operator tərəfindən abunəçiyə son avadanlığın verilməsinə dair müqavilə üzrə pul öhdəlikləri abunəçi tərəfindən icra edildikdə, verici operator nömrə daşınmasından imtina edə bilməz.

6.14. Alıcı operator verici operatordan imtina cavabı aldıqda, imtinanın səbəblərini 2 (iki) iş günündən gec olmayaraq abunəçiyə bildirir. Bu halda verici operator imtinanı (bu Qaydaların 6.13.1-ci yarımbəndində göstərilən əsas istisna olmaqla) əsaslandıran yazılı məlumatı abunəçinin tələbi əsasında 2 (iki) iş günündən gec olmayaraq sonuncuya təqdim etməyə borcludur.

6.15. İmtinaya səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra nömrə daşınması barədə təkrar müraciət edilə bilər.

6.16. Verici operatordan nömrə daşınmasını həyata keçirməyə razılığı və hazır olması barədə Mərkəzi baza sisteminə daxil olmuş məlumat Mərkəzi baza sistemi vasitəsilə 1 (bir) iş günündən gec olmayaraq alıcı operatora və digər aidiyyəti telekommunikasiya operatorlarına göndərilir. Nömrə daşınmasının həyata keçirilməsinin tarixi və vaxtı, ərizədə göstərilən vaxt, habelə texniki imkan nəzərə alınmaqla, alıcı operator tərəfindən təyin edilir.

6.17. Məlumat aldıqdan sonra alıcı operator nömrə daşınmasının həyata keçiriləcəyi vaxt barədə abunəçini nömrə daşınması üçün müəyyən olunmuş tarixdən ən azı 1 (bir) təqvim günü əvvəl məlumatlandırır.

6.18. Nömrə daşınması barədə Mərkəzi baza sistemi vasitəsilə məlumat əldə etmiş telekommunikasiya operatorları nömrə daşınmasının həyata keçirilməsi başa çatanadək öz telekommunikasiya şəbəkələrində lazımi dəyişikliklər edirlər.

6.19. Nömrə daşınması həyata keçirilən abunəçilərin rabitə kəsintisi 1 (bir) saatdan çox olmamalıdır.

6.20. Verici operator tərəfindən abunəçiyə təqdim edilmiş və ödənilmiş sonuncu hesab-faktura tarixindən nömrə daşınması həyata keçirilənədək (habelə, daha sonra) göstərilən xidmətlərə görə abunəçinin verici operator qarşısında yaranan istənilən borcuna bu Qaydaların 6.13.3-cü yarımbəndinin şərti tətbiq edilməyərək, imtina üçün əsas hesab olunmur və nömrə daşınması həyata keçirilir. Bu halda verici operator abunəçiyə hesab-faktura təqdim edir və bu barədə alıcı operatoru da məlumatlandırır.

6.21. Nömrə daşınması həyata keçirildikdən sonra bu Qaydaların 6.20-ci bəndinə əsasən abunəçiyə təqdim edilmiş hesab-faktura üzrə borc sonuncu tərəfindən təqdim edildiyi tarixdən 30 (otuz) təqvim günü ərzində ödənilmədikdə, növbəti 30 (otuz) təqvim günü ərzində verici operator daşınmış nömrəyə göstərilən xidmətlərin dayandırılması barədə alıcı operatora müraciət edir və həmin müraciətə ödənilməmiş hesab-fakturanın surətini əlavə edir. Müraciətdən sonrakı 10 (on) iş günü ərzində ödənişin həyata keçirilməsi barədə verici operatordan alıcı operatora məlumat daxil olmadıqda alıcı operator tərəfindən abunəçiyə göstərilən xidmətlər borc məbləği tam ödənilənədək dayandırılır və bu barədə verici operatora məlumat verilir. Növbəti 3 (üç) ay ərzində hesab-faktura üzrə borc ödənildiyi halda verici operator abunəçinin müraciəti əsasında 2 (iki) iş günündən gec olmayaraq bu barədə alıcı operatora məlumat verir, sonuncu isə öz növbəsində bu məlumatın ona daxil olduğu vaxtdan 1 (bir) iş günündən gec olmayaraq daşınmış nömrə üzrə göstərilən xidmətləri bərpa edir. Qeyd olunan 3 (üç) aylıq müddət ərzində hesab-faktura üzrə borc ödənilməzsə, nömrə verici operatora geri qaytarılır.

7. Nömrə daşınması üçün abunəçi tərəfindən alıcı operatora təqdim edilmiş məlumatların səhv olduğu aşkarlandığı zaman:

7.1. nömrə daşınmasının istənilən mərhələsində alıcı operator və verici operator bu barədə bir-birlərini Mərkəzi baza sistemi vasitəsi ilə məlumatlandırırlar;

7.2. həyata keçirilməmiş nömrə daşınması dayandırılır və alıcı operator tərəfindən bu barədə abunəçiyə məlumat verilir;

7.3. nömrə daşınması həyata keçirilmişdirsə, aşkar edilmiş səhvin düzəldilməsi üçün alıcı operator tərəfindən abunəçiyə məlumat verilir və səhv düzəldilənədək daşınmış nömrə üzrə sellülar (mobil) xidmətlərin göstərilməsi dayandırılır;

7.4. səhv düzəldilmədiyi halda, nömrənin alıcı operator tərəfindən verici operatora geri daşınması təmin olunmalı və bu barədə abunəçiyə ən azı 1 (bir) təqvim günü əvvəl məlumat verilməlidir.

8.1. Nömrə daşınması həyata keçirilənədək abunəçi nömrə daşınmasından imtina etdikdə, alıcı operator nömrə daşınmasını ləğv edir və bu barədə Mərkəzi baza sisteminə dərhal bildiriş göndərir. Mərkəzi baza sistemi bu yarımbəndə uyğun alıcı operatordan daxil olmuş məlumatı ən geci 2 (iki) iş günü müddətində aidiyyəti telekommunikasiya operatorlarına çatdırmalıdır.

8.2. Nömrə daşınması barədə abunəçinin tələbi Mərkəzi baza sisteminə göndərilməmişdirsə, abunəçinin nömrə daşınmasından imtina tələbi alıcı operator tərəfindən təmin edilir.

9.1. Daşınmış nömrələr mobil operatorlar tərəfindən aşağıdakı şərtlərə uyğun istifadə olunur:

9.1.1. daşınmış nömrələr “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”na uyğun olaraq istifadə olunur;

9.1.2. daşınmış nömrə onun təsis olunduğu mobil operatora geri qaytarılmadığı müddətdə həmin operator tərəfindən başqa abunəçiyə, istifadəçiyə ayrıla bilməz;

9.1.3. daşınmış nömrə alıcı operator tərəfindən başqa bir abunəçinin istifadəsinə verilə biməz;

Abunəçi hüquqi şəxs yenidən təşkil edildikdə (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) daşınmış nömrə hüquqi varisin ərizəsi, bir neçə hüquqi varis olduqda isə onların birgə ərizəsi və ya vəkalətnamə əsasında alıcı operator tərəfindən aidiyyəti üzrə hüquqi varisin istifadəsinə verilir.

9.1.4. daşınmış nömrələrə görə “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” ilə nəzərdə tutulmuş illik istifadə haqları nömrənin təsis olunduğu operator tərəfindən ödənilir. Verici operator tələb etdiyi halda, alıcı operator öz şəbəkəsinə daşınmış hər bir nömrəyə görə həmin nömrənin daşındığı müddətdən etibarən nömrə resurslarından istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12 aprel 2006-cı il tarixli 09 nömrəli Qərarında nəzərdə tutulmuş illik istifadə haqqı tarifinə uyğun hesablanan ödənişi verici operatora ödəyir.

