Qanunvericilik › “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.10.2020) › Tam mətn

“Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.10.2020)

“Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.10.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 16 oktyabr 2020-ci il

1.1. Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri (bundan sonra – Qayda) “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ödənişsiz psixoloji yardım almaq hüququ olan şəxslərə psixoloji yardımın göstərilməsi qaydasını və şərtlərini müəyyən edir.

1.2. Ödənişsiz psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.

2.1. Aşağıdakı şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ vardır:

2.1.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təcili və təxirəsalınmaz hallarda Azərbaycan Respublikası vətəndaşlarının;

2.1.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsilalanların;

2.1.3. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulmuş və ya həbs edilmiş şəxslərin;

2.1.4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkən şəxslərin;

2.1.5. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəza çəkməkdən azad edilmiş şəxslərin;

2.1.6. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin;

2.1.7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların;

2.1.8. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmətə götürülmüş şəxslərin (ailələrin);

2.1.9. fövqəladə hadisə zamanı zərər çəkmiş şəxslər, onların ailə üzvləri, habelə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin;

2.1.10. kollektiv müqavilədə nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin;

2.1.11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin;

2.1.12. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alverinin qurbanı olmuş şəxslərin;

2.1.13. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlərin.

2.2. Qanunla bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslərlə yanaşı, digər şəxslərin də ödənişsiz psixoloji yardım almaq hüququ müəyyən edilə bilər.

3.1. Ödənişsiz psixoloji yardım Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın növlərindən və 4.2-ci maddəsində qeyd olunan psixoloji yardımın formalarından istifadə edilməklə göstərilir.

3.2. Ödənişsiz psixoloji yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələblərə uyğun olaraq göstərilir.

3.3. Psixoloji yardım göstərən şəxs (bundan sonra – psixoloq) psixoloji yardım alan şəxsin cinsini, yaşını və fərdi xüsusiyyətlərini nəzərə almaqla göstəriləcək psixoloji yardımın növünü və formasını müəyyən edir.

3.4. Ödənişsiz psixoloji yardım alan şəxsin Qanunun 12.1.3-cü və 14-cü maddələrini nəzərə almaqla psixoloqu, psixoloji yardımın növünü və onun göstərilmə şərtlərini sərbəst seçmək hüququ vardır.

3.5. Bu Qaydanın 2.1.1-ci yarımbəndində qeyd olunan hal və təcili psixoloji yardımın göstərilməsi halları istisna olmaqla, ödənişsiz psixoloji yardım növbəlilik prinsipi əsasında (planlı) təşkil edilir. Bu zaman gözləmə müddəti yardım üçün müraciət edilən gündən etibarən 10 (on) təqvim günündən gec olmamalıdır.

3.6. Psixoloq psixoloji yardım alan şəxsi və ya onun qanuni nümayəndəsini tərəflərin hüquq və vəzifələri, habelə psixoloji yardımın göstərilməsi məqsədləri, növləri və formaları haqqında, o cümlədən təklif olunan psixoloji yardımdan imtina etmək hüququna malik olduğu barədə məlumatlandırmalıdır. Psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin psixoloqla təklif edilən psixoloji yardımın tətbiqinin nəticələrini müzakirə etmək hüququ vardır.

3.7. Psixoloq psixoloji yardımın göstərilməsi ilə bağlı aşağıdakı məlumatları xüsusi qeydiyyat jurnalında qeyd etməlidir:

3.7.1. psixoloji yardım alan şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, ödənişsiz psixoloji yardımın göstərilməsinin əsası, habelə iş yeri (olduğu halda);

3.7.2. psixoloji yardım almaq üçün müraciətin səbəbi;

3.7.3. psixoloji yardımın növü və forması;

3.7.4. psixoloji yardımın müddəti;

3.7.5. gözlənilən və əldə olunan nəticə.

3.8. Ödənişsiz klinik psixoloji yardım yalnız dövlət tibb müəssisələri tərəfindən göstərilir.

4.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təcili və təxirəsalınmaz hallarda Azərbaycan Respublikasının vətəndaşlarına psixoloji yardım icbari tibbi sığorta vəsaiti hesabına yaşadıqları və ya olduqları yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində göstərilir.

4.2. Təhsilalanlara psixoloji xidmətin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil aldıqları təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”na əsasən həyata keçirilir.

4.3. Tutulmuş və ya həbs edilmiş şəxslərə psixoloji yardım aşağıdakı qaydada göstərilir:

4.3.1. tutulmuş və ya həbs edilmiş şəxslərə psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına onların saxlanıldıqları həbs yerlərində, təcili psixoloji yardım göstərilməsi zərurəti olduqda isə müvəqqəti saxlama yerlərində göstərilir;

4.3.2. tutulmuş və ya həbs edilmiş şəxslərə psixoloji yardım onlarda yaranmış və ya müşahidə edilən mənəvi-psixoloji sarsıntı, şok, depressiya, stress, böhranlı vəziyyət və digər psixoloji gərginlik hallarının aradan qaldırılması üçün həyata keçirilən kompleks tədbirlərdən ibarətdir;

4.3.3. tutulmuş və ya həbs edilmiş şəxslərə psixoloji yardım həbs yerlərinin psixoloqları tərəfindən göstərilir. Peşəkar psixoloji yardıma ehtiyac yarandıqda, həbs yerinin müdiriyyətinin icazəsi ilə psixoloji yardım bu sahədə ixtisaslaşdırılmış təşkilatların nümayəndələri tərəfindən göstərilir;

4.3.4. tutulmuş və ya həbs edilmiş şəxslərə psixoloji yardım onların müraciətləri və ya razılıqları əsasında həbs yerlərində saxlanıldıqları müddətdə göstərilir;

4.3.5. psixoloji yardım həbs yerlərinin ərazisində bunun üçün ayrılmış xüsusi otaqlarda və fərdi qaydada göstərilir. Həbs yerlərinin müdiriyyəti belə yardımdan səmərəli istifadə üçün zəruri şərait yaratmalıdır;

4.3.6. psixoloji yardım göstərilərkən, hər iki tərəfdən anonimliyin saxlanılmasının vacibliyi tutulmuş və ya həbs edilmiş şəxsə bildirilir;

4.3.7. tutulmuş və ya həbs edilmiş şəxs özünü qeyri-adekvat apardıqda və ya psixoloji gərginlik yaratdıqda, müəssisə rəhbərliyinin göstərişinə əsasən psixoloq həmin şəxslə fərdi qaydada söhbət aparır;

4.3.8. risk qrupuna aid olan şəxslər (intihara, özünəxəsarətə və ya qaçmağa meyilli, potensial konfliktli şəxslər, habelə yetkinlik yaşına çatmayanlar) psixoloq tərəfindən nəzarətə götürülür və onlarla mütəmadi olaraq söhbətlər aparılır. Psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı psixoloji seanslara tutulmuş və ya həbs edilmiş şəxslərin valideynləri və digər yaxınları da dəvət oluna bilərlər;

4.3.9. psixoloji yardım göstərilərkən psixodiaqnostik metodlardan istifadə edilir. Tutulmuş və ya həbs edilmiş şəxsin həyata maraqları, sosial vəziyyəti, törətməkdə şübhəli olduğu və ya təqsirləndirildiyi əmələ münasibəti öyrənilir. Hər tutulmuş və ya həbs edilmiş şəxslə aparılan psixoloji iş, o cümlədən şəxsə göstərilmiş yardım işi, keçirilən metodlar və nəticələri, şəxsin psixoloji xarakteristikası psixoloji yardım dəftərində qeyd edilir;

4.3.10. tutulmuş və ya həbs edilmiş şəxs barədə bu Qaydanın 3.7-ci bəndində göstərilən məlumatlarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin törətməkdə şübhəli olduğu və ya təqsirləndirildiyi maddəsi və aparılan ilkin müşahidənin nəticəsi də qeydiyyat jurnalında qeyd olunur;

4.3.11. həbs edilmiş şəxs barədə məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra psixoloq tərəfindən onun ilkin psixoloji xarakteristikası tərtib edilir və məhkumun şəxsi işinə əlavə olunur. Məhkumun ilkin psixoloji xarakteristikasında onun temperament tipi, aparılan ilkin müşahidənin nəticələri, fərdi söhbət zamanı davranışı, şəxsiyyətə xas xüsusiyyətləri (xarakterin aksentuasiyası, özünüqiymətləndirmə, kommunikativ xüsusiyyətləri, kollektivdə qarşılıqlı münasibəti, sosial adaptasiya səviyyəsi, intellektual səviyyəsi, təfəkkür xüsusiyyətləri, təşkilatçılığı, iş qabiliyyəti və s.), kriminalyönlü xüsusiyyətləri (iradi özünənəzarət, emosional-psixi stabilliyi, aqressiv tendensiyanın təzahürü, konfliktliliyin növü, impulsivlik, digər şəxslərlə ünsiyyət zamanı yaranan problemin səbəbləri və adekvatlılıq dərəcəsi) əks olunur;

4.3.12. cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlara psixoloji yardım tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında aparılan məcburi müalicə çərçivəsində cəza müddətində cəzanı icra edən müəssisənin tibb xidməti tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.

4.4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkən şəxslərə psixoloji yardım aşağıdakı qaydada göstərilir:

4.4.1. müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslər (bundan sonra – məhkumlar) dövlət büdcəsinin vəsaiti hesabına cəza çəkdikləri penitensiar müəssisələrdə cəza çəkdikləri müddətdə psixoloji yardımla təmin olunurlar;

4.4.2. penitensiar müəssisələrdə psixoloji yardım işi xüsusi ayrılmış otaqlarda həyata keçirilir, otaqlar kompüter, psixoloji test bankı, xüsusi psixoloji ədəbiyyat, sənədləşdirmənin aparılması üçün dəftərxana ləvazimatları, dəmir dolab və ya seyflərlə təchiz olunur və psixoloqların xidməti otağı möhürlənir;

4.4.3. məhkumlara psixoloji yardım penitensiar müəssisə üzrə iş planında əks olunan və məhkumların törətdikləri cinayət əməllərinin xarakteri, məhkum olunmuş şəxslərdən risk qrupuna aid olanlar – intihara, özünə və digər şəxslərə xəsarət yetirməyə və ya qaçmağa meyilli, potensial konfliktli şəxslər, habelə yetkinlik yaşına çatmayanlar, müəssisənin əməliyyat şəraiti, mövcud nizam-intizamın vəziyyəti, habelə əvvəlki dövr ərzində nizam-intizam vəziyyəti və dəstələrin fəaliyyətinin təhlili nəzərə alınmaqla hazırlanmış psixoloji yardım işinə dair tədbirlər planına əsasən göstərilir;

4.4.4. məhkumlara psixoloji yardım onların cəmiyyətdə normal həyat fəaliyyəti üçün zəruri olan itirilmiş sosial münasibətlərinin və şəxsiyyətə məxsus keyfiyyətlərinin, məhkum şəxsiyyətinin inkişaf dinamikasının, məhkum birliklərinin sosial-psixoloji təzahürlərinin, sosial təcridolunma şəraitində kiçik məhkum qruplarının davranışlarında stereotip və sərvət meyilləri xüsusiyyətlərinin öyrənilməsi və korreksiyası (bərpası) məqsədilə cəzaçəkmə müəssisəsinin növü, cəzanın müddəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla fərdi və qrup (kütləvi) şəkildə göstərilir;

4.4.5. məhkumlarla aparılan psixoloji yardım işi psixoloji profilaktika və maarifləndirmə, psixoloji konsultasiya, psixoloji dəstək, psixoloji treninq (psixoloji təlim) növlərində həyata keçirilir;

4.4.6. azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza çəkən şəxslərə psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində göstərilir.

4.5. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə psixoloji yardım aşağıdakı qaydada göstərilir:

4.5.1. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə psixoloji yardım fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən sosial adaptasiya mərkəzlərində göstərilir;

4.5.2. sosial adaptasiya mərkəzlərində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına, onların dövlət sosial adaptasiya mərkəzində yerləşdiyi müddətdə mərkəzin tərtib etdiyi fərdi sosial adaptasiya planına uyğun olaraq həmin şəxslərin və onların ailələrinin aldıqları psixoloji travmanın aradan qaldırılması məqsədilə göstərilir;

4.5.3. sosial adaptasiya mərkəzi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin psixoloji adaptasiyasını təmin etmək üçün aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4.6. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına onların yerləşdirildikləri dövlət yardım mərkəzlərində fərdi yardım planı əsasında psixoloji reabilitasiya və psixoloji korreksiya kurslarının təşkili yolu ilə göstərilir.

4.7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçular xidmət keçdiyi orqanın hərbi tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşmış dövlət tibb müəssisəsində dövlət büdcəsinin vəsaiti hesabına psixoloji yardımla təmin olunurlar.

4.8. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmətə götürülmüş şəxslərə (ailələrə) psixoloji yardım onların yerləşdirildikləri dövlət sosial xidmət müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına göstərilir və sosial-psixoloji xidmətlər çərçivəsində onların cəmiyyətə adaptasiyası məqsədilə psixoloji yardımı və palliativ xidmətlər çərçivəsində müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin digər problemləri ilə yanaşı psixoloji problemlərinin müəyyən edilməsini, qiymətləndirilməsini və bu şəxslərə yardımın göstərilməsini nəzərdə tutur.

4.9. Fövqəladə hadisə zamanı zərər çəkmiş şəxslər, onların ailə üzvləri, habelə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər ərazi dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına psixoloji yardımla təmin olunurlar.

4.10. Kollektiv müqavilədə nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərə psixoloji yardım işəgötürənin vəsaiti hesabına təşkil olunur.

4.11. Əlilliyi olan şəxslərə psixoloji yardım “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası zamanı dövlət büdcəsinin vəsaiti hesabına reabilitasiyada olduqları dövlət sosial xidmət müəssisələrində təşkil olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud uşaqların sosial bacarıqlarının inkişafına və psixoloji-pedaqoji reabilitasiyasına, habelə psixoloji korreksiyasına kömək göstərir.

4.12. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alverinin qurbanı olmuş şəxslərə psixoloji yardımın xüsusiyyətləri:

4.12.1. bu şəxslərə psixoloji yardım Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış proqramlar çərçivəsində göstərilir;

4.12.2. bu şəxslərə psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına xüsusi müəssisələrdə (insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, onların yerləşdirildikləri yardım mərkəzləri), habelə həmin müəssisələrin göndərişi əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən fərdi sosial reabilitasiya planı əsasında həmin şəxslərin və onların ailə üzvlərinin birlikdə aldıqları psixoloji travmanın aradan qaldırılması məqsədilə göstərilir;

4.12.3. insan alveri qurbanlarının öz vəziyyətini bərpa etməsi, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etməsi üçün onlara verilmiş bərpa və fikirləşmə müddətində onların psixoloji vəziyyətinin bərpası məqsədilə bu Qaydanın 4.12.2-ci yarımbəndində nəzərdə tutulan xüsusi müəssisələrin xidmətlərindən istifadə etmək hüququ vardır;

4.12.4. bu şəxslərin cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə onların psixoloji reabilitasiyası və psixoloji korreksiyası üçün müvafiq tədbirlər görülür.

