Notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.
Notariuslar videoyazı vasitəsilə etibarnamələrin təsdiq edilməsinə, habelə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən etibarnamələrin verilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər.
Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər.
Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.
Etibar edilmişi başqasına etibar etmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibar etmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir.
Etibar edilmişi başqasına etibar etmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olmamalıdır.
Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.