9.2. Daşınmış nömrənin verici operatorun və ya digər mobil operatorun telekommunikasiya şəbəkəsinə təkrar daşınması sonuncu nömrə daşınması tarixindən 3 (üç) ay müddət keçdikdən sonra yerinə yetirilə bilər (həmin abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədlərdə, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar müqavilənin yenilənməsi bu bənddə göstərilən müddətin yenilənməsinə səbəb olmur).

10.1. Alıcı operator tərəfindən nömrə daşınmasına görə abunəçidən alınan birdəfəlik ödəniş şəbəkəsində istifadəsi nəzərdə tutulan adi nömrənin satış qiymətindən çox ola bilməz.

10.2. Mobil operatorlar nömrə daşınmasının həyata keçirilməsi üçün öz telekommunikasiya şəbəkələrindəki bütün texniki məsələləri həll edirlər.

10.3. Bütün telekommunikasiya operatorları nömrə daşınması və ya daşınmış nömrəyə zəngin (məlumatın və s.) ötürülməsi üzrə quraşdıracaqları avadanlıqlar, proqram təminatları, mövcud telekommunikasiya şəbəkələrində aparılan dəyişikliklər və müvafiq testlərlə bağlı xərcləri özləri ödəməlidirlər.

10.4. Telekommunikasiya operatorları daşınmış nömrələrə edilən zənglərin (məlumatların və s.) alıcı operatorun telekommunikasiya şəbəkəsinə (alıcı operator öz telekommunikasiya şəbəkəsində zənglərin (məlumatların)) yönləndirilməsini təmin edirlər.

10.5. Verici operator daşınmış nömrələr üzrə şəbəkəsinə ötürülən zənglərin (məlumatların və s.) aidiyyəti üzrə tranzit yönləndirilməsini təşkil edir. Daşınmış nömrələr üzrə verici operatorun şəbəkəsinə zənglərin (məlumatların və s.) ötürülməsini təşkil edən telekommunikasiya operatoru arabağlantı müqaviləsi üzrə müəyyən olunmuş əlavə tranzit haqlarının ödənilməsini təmin edir. Telekommunikasiya operatorları nömrə daşınması zamanı arabağlantı müqaviləsinin şərtlərini yerinə yetirməlidirlər.

10.6. Verici operator öz telekommunikasiya şəbəkəsindən daşınmış nömrəyə edilən zənglər üçün abunəçilərinə ayırdedici xəbərdarlıq siqnalını verir.

10.7. Bu Qaydalara əsasən nömrə daşınmasının təmin edilməsində məsuliyyətli olan mobil operator şəbəkəsindən başqa şəbəkəyə və ya başqa şəbəkədən öz şəbəkəsinə daşınan nömrələrlə bağlı aşağıdakı məlumatları hər ilin yanvar və iyul aylarında Nazirliyə təqdim edir:

10.7.1. şəbəkəsindən daşınmış nömrələrin sayı;

10.7.2. şəbəkəsinə daşınmış nömrələrin sayı;

10.7.3. nömrə daşınması barədə müraciət etmiş abunəçilərin sayı;

10.7.4. həyata keçirilməmiş nömrə daşınması müraciətlərinin sayı və səbəbləri.

10.8. Daşınmış nömrələrin xidmət keyfiyyəti göstəricilərinin daşınmamış nömrələrin xidmət keyfiyyəti göstəriciləri ilə eyni olması təmin edilməlidir.

10.9. Nömrə daşınması həyata keçirilərkən abunəçinin fikrini dəyişdirəcək hər hansı təbliğat işlərinin operatorlar tərəfindən aparılması yolverilməzdir.

10.10. Nömrəsi daşınmış abunəçi ilə alıcı operator arasındakı abunə müqaviləsinə xitam verildikdə, alıcı operator tərəfindən nömrənin təsis olunduğu operatora həmin abunə müqaviləsinə xitam verildiyi tarixdən ən geci 30 (otuz) gün müddətində geri qaytarılmalı və eyni zamanda bu barədə Mərkəzi baza sistemi vasitəsilə digər aidiyyəti telekommunikasiya operatorlarına məlumat verməlidir. Mərkəzi baza sistemi bu yarımbəndə uyğun alıcı operatordan daxil olmuş məlumatları ən geci 2 (iki) iş günü müddətində aidiyyəti telekommunikasiya operatorlarına çatdırmalıdır.

10.11. Mobil operatorlar nömrə daşınmasına və tələb olunan sənədlərə dair məlumatları, ərizə formalarını, abunəçinin hüquqları və öhdəlikləri, nömrə daşınmasının həyata keçirilməsi müddəti barədə istifadəçiləri, abunəçiləri məlumatlandırmalı və bu məlumatları özlərinin internet informasiya ehtiyatlarında yerləşdirməlidirlər.

10.12. Bütün telekommunikasiya operatorları və Mərkəzi baza sistemi nömrə daşınması həyata keçirilərkən abunəçilərə aid məlumatların məxfiliyini qanunvericiliyə uyğun olaraq qorumağa borcludurlar.

11.1. Nömrə daşınması üzrə Mərkəzi baza sistemi Nazirliyin mobil operatorlarla razılaşdırdığı yerdə qurularaq idarə olunur. Mərkəzi baza sisteminin qurulması və idarə edilməsi ilə bağlı şərtlər Nazirlik tərəfindən mobil operatorlarla razılaşdırılır.

11.2. Nömrə resurslarına malik olan telekommunikasiya operatorları öz telekommunikasiya şəbəkələrinin Mərkəzi baza sisteminə qoşulmasını təmin edirlər.

11.3. Mərkəzi baza sistemi nömrə daşınması barədə müraciətlərin daxil edilməsi, daşınan nömrə ilə bağlı məlumatların telekommunikasiya operatorlarına göndərilməsi, daşınmış nömrələr və bu nömrələrə aid məlumatların yönləndirmə informasiyalarının saxlanılması, nəzarət edilməsi, nömrə daşınmasına dair operatorlararası məlumat mübadiləsi və bu kimi digər proseslər məqsədi ilə istifadə olunur.

11.4. Mərkəzi baza sisteminin ilkin mərhələdə yaradılması, istismar edilməsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün tələb olunan xərclər mobil operatorlar tərəfindən şəbəkələrində istifadə etdikləri hər bir nömrəyə görə 0.65 manat məbləğində ödənilən illik ödənişlər hesabına maliyyələşdirilir. Bu ödənişlər Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurum tərəfindən açılmış xüsusi hesaba hər bir il üçün iyun ayının 1-dən gec olmayaraq aparılmalıdır.

11.5. Mərkəzi baza sisteminə qoşulmuş telekommunikasiya operatorları Mərkəzi baza sistemindən bu Qaydalar ilə nəzərdə tutulmuş hallarda göndərilən məlumatların öz telekommunikasiya şəbəkələrində qəbulunu təmin etməlidirlər.

11.6. Mərkəzi baza sistemi üzərindən göstərilməsi mümkün olan xidmətlər Nazirlik tərəfindən müəyyən olunur və mobil operatorlarla razılaşdırılır.

11.7. Nömrə daşınmasında texniki çatışmazlıq yarandığı təqdirdə, aidiyyəti telekommunikasiya operatoru belə çatışmazlığın aradan qaldırılması üçün lazım olan bütün tədbirləri yerinə yetirməlidir. Aidiyyəti telekommunikasiya operatorları daşınmış nömrələrlə bağlı məlumatları Mərkəzi baza sistemindən sorğu vasitəsi ilə əldə edə bilərlər.

12.1. Nömrə daşınması üçün texniki yönləndirmə nömrələri Nazirlik tərəfindən müəyyən olunur və aidiyyəti telekommunikasiya operatorlarına ödənişsiz ayrılır.

12.2. Telekommunikasiya operatorları ayrılmış texniki yönləndirmə nömrələrini öz telekommunikasiya şəbəkələrində tanıtdırılması və zənglərin (məlumatların və s.) düzgün yönləndirilməsi üçün zəruri işləri həyata keçirirlər.

