Qanunvericilik › Notariat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Notariat qaydasında təsdiq edilmiş sənədlərlə bərabər tutulan sənədlər

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan etibarnamələr və 1181-ci maddəsində nəzərdə tutulan vəsiyyətnamələr aiddir.

Bu maddədə göstərilən sənədləri təsdiq edən vəzifəli şəxslər vəsiyyətnamə və etibarnamələri qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etməklə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edirlər.

Bu maddədə sadalanan sənədləri təsdiq edən vəzifəli şəxslər təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini saxlamaq üçün dərhal dövlət notariat arxivinə və ya vəsiyyətçinin daimi yaşayış yerindəki notariusa verməyə borcludurlar.

Bu Qanuna uyğun olaraq dəniz gəmilərinin kapitanları təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini dövlət notariat arxivinə və ya vəsiyyətçinin daimi yaşayış yerindəki notariusa göndərilməsi üçün Azərbaycan Respublikasının dəniz limanı idarəsinə və ya xarici limanda Azərbaycan Respublikasının konsulluğuna verməyə borcludurlar.

Vəsiyyətçinin Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayıbsa və ya vəsiyyətçinin yaşayış yeri məlum deyildirsə, vəsiyyətnamə Azərbaycan Respublikasının dövlət notariat arxivinə göndərilir.

Dövlət notariat arxivinin müdiri və ya notarius saxlanılmaq üçün daxil olan vəsiyyətnamənin qanuniliyini yoxlamağa və onun qanuna uyğun olmadığını müəyyən etdikdə, bu barədə vəsiyyətçiyə və vəsiyyətnaməni təsdiq etmiş vəzifəli şəxsə xəbər verməyə borcludur.

Dövlət notariat arxivi və ya notarius bu maddədə göstərilən şəxslərdən saxlanılmaq üçün daxil olmuş vəsiyyətnamələrin dublikatını verirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver