48.1. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası bu Konstitusiya Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və müvafiq normayaratma orqanının aktları ilə müəyyən edilir.
48.2. Normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:
48.2.1. müşayiət məktubu, normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;
48.2.2. normativ hüquqi aktın layihəsinin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;
48.2.3. normativ hüquqi aktın layihəsinə dair ekspert rəyləri;
48.2.4. normativ hüquqi aktın layihəsini hazırlamış şəxslərin siyahısı;
48.2.5. normativ hüquqi aktın layihəsinə aid digər sənədlər (layihəni təqdim edən subyektin qərarına əsasən).
48.2-1. Normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayışa aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
48.2-1.1. qanun və fərman layihələrinin qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan digər qanun və fərman layihələrinin olub-olmaması (olduğu halda müvafiq layihələr əlavə olunur);
48.2-1.2. layihənin hansı dövlət orqanları (qurumları) ilə razılaşdırıldığı.
48.3. Normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
48.3.1. normativ hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti;
48.3.2. Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, mediada dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili;
48.3.3. normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması;
48.3.4. normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının (onların struktur elementlərinin) siyahısı.
48.4. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihəsinə layihənin redaksiyasına dair ekspert rəyləri əlavə olunur. Bu zaman layihədə texniki xarakter daşıyan dəyişikliklər edildikdə layihə təkrar ekspert rəylərinin alınması üçün göndərilmir.
48.5. Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl əlavə olunur.
48.6. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur və bu Konstitusiya Qanununun 48.3-cü və 48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır.
48.7. Normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.