51.1. Ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanunun tələbləri nəzərə alınmaqla filial və nümayəndəlik açmaqda sərbəstdirlər.
51.2. Bu Qanunun 49.3-cü maddəsi ilə müəyyən edilən tələblərə uyğun olan, habelə filialda aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində ödəniş təşkilatına və elektron pul təşkilatına ötürülməsi üçün informasiya sistemləri mövcud olan ödəniş təşkilatı və elektron pul təşkilatı Azərbaycan Respublikasının ərazisində filial aça bilərlər.
51.3. Ödəniş təşkilatı və elektron pul təşkilatı filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 (yeddi) iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərirlər. Bildirişə filial açmaq barədə səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın müvafiq qaydada təsdiqlənmiş surəti və filial rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin, bu Qanunun 48.9-cu maddəsinin tələbləri nəzərə alınmaqla, notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti əlavə olunur. Bildirişdə filialın ünvanı, fəaliyyətə başlaması vaxtı və filialın həyata keçirəcəyi ödəniş xidmətləri barədə məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən 14 (on dörd) təqvim günü müddətində bildirişə münasibət bildirilmədikdə və ya bu Qanunun təshih tədbirlərinə əməl edilməməsi ilə bağlı, habelə ödəniş təşkilatı və ya elektron pul təşkilatı tərəfindən yerli filialın açılması üçün bu Qanunda nəzərdə tutulmuş tələblərə riayət edilməməsi ilə bağlı yazılı məlumat göndərilmədikdə yerli filial fəaliyyətə başlaya bilər.
51.4. Ödəniş təşkilatı və elektron pul təşkilatı Azərbaycan Respublikasının ərazisində nümayəndəliyin açılması barədə yazılı məlumatı bu barədə qərarın qəbul edildiyi gündən 5 (beş) iş günü müddətində Mərkəzi Banka təqdim edirlər. Məlumatda nümayəndəliyin adı və ünvanı göstərilir və nümayəndəliyin rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin, bu Qanunun 48.9-cu maddəsinin tələbləri nəzərə alınmaqla, notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti məlumata əlavə olunur.
51.5. Xarici ölkədə filialını və nümayəndəliyini açan ödəniş təşkilatı və elektron pul təşkilatı onların yerləşdiyi ölkədə fəaliyyətə başladıqdan sonra bu barədə Mərkəzi Banka 5 (beş) iş günü müddətində yazılı məlumat təqdim edirlər.
51.6. Ödəniş təşkilatı və elektron pul təşkilatı filial və nümayəndəliklərinin fəaliyyətlərinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdikdə, səbəbi göstərilməklə bu barədə Mərkəzi Banka 5 (beş) iş günü müddətində yazılı bildiriş göndərməlidirlər. Bildirişdə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş struktur bölməsinin aktiv və öhdəliklərinin ödəniş təşkilatı və elektron pul təşkilatına və ya onların digər struktur bölməsinə ötürülməsi qaydası göstərilir.