Qanunvericilik › Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 68

Maddə 68. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertiza keçirilməsinin əsas qaydaları

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

68.1. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının səmərəliliyi onun sistemliliyi, etibarlılığı və nəticələrinin yoxlanılmasının mümkünlüyü ilə müəyyənləşdirilir.

68.2. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının sistemliliyinin, etibarlılığının və nəticələrinin yoxlanılmasının təmin edilməsi üçün aşağıdakı qaydalara riayət olunmalıdır:

68.2.1. normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizası və onun nəticələrinin ifadə olunması eyniliklə – normativ hüquqi aktda (onun layihəsində) tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri cədvəlində (bu Konstitusiya Qanununa 2 nömrəli Əlavə) göstərilən tərkib və ardıcıllıq üzrə aparılmalıdır;

68.2.2. hər bir tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi aktın (onun layihəsinin) hər bir normasında mövcud olub-olmamasına dair yoxlanılmalıdır;

68.2.3. tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi akta (onun layihəsinə) qəsdən və ya bilmədən daxil edilib-edilməməsindən asılı olmayaraq, bu səbəblərə qiymət vermədən aşkar edilir və göstərilir;

68.2.4. ekspertiza nəticəsində aşkar olunmuş istənilən tipik sui-istifadə amili və sui-istifadəyə məruz qalmanın təzahürü normativ hüquqi aktdan (onun layihəsindən) çıxarılmalıdır;

68.2.5. normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri üzrə iş sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələri üzrə rəylər əsasında müvafiq normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi üçün müəyyən edilmiş qaydada aparılır;

68.2.6. təhlil nəticəsində aşkar edilmiş sui-istifadəyə şərait yaradan qeyri-tipik müddəalar normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri üzrə rəydə göstərilir və tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri üçün müəyyən edilmiş qaydada çıxarılmalıdır.

68.3. Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amillərinin mövcud olmamasına dair bu Konstitusiya Qanununun tələbləri normativ hüquqi aktı (onun layihəsini) bilavasitə hazırlayan mütəxəssislər tərəfindən yerinə yetirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver