Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının yanında 75 ilə qədər notariat sənədlərinin saxlanması üçün dövlət notariat arxivi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət notariat arxivinin ştat sayını müəyyən edir və dövlət notariat arxivinin işinin təşkilinə və səlahiyyətinə dair Əsasnaməni təsdiq edir.
Dövlət notariat arxivi hüquqi şəxsdir. Onun fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin (azad) edilən müdir həyata keçirir.
Dövlət notariat arxivinin müdiri (onu əvəz edən vəzifəli şəxs) bu arxivdə saxlanılan sənədlərdən dublikatlar verir, onlardan surət və çıxarışların düzgünlüyünü təsdiq edir.
Dövlət notariat arxivinin öz adı və Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhürü olur.
Dövlət notariat arxivi dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat ofislərinin və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan haqq, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.