70.1. Müəyyən edilmiş qaydada təqdim edilmiş normativ hüquqi aktın layihəsinə normayaratma orqanı tərəfindən baxılmalıdır.
70.2. Normayaratma orqanı normativ hüquqi aktın layihəsinə baxdıqdan sonra aşağıdakılardan birini edə bilər:
70.2.1. normativ hüquqi aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;
70.2.2. əsaslar və səbəblər göstərilməklə layihənin rədd edilməsi;
70.2.3. normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin müəyyən müddətə təxirə salınması;
70.2.4. irad və təkliflər göstərilməklə layihənin yenidən işlənilmək üçün qaytarılması.
70.3. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda baxılır.