4.13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə psixoloji yardım aşağıdakı qaydada göstərilir:

4.13.1. həmin şəxslərə psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına müvəqqəti yerləşdirmə mərkəzlərində (bundan sonra – Mərkəz) göstərilir və onlarda yaranmış və ya müşahidə edilən mənəvi-psixoloji sarsıntı, şok, depressiya, stress, böhranlı vəziyyət və bu kimi digər psixoloji gərginlik hallarının aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirlərdən ibarətdir;

4.13.2. bu şəxslərə psixoloji yardım onların müraciətləri və ya razılıqları əsasında Mərkəzin psixoloqları tərəfindən onların Mərkəzdə saxlanıldığı müddətdə göstərilir. Peşəkar psixoloji yardıma ehtiyac yarandıqda, Mərkəzin rəhbərliyinin icazəsi ilə psixoloji yardım bu sahədə ixtisaslaşdırılmış təşkilatların nümayəndələri tərəfindən göstərilir;

4.13.3. psixoloji yardım Mərkəzin ərazisində, bunun üçün ayrılmış xüsusi otaqlarda və fərdi qaydada göstərilir. Mərkəzin rəhbərliyi belə yardımdan səmərəli istifadə üçün zəruri şərait yaratmalıdır;

4.13.4. psixoloji yardım göstərilən zaman anonimliyin hər iki tərəfdən qorunmasının vacibliyi barədə Mərkəzdə saxlanılan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə bildirilir;

4.13.5. Mərkəzdə saxlanılan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs özünü qeyri-adekvat apardıqda və ya psixoloji gərginlik yaratdıqda, Mərkəzin rəhbərliyinin göstərişinə əsasən psixoloq həmin şəxslə fərdi qaydada söhbət aparır;

4.13.6. risk qrupuna aid olan şəxslər (intihara, özünəxəsarətə və ya qaçmağa meyilli, potensial konfliktli şəxslər, habelə yetkinlik yaşına çatmayanlar) psixoloq tərəfindən nəzarətə götürülür və onlarla mütəmadi olaraq söhbətlər aparılır. Psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı psixoloji seanslara Mərkəzdə saxlanılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin yaxınları dəvət oluna bilərlər;

4.13.7. psixoloji yardım göstərilərkən, psixodiaqnostik metodlardan istifadə edilir. Mərkəzdə saxlanılan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin həyata maraqları, sosial vəziyyəti öyrənilir. Bu şəxslərlə aparılan psixoloji iş, o cümlədən onlara göstərilmiş yardım işi, keçirilən metodlar və nəticələri, şəxsin psixoloji xarakteristikası psixoloji yardım dəftərində qeyd edilir;

4.13.8. psixoloq tərəfindən Mərkəzdə saxlanılan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ilkin psixoloji xarakteristikası tərtib edilir və işinə əlavə olunur. Mərkəzdə saxlanılan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ilkin psixoloji xarakteristikasında onun temperament tipi, aparılan ilkin müşahidənin nəticələri, fərdi söhbət zamanı davranışı, şəxsiyyətə xas xüsusiyyətləri (xarakterin aksentuasiyası, özünüqiymətləndirmə, kommunikativ xüsusiyyətləri, kollektivdə qarşılıqlı münasibəti, sosial adaptasiya səviyyəsi, intellektual səviyyəsi, təfəkkür xüsusiyyətləri, təşkilatçılığı, iş qabiliyyəti və s.), kriminalyönlü xüsusiyyətləri (iradi özünənəzarət, emosional-psixi stabilliyi, aqressiv tendensiyanın təzahürü, konfliktliliyinin növü, impulsivliyi, digər şəxslərlə ünsiyyət zamanı yaranan problemin səbəbləri və adekvatlılıq dərəcəsi) əks olunur.

4.14. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər dövlət büdcəsinin vəsaiti hesabına müalicə aldıqları dövlət tibb müəssisələrində psixoloji yardımla təmin olunurlar.

4.15. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunurlar.

1. 2 noyabr 2021-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1259)

2. 15 mart 2022-ci il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 269)

3. 17 mart 2023-cü il tarixli 85 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 mart 2023-cü il, “Xalq” qəzeti, 19 mart 2023-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 435)

4. 13 mart 2024-cü il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 330)

5. 1 avqust 2025-ci il tarixli 230 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 avqust 2025-ci il, “Xalq” qəzeti, 5 avqust 2025-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 802)

6. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)

7. 8 sentyabr 2026-cı il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 10 sentyabr 2026-cı il, № 164)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver