Azərbaycan Respublikasında notariat ofislərinin, notariusların və şəhadətnamə almaq üçün icbari təlimə cəlb olunanların sayı, habelə notariusların fəaliyyət göstərdikləri inzibati ərazi, notariat ofisinin yerləşdiyi yer, əhalinin və notariat hərəkətlərinin sayı nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Notariat fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Hər bir notariusun notariat fəaliyyəti iki ildə bir dəfədən az olmadan yoxlanılmalıdır.
Notarius yoxlama aparılmasına səlahiyyətli şəxsə notariat fəaliyyətinə aid bütün məlumat və sənədləri təqdim etməyə borcludur.
Yoxlamanın və ya şikayətin araşdırılmasının nəticəsindən asılı olaraq, xüsusi notarius barəsində intizam icraatı başlanıla bilər, dövlət notariusuna münasibətdə isə bu Qanunun 16-cı maddəsinə uyğun olaraq ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası tətbiq olunur.
Yoxlamanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Xüsusi notariusun işçisi tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edildikdə, onun barəsində intizam tədbirlərinin görülməsi, o cümlədən əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanı notariusa göstəriş verir.
Xüsusi notariusla işçiləri arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi və bu Qanunla tənzimlənir.