13.1. Bu Qaydaların tətbiqi ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.

13.2. Bu Qaydaların tətbiqi ilə əlaqədar alıcı operator və verici operator arasında mübahisəli məsələnin tənzimlənməsi və operativ həll edilməsi üçün həmin operatorlar Nazirliyə müraciət edə bilərlər.

Mərkəzi baza sisteminin qurulduğu tarix Nazirlik tərəfindən aidiyyəti telekommunikasiya operatorlarına bildirildikdən sonra həmin operatorlar Nazirlik tərəfindən operatorlarla razılaşdırılmış müddətdə bu Qaydalara uyğun nömrə daşınmasının tətbiqinə başlayırlar.

Şəxsiyyət vəsiqəsinin nömrəsi

Şəxsiyyət vəsiqəsinin nömrəsi

Adı, soyadı, atasının adı

Etibarnamənin təsdiq edildiyi notarius

Etibarnamənin tarixi və nömrəsi

Tələb edilən daşınma zamanı

İstifadə edilən servislər

00:00-07:59 arası 08:00-15:59 arası 16:00-23:59 arası

Bu ərizə formasında göstərilən telefon nömrəsinin/nömrələrinin yuxarıda qeyd olunan alıcı operatorun şəbəkəsinə daşınmasını, həmçinin alıcı operatorla imzalanmış abunə müqaviləsinin daşınan nömrə alıcı operatorun telekommunikasiya şəbəkəsində istifadəyə verildiyi tarixdən etibarən qüvvəyə minməsini, eyni zamanda verici operatorla qüvvədə olan abunə müqaviləsinin nömrə daşınması həyata keçirildiyi tarixdən etibarən qüvvədən düşməsini şəxsən təsdiq edirəm.

Adı, Soyadı:..................................................

Tarix:...................................................

Alıcı operatorun nümayəndəsinin adı, soyadı:...................................................

Hüquqi şəxsin adından müraciət edən şəxsin adı, soyadı, atasının adı

Şəxsiyyət vəsiqəsinin nömrəsi

Adı, soyadı, atasının adı

Şəxsiyyət vəsiqəsinin nömrəsi

Etibarnamənin tarixi və nömrəsi

Etibarnaməni imzalamış şəxsin adı, soyadı, vəzifəsi

Tələb edilən daşınma zamanı

İstifadə edilən servislər

00:00-07:59 arası 08:00-15:59 arası 16:00-23:59 arası....................................................................................................................

Bu ərizə formasında göstərilən telefon nömrəsinin/nömrələrinin yuxarıda qeyd olunan alıcı operatorun şəbəkəsinə daşınmasını, həmçinin alıcı operatorla imzalanmış abunə müqaviləsinin daşınan nömrə alıcı operatorun telekommunikasiya şəbəkəsində istifadəyə verildiyi tarixdən etibarən qüvvəyə minməsini, eyni zamanda verici operatorla qüvvədə olan abunə müqaviləsinin nömrə daşınması həyata keçirildiyi tarixdən etibarən qüvvədən düşməsini şəxsən təsdiq edirəm.

İmza:..........................................

Adı, Soyadı:.........................................

Tarix:.........................................

Alıcı operatorun nümayəndəsinin adı, soyadı:.........................................

1. 6 noyabr 2014-cü il tarixli 02 nömrəli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201411060002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 noyabr 2014-cü il)

2. 5 noyabr 2014-cü il tarixli 01 nömrəli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201411050001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 noyabr 2014-cü il)

3. 11 iyul 2018-ci il tarixli 002 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807110002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2018-ci il)

4. 18 aprel 2019-cu il tarixli 005 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2019-cu il)

5. 14 fevral 2022-ci il tarixli KQ-3/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202202140322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 fevral 2022-ci il)

6. 22 noyabr 2023-cü il tarixli 3-27/3-7-16/2023 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309133711, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2023-cü il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver